AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TAİLAND KRALLIĞININ BAŞ PROKURORU KAMPRİ KAOÇARERNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Prezident sarayında Tailand Krallığının Baş prokuroru Kampri Kaoçarerni qəbul etmişdir.
Dövlətimizin başçısı Baş prokurorun ölkəmizə gəlməsinin Tailand Krallığı rəsmilərinin Azərbaycana ilk səfərlərindən biri olduğunu vurğuladı və ümidvar olduğunu bildirdi ki, bu səfər ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.
Azərbaycanla Tailand arasında əlaqələrin hazırda yüksək səviyyədə olmamasından təəssüfləndiyini bildirən Prezident İlham Əliyev dedi ki, ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının inkişafı üçün yaxşı imkanlar, xüsusilə iqtisadi sahədə ümumi maraqlarımız vardır və buna əsaslanaraq əlaqələrimizi inkişaf etdirə bilərik.
Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Tailand Krallığı Baş prokurorunun Azərbaycana səfəri səmərəli və uğurlu keçəcəkdir.
Prezident İlham Əliyev ilə görüşdən böyük şərəf duyduğunu bildirən cənab Kampri Kaoçarern ölkələrimizin əlaqələrinin genişlənməsi üçün yaxşı imkanlar olduğunu söylədi. O, Azərbaycanın və Tailandın prokurorluqları arasında həm beynəlxalq forumlar çərçivəsində, həm də ikitərəfli qaydada yaxşı əməkdaşlıq yarandığını bildirdi. Qonaq iki ölkə arasında qarşılıqlı hüquqi yardım sahəsində sənədin imzalanmasından məmnunluğunu vurğuladı.