AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TEHRANDAN TƏBRİZƏ YOLA DÜŞDÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfərinin Tehran proqramı başa çatdı.
İran İslam Respublikası Prezidentinin sarayı qarşısında dövlətimizin başçısını rəsmi yolasalma mərasimi keçirildi.
Sarayın qarşısındakı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid Məhəmməd Xatəmi səmimiyyətlə sağollaşdılar. Prezident Xatəmi dövlətimizin başçısına müraciətlə dedi ki, inanıram, Sizin İrana bu ilk rəsmi səfəriniz ölkələrimiz, xalqlarımız üçün uğurlu olacaqdır. Səmimi sözlərə görə təşəkkür edən Prezident İlham Əliyev rəsmi səfərə dəvətə üçün bir daha dərin minnətdarlığını bildirdi.
Azərbaycan Prezidentinə Tehrana rəsmi səfərini, keçirdiyi görüşləri əks etdirən fotoalbom təqdim olundu.
Prezident İlham Əliyev maşın karvanının müşayiəti ilə İran paytaxtının Mehrabad hava limanına gəldi.
Hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev buradan təyyarə ilə Təbriz şəhərinə yola düşdü.