AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRİ VƏCDİ KÖNÜLÜ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Prezident sarayında ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının müdafiə naziri Vəcdi Könülü qəbul etmişdir.
Türkiyə nazirinin ölkəmizə gəlməsindən məmnunluğunu vurğulayan Prezident İlham Əliyev qonağın səfər proqramı, keçirəcəyi mühüm görüşlər barədə məlumatı olduğunu bildirərək dedi ki, ölkələrimiz çox sıx əməkdaşlıq edir. Baş nazir cənab Ərdoğanın bu yaxınlarda Azərbaycana səfəri bir daha göstərdi ki, bizim əlaqələrimiz ən yüksək səviyyədədir. Siyasi, iqtisadi, mədəni sahələrdə olduğu kimi, hərbi sahədə də çox sıx əməkdaşlıq vardır. Türkiyə həmişə Azərbaycana böyük kömək, yardımlar etmişdir.
Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizdə ordunun əslində olmadığını və buna görə də hərbi quruculuq işlərinin çətin getdiyini xatırladan dövlətimizin başçısı vurğuladı ki, indi bizim çox güclü və nizami ordumuz vardır, onun maddi-texniki bazası möhkəmlənir, hərbi sahəyə ayrılan xərclər ildən-ilə artır. Ən başlıcası isə, hərbi hazırlıq çox yüksək səviyyədədir. Bu işdə Türkiyə mütəxəssislərinin, hərbçilərinin əməyi çox böyükdür. Ölkəmizə göstərilən köməyə görə minnətdarlıq edən Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, bu sahədə əməkdaşlıq davam edəcək, Azərbaycan və Türkiyə həmişə bir-birinin yanında olacaqdır.
Qəbula görə minnətdarlıq edən cənab Vəcdi Könül ümummilli liderimiz Heydər Əliyevin dəfn mərasiminə gələrkən dövlətimizin başçısı ilə görüşünü xatırladaraq dedi ki, yenidən Azərbaycana səfər etməyi səbirsizliklə gözləyirdim. Türkiyə və Azərbaycan mərhum Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipini əsas tutaraq, öz münasibətlərini yüksələn xətlə davam etdirirlər. Bu mənada hərbi sahə də istisna deyil, bizim ordumuz sizin ordunuz, sizin ordunuz da bizim ordumuzdur. Ona görə də biz Azərbaycanla hərbi sahədə daha sıx əməkdaşlıq etməyə çalışırıq. İndiyədək görülən işləri yüksək qiymətləndirdiyinizə görə Sizə təşəkkür edirəm. Türkiyə Azərbaycana hər baxımdan böyük əhəmiyyət verir, Avropa strukturlarına inteqrasiya sahəsində də Azərbaycana hər cür kömək göstərir. Xüsusilə NATO ilə əlaqələrdə çox sıx əməkdaşlıq edirik.
Cənab Vəcdi Könül Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Prezident İlham Əliyevin Şimali Kiprlə bağlı verdiyi bəyanata görə minnətdarlığını bildirərək dedi: Cənab Prezident, Siz bu məsələdə Türkiyənin mövqeyini müdafiə edərək ölkəmizə böyük dəstək verdiniz. Bu dəstək təkcə sözdə olmadı və əməli şəkildə də özünü göstərdi. Mən buraya gəlməzdən əvvəl Türkiyənin Prezidenti və Baş naziri ilə görüşmüşdüm. Hər ikisi Sizə və qardaş Azərbaycan xalqına səmimi salamlarını və ən xoş arzularını yetirməyi xahiş etdi.
Dövlətimizin başçısı onun da salamlarını, hörmət və ehtiramını Prezident Əhməd Necdət Sezərə və Baş nazir Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edərək dedi ki, bizim aramızda səmimi dostluq, qardaşlıq münasibətləri var. Son iki ayda onlar Bakıya gəlmişdilər. Biz hər iki fürsətdən çox səmərəli istifadə etdik, ikitərəfli, regional məsələləri, Avratlantik strukturlarına inteqrasiya məsələlərini müzakirə etdik. Bütün məsələlərdə qarşılıqlı anlaşma var, mövqeyimiz birdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı bizim üçün əsas prinsipdir. Ölkələrimiz arasında bütün sahələrdə səmimi dostluq, qardaşlıq münasibətləri var və bu, günbəgün möhkəmlənir. Biz Şimali Kiprin təcrid vəziyyətindən çıxması üçün də önəmli addımlar atacağıq. Azərbaycan bu işdə ön sırada olmalıdır.