AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ KYUNQ HE UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADI VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Kyunq He Universitetinə gəldi.Dövlətimizin başçısını universitetin qarşısında bu ali məktəbin prezidenti İnvon Çou böyük hörmət və ehtiramla qarşıladı.
Əvvəlcə universitetin prezidenti, rektoru, professor və müəllim heyəti ilə görüş oldu. Məlumat verildi ki, 1949-cu ildə yaradılan özəl universitetin 3 tələbə şəhərciyi, 20 kolleci, ərazilərin idarə olunması, insan cəmiyyəti, kommunikasiya fakültələri var. 36 tədqiqat institutunda 2300 nəfər çalışır. Dünyada məşhur olan universitetdə 23 min tələbə təhsil alır. 29 min eksponatdan ibarət iki muzeyi vardır ki, bu da Asiyada ən böyük kolleksiya sayılır.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevə siyasi elmlər üzrə fəxri doktor adı verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Azərbaycan və Cənubi Koreyanın dövlət himnləri, habelə universitetin himni səsləndirildi.
Azərbaycan Prezidenti İlham Əliyevə fəxri doktor mantiyası, orden və medalı təqdim olundu.Dövlətimizin başçısının tərcümeyi-halı oxundu və ona gül dəstəsi təqdim olundu.
Universitetin prezidenti İnvon Çou çıxış edərək bildirdi ki, bu ad Prezident İlham Əliyevə sülhün və təhlükəsizliyin qorunmasında, ölkəsinin inkişafında xidmətinə və dövlətçilik idarəetmə bacarığına görə verilir. Prezident İlham Əliyev fəaliyyəti dövründə böyük nüfuz qazanmış, məhz onun siyasəti nəticəsində Azərbaycan enerji sahəsində böyük uğurlar əldə etmiş və nəticədə bugünkü iqtisadi inkişaf başlanmışdır. Onun fəaliyyəti ilə bu universitet arasında da bir uyğunluq var: bu ali təhsil ocağı da yarandığı vaxtdan xalqın rifahı naminə fəaliyyət göstərir.
Prezident İlham Əliyev mərasimdə nitq söyləyərək dedi ki, Azərbaycan ilə Cənubi Koreya arasında əməkdaşlığa bundan sonra da töhfə verəcəkdir. “Təhsil gələcəkdir!” - deyən dövlətimizin başçısı bildirdi ki, indi Azərbaycanda təhsilə böyük diqqət var. Cənubi Koreya da öz inkişafına elm sayəsində nail olubdur. Azərbaycan da bu məqsədi qarşısına qoymuşdur. Azərbaycanlı tələbələrin xaricdə təhsil alması üçün Dövlət proqramının qəbul olunduğunu bildirən Prezident İlham Əliyev dedi ki, gənclərimizin Cənubi Koreyada da təhsil alması üçün müzakirələr aparılır. Azərbaycanda təhsilə böyük vəsait ayrılır, bu isə xalqın gələcəyinə qoyulan sərmayədir.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan iqtisadi artıma görə dünyada liderdir, ölkəmizdə demokratik proseslər sürətlə gedir. Azərbaycanın zəngin neft-qaz ehtiyatları ölkəmizin dostları və tərəfdaşlarının enerji təhlükəsizliyini uzun illər təmin edəcəkdir. Regional məsələlərə toxunan Prezident İlham Əliyev dedi ki, ən böyük problem Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və onun acı nəticələridir. Torpaqlarımızda etnik təmizləmə siyasəti aparılıbdır. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq birlik tərəfindən tanınır. Ölkəmiz öz torpaqlarını işğaldan azad edəcəkdir, Dağlıq Qarabağa beynəlxalq hüquq normalarına söykənən muxtariyyət statusu verilə bilər. Biz münaqişənin ədalətli həlli üçün güclü olmalıyıq və iqtisadiyyatımız, hərbi qüdrətimiz artır.
Sonra Dünya Taekvondo Federasiyasının prezidenti, universitetin Elmi şurasının üzvü Çanq Von Çu çıxış edərək, Azərbaycanda idmanın, o cümlədən taekvondunun inkişafına göstərilən diqqət və qayğının maraqla qarşılandığını, Prezident İlham Əliyevin bu universitetin fəxri doktoru adını daşımasından şərəf duyduqlarını söylədi.
Mərasim universitet tələbələrinin musiqi proqramı ilə başa çatdı.