AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
- Hörmətli xanım Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
İlk növbədə, sizin hamınızı bir daha Azərbaycanda salamlamaq istəyirəm. Keçirdiyimiz görüşlər, apardığımız müzakirələrlə bağlı dərin məmnunluq hissimi vurğulamaq istərdim. Biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini nəzərdən keçirdik. Biz siyasi dialoqun səviyyəsindən çox razıyıq, eyni zamanda, mən ümid edirəm ki, bizim münasibətlərimiz böyük sürətlə inkişaf edəcəkdir. Bunun üçün çox böyük imkanlar var. Zənnimcə, iqisadi əlaqələr genişləndirilməlidir. Çünki ölkələrimizin iqtisadi potensialı artmaqdadır. Ona görə də mən ümid edirəm ki, sabah keçiriləcək biznes forumun praktiki baxımdan çox böyük əhəmiyyəti vardır. Şübhəsiz ki, biz öz göstərişlərimizi, əsas istiqamətlər üzrə təlimatlarımızı verə bilərik. Lakin bunun həyata keçirilməsi üçün, ümumi əməkdaşlıq üçün əsasların tapılması məhz iş adamları tərəfindən müəyyən olunmalıdır.
Biz burada, regionda mövcud olan münaqişələrin həlli yollarını da müzakirə etdik. Hesab edirəm ki, səmimi müzakirələr və açıq söhbətlər bu problemin daha yaxşı formada başa düşülməsini mümkün edəcəkdir. Cənubi Qafqaz regionunda ümumi problemlər var və Qafqazdakı münaqişələr bizim inkişaf yolumuzda duran əsas maneələrdən biridir.
Hazırda Azərbaycanda sosial-iqtisadi islahatlar aparılmaqdadır və Avropa strukturlarına daha sıx inteqrasiya olunmaq siyasətimizi davam etdiririk. Biz Avropa İttifaqının “Yeni qonşuluq siyasəti”nə daxil edilmişik. Bu da Avropa İttifaqı ilə daha sıx əməkdaşlığa zəmin yaradır. Avropa İttifaqı ilə münasibətlərin inkişafı bizim xarici siyasətimizin əsas prioritetlərindən biridir. Finlandiyanın bizim Avropaya inteqrasiyamıza verdiyi dəstək çox əlamətdardır. Biz bu dəstəyi indiyə qədər hiss etmişik.
Ümumiyyətlə, mən əminəm ki, xanım Prezidentin səfəri ikitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətlidir. Ümidvaram ki, bu səfərdən sonra biz bir çox işləri birgə görəcəyik, əlaqələri daha sıx quracağıq və ölkələrimiz, xalqlarımız naminə işləyəcəyik. Mən bir daha Sizə və nümayəndə heyətinə minnətdarlığımı bildirir, uğurlar arzulayıram.