AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
- Hörmətli xanımlar və cənablar!
Bu gün “Azərbaycan” portalının nümayişi bizim hamımızı çox sevindirir. Çox gözəl portaldır və burada Azərbaycan haqqında çox dəqiq və müfəssəl məlumat öz əksini tapıbdır. Azərbaycan haqqında məlumatlar internetdə, müxtəlif saytlarda mövcuddur, amma ilk dəfədir ki, bütün məlumat bir portalda cəmləşibdir.
Bu gün bu barədə kifayət qədər məlumat verildi, film də nümayiş etdirildi. Əminəm ki, dünyanın istənilən yerində Azərbaycanla maraqlanan insanlar portaldan səmərəli istifadə edəcəklər. Bizim reallıqlarımız, Azərbaycanda gedən proseslər, Azərbaycan həqiqətləri mütləq dünya birliyinə qərəzsiz, olduğu kimi çatdırılmalıdır. Hamımız yaxşı bilirik ki, Azərbaycana qarşı dünyada çox güclü erməni lobbisi fəaliyyət göstərir. Demək olar ki, Azərbaycana qarşı informasiya müharibəsi aparılır və əlbəttə ki, biz buna adekvat, çox layiqli cavabımızı verməliyik. “Azərbaycan” portalının yaranması bu işdə bizə çox gözəl kömək edəcəkdir. Biz Azərbaycan haqqında məlumatları dünya birliyinə çatdıracağıq, eyni zamanda, öz təbliğat işimizi daha da səmərəli qurmalıyıq.
Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş bu layihə çox önəmlidir və əminəm ki, gələcəkdə bu portal daim yeniləşərək, diqqət mərkəzində qalacaqdır.
Fondun fəaliyyəti çoxşaxəlidir. Keçən ilin mayın 10-da Heydər Əliyev Fondunun açılış mərasimi keçirilmiş, Fond fəaliyyətə başlamışdır. Qısa müddət ərzində Fond ictimai həyatımızın müxtəlif sahələrində çox mühüm işlər görür. Fondun xeyriyyəçilik fəaliyyəti çox genişdir. Ağır şəraitdə yaşayan insanlara kömək göstərilir, kimsəsiz uşaqlara daim diqqət göstərilir, Heydər Əliyevin tarixi irsinin öyrədilməsinə böyük diqqət yetirilir. Qısa müddətdə müxtəlif istiqamətlərdə görülən işlər çox təqdirəlayiqdir. Fond bu müddət ərzində bizim ictimai həyatımızın çox vacib amilinə çevrilib və əminəm ki, bundan sonra da çox səmərəli işləyəcək və öz funksiyasını ləyaqətlə davam etdirəcəkdir.
Bu gün mən sizi bir daha salamlamaq istəyirəm. Sizin hər birinizə uğurlar diləyir və arzu edirəm ki, hamımız çalışaq, hərə öz yerimizdə öz əməyimiz, işimiz və fəaliyyətimizlə doğma Vətənimizi, dövlətimizi möhkəmləndirək, Azərbaycanı müasirləşdirək, zəngin, qüdrətli dövlətə çevirək. Bu işdə sizin hamınıza uğurlar diləyirəm.
Sağ olun!
X X X
Təqdimat mərasimi incəsənət ustalarının konsert proqramı ilə başa çatdı.