Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

- Mən artıq bir neçə gündür ki, şimal bölgəsindəyəm və görüşlər keçirirəm, vəziyyətlə tanış oluram. Bu gün Qusardayam, əvvəlki günlərdə Quba və Xaçmazda olmuşam. Mən bir il əvvəl də bu zonaya gəlmişdim və indi müqayisə etsəm deyə bilərəm ki, bir il ərzində irəliləyiş var. İnkişaf gedir, abadlıq, quruculuq işləri aparılır, əhval-ruhiyyə çox yüksək səviyyədədir. Bütövlükdə, ölkəmizdə gedən müsbət meyillər burada da özünü göstərir. 

Bu yaxınlarda Nazirlər Kabinetinin geniş iclasında ilin altı ayının yekunlarını müzakirə etdik, çox ətraflı fikir mübadiləsi aparıldı və gələcək aylar üçün proqramlar tərtib olundu. Bütövlükdə, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, iqtisadi artım təxminən 17 faizdir, sənaye istehsalı 20 faiz artıbdır. Bunlar dünyada analoqu olmayan göstəricilər, rəqəmlərdir. Eyni zamanda, əmək haqqının artması, yeni iş yerlərinin açılması deməyə əsas verir ki, ölkə düzgün istiqamətdə inkişaf edir.

Biz gərək bu müşavirədə şimal bölgəsində mövcud olan problemləri müzakirə edək. Ona görə rayon icra hakimiyyətlərinin başçılarını, Bakıdan nazirləri və idarə rəhbərlərini buraya dəvət etdik.

Regionların sosial-iqtisadi inkişafı proqramı həyata keçirilir. Eyni zamanda, bütövlükdə Azərbaycanda sosial-iqtisadi inkişaf proqramı cədvəl üzrə icra olunur. Bu proqramlar çox önəmli istiqamətlər müəyyən edir. Ancaq bu proqramlar gərək yerlərdə icra olunsun. Bəlkə də elə məsələlər var ki, proqramda öz əksini tapmayıbdır. Çünki hər bir məsələni proqramda əks etdirmək çox çətindir. Şimal bölgəsinin böyük potensialı var. İlk növbədə, kənd təsərrüfatı, turizm sahəsində. İki gün bundan əvvəl Xaçmazda keçirilən kredit yarmarkasında nümayiş etdirilən məhsullar ona dəlalət edir ki, kənd təsərrüfatı və turizm sahəsində son bir il ərzində çox mühüm irəliləyiş vardır. Əgər bir il bundan əvvəl Qubada keçirilən kredit yarmarkasında turizm sahəsini əks etdirən sahibkarların sayı az idisə, bu gün onların sayı çoxdur.

Bölgə turizmin inkişafı üçün çox əlverişlidir, çox gözəl iqlimi var, gözəl təbiəti var. Eyni zamanda, kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var. Hər iki istiqamətdə işlər görülür. “Aqrolizinq” səhmdar cəmiyyəti tərəfindən texnika alınır, turizmin inkişafı üçün işlər görülür. Bu gün biz Qusarda Olimpiya və turizm kompleksinin təməl daşını qoyduq. Bu, çox müasir bir kompleks olacaqdır. Eyni zamanda, idmanın dağ xizəkçiliyi növü ilə məşğul olmaq üçün kompleksin yaradılması nəzərdə tutulur. Bu sahələri inkişaf etdirmək üçün şübhəsiz ki, infrastruktur lazımdır - yollar çəkilməlidir, elektrik enerjisi təminatı, qaz təminatı yaxşı olmalıdır. Dediyim kimi, bu müşavirəyə bölgənin rayon icra hakimiyyətlərinin başçıları ilə yanaşı, nəqliyyat, gənclər, idman və turizm, kənd təsərrüfatı nazirləri, “Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətlərinin rəhbərləri də dəvət olunmuşlar. Ona görə, gəlin müşavirəni başlayaq.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı ZÖHRAB PİRİMOV respublikamızın rəhbərinə müraciətlə dedi:

- Möhtərəm Prezident! Azərbaycanın gözəl guşələrindən biri olan Qusar torpağında Sizi ürəkdən salamlayıram. Rayonumuza gəlişinizi qusarlılara olan qayğınızın təzahürü kimi yüksək dəyərləndirir və bu diqqətinizə görə bütün rayon sakinləri adından minnətdarlığımı bildirirəm.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə onun göstərdiyi qayğı nəticəsində ölkəmizin bütün bölgələrində daim inkişaf olmuş, müəssisələr tikilmiş, yeni iş yerləri açılmışdır. O cümlədən Qusar rayonunda da çoxlu sosial obyektlər, sənaye müəssisələri tikilmişdir.

Siz Prezident seçildikdən sonra qusarlılara göstərdiyiniz daimi qayğı göz qabağındadır. Biz bu gün respublikada gedən inkişafın şahidiyik. Rayonumuzda da bütün sahələrdə inkişaf var. Mövcud problemlərin həllini diqqət mərkəzində saxlayırıq. Su problemi ilə bağlı bəzi məsələləri qismən həll etmişik. Qarabulaq su hövzəsindən gələn 1 kilometrə yaxın xətti dəyişmişik. Rayonun qazla təminatını yaxşılaşdırmaq məqsədi ilə çəkilməsi nəzərdə tutulan 5,5 kilometrlik dairəvi qaz kəmərinin 2,5 kilometri istifadəyə verilmiş və bununla da 600 abonentin qaz təchizatı yaxşılaşdırılmışdır.

İcra hakimiyyətinin başçısı bildirdi ki, rayonda dövlət vəsaiti ilə 6, daxili imkanlar hesabına 8 məktəb təmir olunmuşdur. Samur qəsəbəsində, Qusar şəhərinin mərkəzi parkında veteranlar evləri istifadəyə verilmişdir. İnfrastrukturla bağlı müəyyən problemlərimiz də var. Yollar çoxdan təmir olunmadığına görə pis vəziyyətdədir. Bir ilin ərzində təxminən 18 kilometrlik rayondaxili yol öz imkanlarımız hesabına qismən təmir edilmişdir. Maşın və mexanizmlərin çox köhnə olması əsasən dağ kəndlərinə gedən yolları təmir etməyə imkan vermir.

Elektrik enerjisi təchizatından danışan natiq dedi ki, demək olar, rayonun bütün yaşayış məntəqələrində 24 saat işığın verilməsi təmin olunmuşdur. Lakin müəyyən problemlər qalmaqdadır. Yeni yaşayış massivlərinin enerji təchizatını yaxşılaşdırmaq üçün 110 kilovatlıq yardımçı stansiya ilə Qusarın şimal hissəsində yeni tikiləcək yardımçı stansiya arasında əlaqə yaradılmalıdır.

Heydər Əliyev Fondunun hesabına rayonda 3 məktəbin tikilməsinin qusarlıların sevincinə səbəb olduğunu bildirən icra hakimiyyətinin başçısı müəllim kollektivləri, rayon ictimaiyyəti adından minnətdarlıq etdi. O, daxili imkanlar hesabına, yəni sahibkarların köməyi ilə məktəblərin əsaslı təmiri və tikintisi üçün görülən işlərdən danışaraq dedi ki, Çiləbir qəsəbəsində və Nəcəfkəndxuda kəndində ibtidai məktəblərin tikintisi başa çatmaqdadır.

Möhtərəm Prezident, Sizi əmin edə bilərik ki, bütün imkanlardan istifadə edərək qarşımızda qoyduğunuz vəzifələri yerinə yetirəcəyik. Yaxınlaşan parlament seçkilərinin də şəffaf və ədalətli keçirilməsi üçün əlimizdən gələni edəcəyik.

İLHAM ƏLİYEV: Rayondaxili yolların təmirinə təxminən nə qədər vəsait lazımdır, hesablamısınız?

ZÖHRAB PİRİYEV: Cənab Prezident, tam hesablamamışıq, amma hər il 1,5-2 milyard manat vəsait ayrılarsa, yaxın 5 il ərzində problemi həll etmək olar.

İLHAM ƏLİYEV: 5 il gecdir. Tez eləməliyik. Ona görə, siz dəqiq hesablayın. Çünki şəhərlərarası yollarla Nəqliyyat Nazirliyi məşğuldur. Elədir?

ZİYA MƏMMƏDOV (nəqliyyat naziri): Daxili yollar rayonların, şəhərlərin balansındadır. Amma birləşdirici yollar bizim balansımızdadır.

İLHAM ƏLİYEV: Hesablayın və mənə məlumat verin. Biz bunu etməliyik. Azərbaycanın bütün rayonlarında yollar abadlaşmalıdır. Bu həm insanlara rahatlıq verir, həm də inkişafdır. Yol olmasa, inkişaf olmayacaqdır. Sahibkarlarla Xaçmazda görüşümdə dedim, Qubada çəkilən təzə yolun kənarında turist kompleksləri tikilir. Əgər yol olmasa, heç kim gedib orada kompleks tikməz. Bu, başlıca şərtdir. Ona görə, siz, həmçinin başqa rayonların icra hakimiyyətlərinin başçıları da hesablayın ki, nə qədər vəsait lazımdır. Rayondaxili və kənd yollarını təmir edək, harada yol yoxdursa, yeni yol salaq. Əlbəttə, biz bunu imkan daxilində edəcəyik. Azərbaycanın bütün rayonlarında belə problemlər həll olunmalıdır. Vəsait artıqca bunu edəcəyik.

Dəvəçi Rayon İcra Hakimiyyətinin başçısı SÜNDÜZ BABAYEVA Azərbaycan Prezidentini dəvəçililər adından salamlayaraq dedi ki, rayonumuzun sakinləri xalqımızın böyük oğlu, bütün həyatını respublikamızın inkişafına həsr etmiş ulu öndərimiz cənab Heydər Əliyevin layiqli davamçısı olaraq, Sizi alqışlayır.

Dəvəçililər ulu öndərimiz Heydər Əliyevin ideyalarına həmişə sədaqətli olublar. 1970-ci illərə qədər Dəvəçi ölkədə ən geri qalmış kənd rayonu idi. Dahi şəxsiyyət cənab Heydər Əliyevin müstəqil Azərbaycanın bir hissəsi olan Dəvəçi rayonuna şəxsi qayğısını rayonumuzun əhalisi daim hiss etmişdir. Məhz 1970-ci illərdə Dəvəçidə sənayenin, kənd təsərrüfatının, mədəniyyətin, səhiyyənin, təhsilin inkişafının təməli qoyulmuşdur. Həmin illərdə rayonda gündəlik gücü 500 ton olan Taxıl Məhsulları Kombinatının tikintisinə başlanmış, illik istehsal gücü 3 milyon baş olan Dəvəçi Broyler quşçuluq fabriki istifadəyə verilmiş, xalq tətbiqi sənətinin ənənələrini yaşadan Pirəbədil xalça fabriki, digər istehsal sahələri yenidən qurulmuş, müasir texnologiya və avadanlıqlarla təchiz edilmişdir. Kənd təsərrüfatında möhkəm baza yaradılmış, yeni üzümlüklər salınmış, üzüm emalı zavodu tikilmişdir. Həmin illərdə çoxlu yaşayış evləri, müasir tipli məktəblər tikilmiş, kəndlər qazlaşdırılmış, yollar abadlaşdırılmışdır. Bütün bunlar ulu öndərimizin respublikada hakimiyyətə gəlməsinin bu yaxınlarda qeyd etdiyimiz 36-cı ildönümü münasibətilə keçirilən tədbirlərdə bir daha böyük rəğbətlə xatırlanmışdır.

Dəvəçililərin yaxşı yadındadır ki, cənab Heydər Əliyev iki dəfə rayonumuzda olmuş, həm tarixi abidələrlə, həm də kənd təsərrüfatının inkişafı ilə maraqlandı və ondan sonra 1980-ci illərdə Dəvəçidə kənd təsərrüfatı sürətlə inkişaf etdi. Tərəvəz istehsalı 10-12 min tondan 45 min tona gəlib çatdı. O illərdə yeni məktəblər, səhiyyə obyektləri tikildi, kəndlər qazlaşdırıldı. 1970-ci ilə qədər Dəvəçidə qaz xətti yox idi.

1980-ci illərin axırlarından başlayaraq ölkədə gedən tənəzzül rayonumuza da sirayət etmişdi. Son on ildə Dəvəçidə əhalinin rifah halı yaxşılaşdı, aqrar islahatlar həyata keçirildi. Kəndlilərə 20 min hektar pay torpağı verildi. İndi Dəvəçidə 30 min ton taxıl istehsal olunur və hər hektardan məhsuldarlıq 26 sentnerə çatdırılmışdır. Əvvəlki illərdə isə 11-12 sentnerdən yuxarı qalxmırdı.

İctimai mal-qaranın özəlləşdirilməsindən sonra heyvandarlıq sürətlə inkişaf edir. Hazırda rayonda 33 min baş davar, 19 min baş qaramal var. Keçən il 640 min ton tərəvəz, 550 ton üzüm istehsal olunmuşdur.

Son iki ildə Qələgah, Leyti kəndlərində daxili imkanlar hesabına məktəblər, Güləmli kəndində isə büdcə vəsaiti hesabına 240 yerlik gözəl məktəb binası tikilibdir. Hazırda Heydər Əliyev Fondunun vəsaiti ilə üç dağ kəndində - Pirəmsən, Qorğan, Zeyvə kəndlərindəki qəza vəziyyətindəki məktəblər əvəzinə, hər biri 100 yerlik müasir tipli məktəb binalarının tikintisi sürətlə gedir. Respublika büdcəsi hesabına Dəvəçi şəhərində 340 yerlik məktəb binası da tikilir. Daxili imkanlar hesabına Əmirxanlı, Hacıqaraqaşlı kəndlərində məktəblər inşa olunur. İndiyədək kiçik bir rayonda bu qədər məktəb tikintisi olmamışdır.

Dəvəçinin yeni yaşayış massivinə 6 kilometrdən çox yeni qaz xətti çəkilmişdir. Bu yaxın günlərdə Güləmli yaşayış massivinə 2 kilometrlik qaz xətti çəkilmişdir. Kəndlərdə, şəhərdə abadlıq işləri davam etdirilir, küçələrə asfalt döşənir. Daxili imkanlarımız hesabına Rəhimli kəndində tibb məntəqəsi tikilmiş, Günəşli və Padar kəndlərində ambulatoriyalar istifadəyə verilmişdir.

Kənd təsərrüfatı sahəsində iş yerlərinin açılmasına, özəl sektorun inkişafına xüsusi diqqət yetirilir. Yaşayış yerlərindən uzaqda yerləşən 700 hektarlıq yarımşoran torpaqlar pay sahələri kimi əhaliyə verilsə də, texnika olmadığından camaat torpağı becərə bilmirdi. Keçən il “Qafqaz” konserv zavodunun rəhbərliyinə müraciət etdik və həmin sahəni onlara icarəyə verdik. Oraya su arxları çəkildi, torpaq gübrələndi. İndi orada 220 sakinimiz işləyir.

Natiq xatırlatdı ki, 1981-ci ildə istifadəyə verilən Dəvəçi Broyler fabriki fəaliyyətini dayandırmışdı. 2002-ci ildən bərpa olunmuşdur və hazırda orada 460 nəfər işləyir, ildə 2 min ton quş əti istehsal edir. Bu ilin sonuna kimi istehsal gücü 4 min tona çatacaqdır. 2006-cı ildə tam gücü ilə işləyəndə isə ildə 10 min ton quş əti istehsal edəcək, 700-800 nəfər işləyəcəkdir. 2003-cü ilin oktyabrından bu günə kimi 2227 nəfər işlə təmin olunmuşdur. Pirəbədil xalça fabriki uzun illər işləmirdi. Bu ildən fəaliyyəti bərpa olunmuşdur və indi orada 45 nəfər çalışır.

Möhtərəm cənab Prezident, bütün bunlar Sizin regionlara qayğınızın, diqqətinizin nəticəsidir. Lakin problemlərimiz də var. Siz Dəvəçidə xəstəxananın açılışında iştirak etmisiniz, bu, sakinlərimizi sevindirdi. Lakin xəstəxana uyğunlaşdırılmış binadadır. Səhiyyə Nazirliyi ilə iş gedir, torpaq ayrılmışdır və 2006-cı ildən tibb mərkəzinin tikintisinə başlanacaqdır. Stadion təmir olunub gənclərin ixtiyarına verilibdir.

Cənab Prezident, Siz ulu öndərimizlə birlikdə 1980-ci illərdə Qalaaltı sanatoriyasında olmusunuz. 2003-cü ildə Dəvəçiyə gələndə oradakı vəziyyəti soruşmuşdunuz. İndi orada vəziyyət çox pisdir. Siz qeyd etdiyiniz kimi, bizim bölgə turizm zonasıdır. Qalaaltı da turizm üçün çox əlverişlidir, müalicəvi suyu da var. Vaxtilə ulu öndərimiz Moskvada işləyərkən xüsusi bir qərara nail olmuş, bu sanatoriyaya ümumittifaq əhəmiyyətli sanatoriya statusu verilmişdi. Xahişim odur ki, Kurortlar idarəsinin nəzdində olan sanatoriyanın yolları bərpa olunsun.

Kənd təsərrüfatı nazirinin burada iştirakından istifadə edərək, bildirirəm ki, əgər imkanları varsa, Dəvəçidə üzümçülüyü inkişaf etdirsinlər. 1980-ci illərdə bu sahədə böyük uğurlar olubdur. Üzüm emalı zavodu işləmir, onu işə salmaq mümkündür. Lakin bizim bölgəmizdə “Aqrolizinq”in bazasını yaratmaq nəzərdə tutulmayıbdır.

İLHAM ƏLİYEV: Necə yəni, bu bölgədə nəzərdə tutulmayıb, niyə?

İSMƏT ABASOV (kənd təsərrüfatı naziri): Cənab Prezident, bazaların yaradılmasını biz müəyyən etmirik.

İLHAM ƏLİYEV: Bəs kim müəyyən edir?

İSMƏT ABASOV: İqtisadi inkişaf və maliyyə nazirlikləri.

İLHAM ƏLİYEV: Mən bu məsələ ilə məşğul olmağı sizə tapşırmışam. Siz məşğul olun, hər bölgədə “Aqrolizinq”in bazası olmalıdır. Bunlar texnikanı haradan almalıdır? Burada ən yaxın baza haradadır?

İSMƏT ABASOV: Bakıdadır.

İLHAM ƏLİYEV: Belə olmaz.

İSMƏT ABASOV: İndiki mərhələdə “Aqrolizinq”in on iqtisadi rayonda bazası olmalıdır.

İLHAM ƏLİYEV: Olmalıdır. Biz “Aqrolizinq”i yaradanda bu məsələni sizə tapşırdım. Nə maliyyə nazirinə, - maliyyə nazirinin “Aqrolizinq”lə nə əlaqəsi var, - nə iqtisadi inkişaf nazirinə, - onların da heç bir əlaqəsi yoxdur,-tapşırdım. Bununla Kənd Təsərrüfatı Nazirliyi məşğul olmalıdır və o texnika bu nazirliyin vasitəsilə alınır. Deməli, bütün məsuliyyəti də siz daşıyırsınız. Ona görə bunu tənzimləyin. Əgər hansısa əlavə göstəriş, yaxud qərar qəbul etmək lazımdırsa, edək. Siz özünüz məşğul olun. Başqa aidiyyəti nazirliklər qoy sizə kömək etsinlər. Amma bu işi siz görün və mən sizdən soruşacağam. Bütün iqtisadi rayonlarda bölgələrdə bazalar yaratmaq lazımdır.

İSMƏT ABASOV: Cənab Prezident, aydındır. Sadəcə, yerlərin ayrılması məsələsində problemlərlə üzləşirik.

İLHAM ƏLİYEV: Əgər lazımdırsa, Nazirlər Kabinetinin qərarı çıxarılsın. Mən göstəriş verərəm. Hər bir iqtisadi rayonda olmalıdır.

SÜNDÜZ BABAYEVA: Nümayəndələrin burada iştirakından istifadə edərək deyirəm ki, Dəvəçi şəhərində 500 evlik yeni yaşayış massivi salınmışdır və 82 ev də 1995-ci ildə təbii fəlakətdən zərər çəkənlər üçündür. Ulu öndərimizin bu barədə xüsusi sərəncamı olmuşdur. Bu evlərin heç birində kommunikasiya yoxdur. İstərdik əlaqədar nazirliklər bu işdə bizə kömək etsinlər.

Sizin bütün tapşırıqlarınız, həmişə olduğu kimi, yenə də yerinə yetiriləcəkdir. Regionların sosial-iqtisadi inkişaf proqramının icrası, əhalinin işlə təmin olunması, vətəndaşların ərizə və şikayətlərinə ədalətlə baxılması - bütün bunlar gündəlik fəaliyyətimizdə əksini tapır. Əmin edirəm ki, biz bundan sonra da Sizin yaxın köməkçiniz olacağıq.

İLHAM ƏLİYEV: Sizdə elektrik enerjisi ilə təminatda vəziyyət necədir?

SÜNDÜZ BABAYEVA: Pis deyil, gündə 22-24 saat verilir. Problem yoxdur. Xeyli iş görülübdür.

İLHAM ƏLİYEV: Bəs, qaz?

SÜNDÜZ BABAYEVA: Hazırda 22 kəndə qaz verə bilirik.

İLHAM ƏLİYEV: Buraya idxal qazı verilir, yəni Rusiyadan gələn xətdən verilir?

NAZİM SƏMƏDZADƏ (“Azəriqaz” Səhmdar Cəmiyyəti sədrinin müavini): Cənab Prezident, təkcə Siyəzən rayonu yerli qazdan istifadə edir.

İLHAM ƏLİYEV: Xaçmaz, Qusar, Quba və Dəvəçiyə idxal qazı verilir?

NAZİM SƏMƏDZADƏ: Bəli.

İLHAM ƏLİYEV: Mən Dəvəçi Broyler fabrikinin məhsullarını iki gün bundan əvvəl sərgidə gördüm. Bir il əvvəl də görmüşdüm, indi orada işlər yaxşı gedir.

SÜNDÜZ BABAYEVA: İşsizliyin aradan qaldırılmasına çox böyük köməyi var.

İLHAM ƏLİYEV: Çünki daxili istehsaldır, bu lazımdır ki, idxalı əvəzləyək. Biz gərək Qalaaltı sanatoriyasının taleyinə də ciddi yanaşaq. O, çox nadir yerlərdən biridir. Həm müalicəvi suyu var, həm də istirahət üçün çox gözəldir, təbiəti gözəldir. Kimin balansındadır?

ƏBÜLFƏZ QARAYEV (gənclər, idman və turizm naziri): “Azərkurort” birliyinin tərkibindədir.

İLHAM ƏLİYEV: Axı ora bərbad vəziyyətdədir. Oraya gəlib-gedən var, qalmağa şərait yoxdur.

ƏBÜLFƏZ QARAYEV: İnsanlar köhnə taxta evlərdə qalırlar.

SÜNDÜZ BABAYEVA: 1990-95-ci illərdə Rusiyadan gəlmirdilər. İndi sabitlik olduğuna görə gəlirlər. Amma şərait yoxdur.

İLHAM ƏLİYEV: Siz oraya bir nümayəndə göndərin, xüsusi layihə hazırlayaq. O, turizm obyekti kimi də fəaliyyət göstərməlidir. Müəyyən güzəştlərlə xaricdən, yaxud daxildən investor cəlb etmək olar ki, orada müasir şərait yaradılsın.

ƏBÜLFƏZ QARAYEV: Bu, çox əlverişli olar. Çünki belə su Azərbaycanın heç bir yerində yoxdur.

İLHAM ƏLİYEV: Keçmiş Sovet İttifaqında bircə yerdə - Ukraynada idi.

ƏBÜLFƏZ QARAYEV: Turistlər həqiqətən oraya gəlmək istəyirlər. Rusiyada sərgilər keçirəndə hamısı Qalaaltı və Naftalanla maraqlanır.

İLHAM ƏLİYEV: Qalaaltı sanatoriyasının layihəsini işləyin. Ayrıca otaqlar, müalicə üçün yerlər və əlbəttə ki, yol nəzərdə tutulmalıdır. Oranın yolu neçə kilometrdir?

ZİYA MƏMMƏDOV: 18 kilometrdir və Azneftin balansındadır.

İLHAM ƏLİYEV: Bunu həll edərik. Siz onunla məşğul olun.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ŞƏMSƏDDİN XANBABAYEV Prezident İlham Əliyevin iki gün əvvəl rayona səfərini xatırladaraq dedi ki, biz həmin görüşlərin təsiri altında yaşayırıq, işləyirik. Sizin gəlişiniz bizim üzərimizə çox böyük məsuliyyət qoydu. Xaçmaz Azərbaycanın böyük bir rayonudur, eyni zamanda, sərhəd rayonudur. Burada hər şey yaxşı olmalıdır. İndi camaat da yaxşı yaşayır, güzəranı yaxşıdır. Tikinti işləri geniş vüsət almışdır. Gətirilən tikinti materialları tez bir zamanda satılır. Taxta çəpərlər daş hasarlarla əvəz olunur. Bu onu göstərir ki, camaatın güzəranı çox yaxşıdır. Bunu görməmək olmaz.

Bu il Xaçmazda 4 min ton fındıq məhsulu gözlənilir. Bu, rayona 16 milyon dollar vəsait gətirəcəkdir. Fındıq emal edən 3 müəssisə tikilib istifadəyə verilmişdir. 46 min ton meyvə, 160 min ton tərəvəz məhsulu gözlənilir. Xahişim odur ki, tərəvəz qəbulu məntəqələri qiymət məsələsində camaata kömək etsin.

İLHAM ƏLİYEV: Hansı qiymətlə alırlar?

ŞƏMSƏDDİN XANBABAYEV: Kiloqramını 200 manata alırlar, bu da çox azdır.

İLHAM ƏLİYEV: Mən “Qafqaz” konserv zavodunda olarkən soruşdum. Onlar dedilər ki, 400 manata alırlar.

ŞƏMSƏDDİN XANBABAYEV: Keçən il 250 manata alıblar. Bu da azdır, insanlar çətinlik çəkir, satmaq üçün başqa rayonlara, Bakıya aparırlar. Siz emal müəssisələrinin birində soruşdunuz ki, rəqabət necədir. “Qafqaz” konserv zavodu çox gözəl müəssisədir, amma təəssüf ki, onun məhsulunu kənara çıxara bilmirik.

İLHAM ƏLİYEV: Azərbaycanda istehsal olunan məhsulların tam əksəriyyəti indi satılır. Xaçmazda sərgi iştirakçılarının hamısından soruşurdum ki, satışda problem varmı? Deyirdilər ki, satışda heç bir problem yoxdur, nə qədər istehsal ediriksə, hamısını satırıq. Ona görə təqsir məhsulu istehsal edəndədir.

ŞƏMSƏDDİN XANBABAYEV: Biz bu il 85 min ton taxıl istehsal etmişik. Rayonun tələbatı isə 25 min tondur. 7 min ton toxum, bir hissə yem üçün ayrılacaq, qalanını isə satacaqlar. Demək istəyirəm ki, insanların vəziyyəti həqiqətən yaxşıdır. Amma bəzi problemlər də var. Məsələn, 120 məktəbdən 49-u orta məktəbdir. Qalanları doqquzillk, ibtidai məktəblərdir. Bu il 9 məktəb, o cümlədən Heydər Əliyev Fondu hesabına 3 məktəb tikilir. Öz gücümüzə 3 məktəb inşa edirik. Bu sahədə bizə kömək göstərilsə, yaxşı olardı. Məktəblərin avadanlığa da ehtiyacı var.

İLHAM ƏLİYEV: Təkcə Xaçmazda deyil, başqa rayonlarda da belədir.

ŞƏMSƏDDİN XANBABAYEV: Bəli. İmkan daxilində köməyinizə ehtiyac vardır. Mən problemlərin hamısını sadalayıb vaxtınızı almaq istəmirəm. Biz onların öhdəsindən gələcəyik. Xaçmazda bu gün görülən işlərin hamısı Sizinlə bağlıdır. Xaçmaz camaatı ümummilli liderimizi çox sevib, həmişə dəstəkləyib, arxasınca gedibdir. 1982-83 və 1998-ci illərdə Xaçmazda olarkən rayona böyük işlər hədiyyə edibdir. Ümumiyyətlə, ulu öndərimizin Azərbaycanda gördüyü işlər sayagəlməzdir. Dünyada hər şeyin ölçü vahidi var. Amma Heydər Əliyevin xalqımıza göstərdiyi tarixi xidmətləri ölçmək üçün hələ cihaz ixtira olunmayıbdır.

Bu gün Siz bu siyasəti uğurla davam etdirirsiniz. Bunu xalqımız görür, Sizi çox sevir, Sizinlə fəxr edirlər. Xaricdə yaşayan bir nəfər televizorda Sizi görəndən sonra mənə zəng edib ki, nə qədər xoşbəxtsiniz ki, bu cür Prezidentiniz var. Bunu eşitməmək, qiymətləndirməmək, buna sevinməmək nankorluqdan başqa bir şey deyildir.

Natiq daha sonra bildirdi ki, indiyədək rayonun Müqtədir qəsəbəsində torpaq islahatı aparılmayıb, ona görə ki, burada Xəzər Dəniz Gəmiçiliyinə məxsus 1700 hektar torpaq var. Gəmiçilik buradan istifadə edir, əkib-becərirlər, mal-qara saxlayırlar, camaata iş yeri açıblar. Amma qəsəbə sakinlərinə də torpaq lazımdır. Həmin ərazinin 700 hektarı qəsəbəyə ayrılarsa, camaatın güzəranını çox yaxşılaşdırar.

İLHAM ƏLİYEV: Xəzər Dəniz Gəmiçiliyi o torpaqda nə edir?

ŞƏMSƏDDİN XANBABAYEV: Taxıl əkirlər, mal-qara saxlayırlar. Onların yardımçı təsərrüfatıdır.

İLHAM ƏLİYEV: Məhsulu öz işçilərinə satırlar?

ZİYA MƏMMƏDOV: Yeməkxanalarını ərzaqlarla təmin edirlər. ŞƏMSƏDDİN XANBABAYEV: Cənab Prezident, “Qafqaz” konserv

zavodunun yanında 66 hektar dövlət torpağı var. Sovet dövründə mal-qara saxlamaq üçün istifadə olunurdu. İndi dövlət torpağı olduğu üçün heç kimə verə bilmirik, istifadəsiz qalıbdır. Bununla bağlı Nazirlər Kabinetinə müraciət etmişəm. Əgər bələdiyyələrə verilərsə, yaxşı istifadə edə bilərik, minlərlə insanın vəziyyəti yaxşılaşar.

İcra hakimiyyətinin başçısı bildirdi ki, Xaçmaz, Quba, Qusar rayonlarının kanalizasiyası birbaşa Xəzərə axır. Təmizləmə qurğusu işləmir. Bu məsələdə də kömək göstərilməsini istəyirik. Rayonumuzda iki şəhər - Xaçmaz və Xudat şəhərləri var. Küçələrin təmiri, abadlaşdırılması üçün vəsait lazımdır.

İLHAM ƏLİYEV: Mən bütün rayon icra hakimiyyəti başçılarına dedim, hesablayın ki, şəhər küçələrinin, kəndlərə gedən yolların təmiri üçün nə qədər vəsait lazımdır. Hamısını hesablayın, smeta olsun. Ondan sonra baxaq, nə qədər imkanımız olacaqsa, o qədər də vəsait ayıracağıq.

ŞƏMSƏDDİN XANBABAYEV: Cənab Prezident, su və qaz xətlərinin çəkilməsində köməyə ehtiyacımız var.

Sizə demişdim, bu il avqustun 8-də Xaçmaz rayonunun 75 yaşı tamam olur. İstərdik, bununla əlaqədar Nazirlər Kabineti bir qərar qəbul etsin və ondan istifadə edərək şəhərimizdə abadlıq-tikinti işləri aparaq. Sizə bir daha dərin minnətdarlığımı bildirirəm, rayonumuzda oldunuz, hər gəlişiniz böyük sevincə səbəb olur. Növbəti gəlişiniz zamanı görəcəksiniz ki, hansı işlər görülübdür.

İLHAM ƏLİYEV: 75 illiklə əlaqədar mənə dediniz. Gərək Nazirlər Kabinetinə müraciət edəsiniz, qərar çıxarıla. Burada deyilən məsələləri cəmləşdirin, bütün problemlərin həlli ilə əlaqədar lazımi göstərişlər verəcəyəm.

Sonra çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı MÖVSÜM BƏDİRXANOV dedi ki, möhtərəm Prezident, Sizin respublikamızın müxtəlif bölgələrində keçirdiyiniz önəmli və səmərəli görüşlər bu gün Qusar rayonunda öz məntiqi davamını tapır. Son bir ildə şimal bölgəsinə ikinci səfəriniz, 2003-cü ildə prezident seçkiləri ərəfəsində Siyəzən kərpic zavodunun açılışında, 2004-cü ilin iyul və dekabr aylarında Mərkəzi neftçilər xəstəxanasının Siyəzən filialının tikintisinə başlanmasında və açılışında iştirakınız, rayon ictimaiyyəti ilə görüşləriniz və etdiyiniz dərin məzmunlu çıxışlarınız biz siyəzənlilərin yaxşı xatirindədir.

Bu günlər Qubada ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin abidəsinin və onun adını daşıyan parkın, 3 saylı Ərazi vergilər idarəsi binasının, Xaçmazda özəl xəstəxana binasının və digər obyektlərin açılışları inamla deməyə əsas verir ki, respublikamızın bütün bölgələrində olduğu kimi, şimal rayonlarda da tikinti və abadlıq işləri geniş vüsət alaraq davam etməkdədir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı Siyəzən rayonunda da uğurla davam etdirilir, respublikanın bölgələrinə səfərləriniz zamanı, habelə sahibkarlarla görüşlərdə verdiyiniz tövsiyə və tapşırıqlar daim diqqət mərkəzində saxlanılır.

Siyəzən rayonunun sosial-iqtisadi inkişafı ümummilli liderimiz Heydər Əliyevin də daim diqqət mərkəzində olmuşdur. Cənab Heydər Əliyev 1998-ci ildə ölkənin şimal rayonlarında olarkən Siyəzən rayonunun sadə zəhmət adamları və ictimaiyyətin nümayəndələri ilə görüşmüş, rayonun problemləri ilə maraqlanmış, rayon rəhbərliyinə dəyərli tövsiyə və tapşırıqlarını vermişdir.

1980-ci illərdə ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində keçmiş ittifaqda ən iri hesab edilən Siyəzən Broyler fabriki, habelə kondensator zavodu, üzüm emalı zavodu tikilib istifadəyə verilmişdir. Lakin 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində ölkədə gedən ictimai-siyasi və iqtisadi proseslər rayonun iqtisadiyyatına öz mənfi təsirini göstərmişdir. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkənin bütün regionları kimi, Siyəzən rayonunun da iqtisadiyyatı yenidən dirçəlməyə başlamışdır.

Cənab Prezident, Sizin təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının həyata keçirilməsi həm də yerli icra hakimiyyəti orqanlarının ümdə işidir. Ötən müddət ərzində rayonumuzda bu sahədə müəyyən uğurlar əldə olunmuşdur. Siyəzən rayonunun iqtisadiyyatının əsasını neft sənayesi təşkil edir. Neft və qaz hasilatının sabitləşdirilməsi və artırılmasına xüsusi diqqət yetirilir. Cari ilin birinci yarısında bu sahəyə 9,3 milyard manat sərmayə yönəldilmiş, 8,2 milyard manatlıq əsas fondlar istifadəyə verilmişdir. Siyəzən kərpic zavodunda bu gün 120-dək adam işləyir. Müəssisənin yerləşdiyi ərazidəki gil yatağından istifadə olunmaqla ucuz və keyfiyyətli məhsul istehsal edilir. Ataçay və Gilgilçay çaylarının hövzələrində 12 çınqıl-qırmadaş istehsal edən sex istifadəyə verilmişdir və onlarda iş yerlərinin sayı 100-dən çoxdur. Tikinti işləri geniş vüsət almışdır. Neftçilər üçün tikilən 5 mərtəbəli 40 mənzilli yaşayış binası avqustun sonuna kimi təhvil veriləcəkdir. Keçən il və bu ilin altı ayında 117 vətəndaşa ümumi dəyəri 819 milyard manat həcmində fərdi mənzil tikintisinə icazə verilmişdir.

Kənd təsərrüfatının inkişafından danışan natiq dedi ki, bu il taxıl əkinləri 27 faiz genişləndirilərək 4588 hektara çatdırılmışdır.

Taxılçılığın inkişafı ilə əlaqədar olaraq rayonun bir neçə kəndində və Siyəzən şəhərində sutkada 12 ton un üyüdən dəyirman işə salınmışdır.

1200 nəfərdən çox işçisi olan “Siyəzən-Broyler” ASC-nin istehsal gücü artmaqdadır. 2005-ci ilin 6 ayında burada 3,8 min ton quş əti, 6,3 milyon ədəd yumurta istehsal olunmuşdur. Hazırda burada genişləndirmə işləri davam etdirilir və ilin sonuna qədər daha 120 adamın daimi işlə təmin olunması nəzərdə tutulur.

“Azərbaycan-İsrail” birgə müəssisəsinə quşçuluğun inkişafı üçün 60 hektar torpaq sahəsi ayrılmışdır və indi layihə smeta sənədləri hazırlanır. Ötən altı ayda rayonda 40,2 milyard manatlıq və ya əvvəlki ilin həmin dövrünə nisbətən 12 faiz çox kənd təsərrüfatı məhsulu istehsal edilmişdir.

İcra hakimiyyətinin başçısı su, kanalizasiya xətlərinin, qaz kəmərlərinin çəkilməsi, küçə və yolların abadlaşdırılması sahəsində görülən işlər barədə də ətraflı məlumat verdi.

Əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması üçün görülən tədbirlərdən danışan natiq dedi ki, 110\35\6 kV-luq “Siyəzən” yardımçı stansiyasında yenidənqurma işləri artıq başa çatdırılmış, yeni çəkilmiş 110 kV-luq “Xəzri-Siyəzən” xətti istismara hazır vəziyyətə gətirilmişdir. 6400 abonentdən 3800-ü üçün elektrik sayğacları quraşdırılmış və bu iş ilin sonuna qədər başa çatdırılacaqdır. Sayğacların quraşdırılması nəticəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon kilovat-saat elektrik enerjisinə qənaət edilmişdir. Cənab Prezident, Siyəzən rayonunda işıq və su problemi yoxdur. 24 saat ərzində 110 min kubmetr qaz alırıq, 60 min kubmetr də “Siyəzənneft” verir.

İLHAM ƏLİYEV: Yəni burada hasil olunan qazdan.

MÖVSÜM BƏDİRXANOV: Bəli, ona görə heç bir problemimiz yoxdur.

İLHAM ƏLİYEV: Bütün yaşayış məntəqələri qazlaşdırılıb?

MÖVSÜM BƏDİRXANOV: Bəli.

İLHAM ƏLİYEV: Çox gözəl.

MÖVSÜM BƏDİRXANOV: Son vaxtlar rayonun Qozağacı kəndində əsas məktəb binası, Məşrif kənd məktəbi üçün 4, Tuğay kənd məktəbi üçün 2 əlavə sinif otağı tikilmiş, Sədan, Dağ Quşçu kənd məktəbləri əsaslı təmir olunmuşdur. Heydər Əliyev Fondu tərəfindən Siyəzən şəhər əsas məktəbində 200 yerlik və Daşlı Çalğan ibtidai məktəbində 100 yerlik binaların tikintisinə başlanmışdır və yeni dərs ilinə qədər istifadəyə veriləcəkdir. Eyni zamanda, Dövlət proqramı çərçivəsində cari ilin sonuna qədər 640 yerlik Siyəzən şəhər orta məktəbi və Gilgilçay qəsəbə məktəbinin tikilməsi nəzərdə tutulmuşdur.

İcra hakimiyyətinin başçısı rayonda idmanın və turizmin inkişafı sahəsində görülən işlərdən də bəhs etdi. Bildirdi ki, Siyəzən şəhər stadionu yüksək səviyyədə yenidən qurulmuş, 1000 yerlik müasir tipli oturacaqlar quraşdırılmış, lazımi idman avadanlığı alınmışdır. Gənclər, İdman və Turizm Nazirliyinin xətti ilə örtülü mini stadionun tikintisi üçün yer ayrılmış və bununla əlaqədar müvafiq sənədləşmə işləri aparılmışdır. Turizmin inkişafı ilə əlaqədar ərazinin əlverişli yerləri, xüsusilə Xəzər sahillərindəki meşə zolaqları, tarixi abidələr barədə Gənclər, İdman və Turizm Nazirliyinə məlumatlar, fotoşəkillər toplusu göndərilmişdir. “Kamran” turizm və istirahət mərkəzi fəaliyyət göstərir.

Qalaaltı sanatoriyasına Siyəzən və Dəvəçi rayonlarının ərazisindən yol var.

İLHAM ƏLİYEV: Əsas yol hansıdır?

MÖVSÜM BƏDİRXANOV: Hər iki yol axırda birləşir və “Azneft” İstehsalat Birliyinin balansındadır. Yolboyu rayonun 6 kəndi yerləşir. Dövlət proqramında nəzərdə tutulub, bu ildən təmirə başlayacaqlar.

İLHAM ƏLİYEV: Nəzərdə tutulub?

ZİYA MƏMMƏDOV: Bəli. Eyni zamanda, əsas magistral Siyəzən şəhərinin kənarından gedəcəkdir. Həmin kəndlər də bundan istifadə edə biləcəklər. Qalaaltı yoluna alternativ yol çəkmək yaxşı olardı. Çünki ağır texnika gedəndə asfalt örtüyünü dağıdacaqdır. Ona ağır texnikanın getməsi üçün ayrıca yol çəkmək yaxşı olar.

İLHAM ƏLİYEV: Çəkmək olar, məşğul olun.

MÖVSÜM BƏDİRXANOV: Son vaxtlar sahibkarlığın inkişafı ilə əlaqədar “Kapital” bankın Siyəzən rayon filialı tərəfindən sahibkarlara 577 milyon manat kredit verilmişdir. Sahibkarlığa Kömək Milli Fondundan da on layihə üzrə 400 milyon manat və bir layihə üzrə 100 min ABŞ dolları kredit verilmişdir.

İLHAM ƏLİYEV: Bu il üçün?

MÖVSÜM BƏDİRXANOV: Bəli.

İLHAM ƏLİYEV: İşsizlik məsələsi necədir?

MÖVSÜM BƏDİRXANOV: Bu problem, demək olar ki, həll edilmişdir. Bizdə əhalinin pul gəlirinin həcmi 25 faiz artıbdır. Rayon üzrə orta aylıq əmək haqqı 529 min manatdır. 250-300 min manatlıq əmək haqqı təklif olunan işlərə getmirlər. Bu gün 200 min manat əmək haqqı verməklə, 100 adamı işlə təmin edə bilərik.

İLHAM ƏLİYEV: Amma istəmirlər.

MÖVSÜM BƏDİRXANOV: Bəli.

İLHAM ƏLİYEV: Baxın, bu, inkişafın əlamətidir.

MÖVSÜM BƏDİRXANOV: Rayonda sahibkarlığın inkişafı üçün əlverişli şərait var. Hazırda rayonda qeydiyyata alınmış 199 hüquqi şəxs, 774 nəfər isə fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bütün bunların nəticəsidir ki, rayonda 488 yeni iş yeri açılmış, 87 iş yeri bərpa edilmiş və 621 mövsümi və müvəqqəti iş yeri yaradılmışdır.

 

Rayonun iqtisadi uğurlarından danışan natiq dedi ki, əsas sahələrdə məhsul istehsalı əvvəlki illə müqayisədə 41,3 faiz artaraq 183,5 milyard manata çatmışdır. Ötən dövrdə 61,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Cənab Prezident, bütün bunlar görülmüş işlərin bir hissəsidir. Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi, Sizin apardığınız daxili və xarici siyasət inamla deməyə əsas verir ki, çox tezliklə əhalinin həyat səviyyəsi daha da yaxşılaşacaq, dövlətimizin iqtisadi qüdrəti durmadan yüksələcəkdir.

Görülmüş işlərlə yanaşı, bir sıra problemlərimiz də mövcuddur. Vaxtilə 600-dən çox fəhlə və qulluqçu işləyən kondensator zavodu və Böyük Həmyə kəndindəki şərab zavodu bu günə qədər özəlləşdirilməmişdir.

İLHAM ƏLİYEV: Özəlləşdirilməyibdir?

MÖVSÜM BƏDİRXANOV: Özəlləşdirməyə açılıbdır. Amma eləcə qalıbdır. Böyük Həmyə kəndindəki zavodda vaxtilə 100 adam işləyirdi. Bu müəssisələr işə düşsə, Siyəzəndə işsizlik problemi olmayacaqdır. Taxılçılığın inkişafı ilə əlaqədar əkin sahələrini 1,5-2 dəfə genişləndirməyə imkan vardır. Lakin texnikanın çatışmaması bu işə ciddi təsirini göstərir. Ona görə də rayonda lazımi servis xidmətinin yaradılmasına ciddi ehtiyac vardır.

Hörmətli cənab Prezident, əmin edirik ki, Siyəzən rayon əhalisi ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrində həyata keçirdiyiniz bütün işlərdə Sizi həmişə dəstəkləyəcək və ətrafınızda daha sıx birləşəcəkdir.

X X X

Sonra çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı ƏRZUMAN ƏLİYEV vurğuladı ki, bütün Azərbaycanda olduğu kimi, bu rayonda da əsil tərəqqi xalqımızın dahi oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Əldə edilən bütün uğurlar ümummilli liderimizin vaxtilə qubalılara göstərdiyi böyük atalıq qayğısının, gündəlik diqqətinin nəticəsində qazanılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında 1970-1980-ci illərdə Quba rayonunda sənayenin, kənd təsərrüfatının, elm, təhsil və mədəniyyətin dinamik inkişafı təmin edilmiş, yüzlərlə obyekt tikilib istifadəyə verilmişdir. O dövrdə respublikamıza rəhbərlik edən Heydər Əliyevin qayğısı sayəsində intensiv bağçılığın inkişafı üçün çox mühüm işlər görülmüşdür. 1974-1975-ci illərdə bu sahənin inkişafı ilə əlaqədar qəbul edilmiş qərarlara uyğun olaraq, Qubanın təsərrüfatlarında 10 min hektara yaxın intensiv bağ salınmışdır. Həmin bağların tam məhsula düşdüyü 1980-ci illərin ortalarında rayonda meyvə istehsalı 100 min tona çatmışdı. İndi həmin bağlar qubalıların əsas gəlir mənbəyi, necə deyərlər, çörək ağacıdır.

Qubalılar ümummilli liderimiz Heydər Əliyevin xatirəsini daim əziz tutur, onun müəyyənləşdirdiyi yolla gedirlər. Xalqımız müstəqil Azərbaycanın daha parlaq gələcəyinə inanır. Çünki bu gün ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini, onun ideyalarını görkəmli dövlət xadimi, Azərbaycanın haqq səsini bütün dünyaya çatdıran və onu qətiyyətlə müdafiə edən cənab Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir və möhkəmləndirir.

Çox hörmətli cənab Prezident! Qubalılar Sizinlə 2003-cü ilin oktyabrında, keçən ilin və bu ilin iyulunda olmuş və əsil ümumxalq bayramına çevrilmiş görüşlərin xoş təsiri altındadırlar. 2003-cü ilin oktyabrında Qubada Sizin rəhbərliyiniz və gündəlik qayğınız nəticəsində tikilmiş Olimpiya İdman Kompleksi istifadəyə verildi. Bu nəhəng kompleks Qubada və ümumiyyətlə şimal bölgəsində təkcə idmanın deyil, eyni zamanda iqtisadiyyatın, mədəniyyətin, sosial sahələrin inkişafında əvəzedilməz əhəmiyyətə malikdir.

Ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedən müstəqil Azərbaycan Sizin rəhbərliyiniz altında, müdrik daxili və xarici siyasətiniz, böyük liderlik qabiliyyətiniz nəticəsində daha da möhkəmlənmiş, həyatın bütün sahələrində irəliyə doğru çox mühüm addımlar atmış, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı təmin edilmiş, xalqın maddi rifah halı xeyli yaxşılaşmışdır.

Ölkə əhalisinin Sizin ətrafınızda sıx birləşməsi geniş xalq kütlələrinin dövlət başçısının yeritdiyi xətti müdafiə etməsinin parlaq sübutuna çevrilmişdir. Sizin müntəzəm olaraq regionlara səfər etməyiniz, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasının vəziyyəti ilə, insanlarla görüşüb onların problemləri ilə yerindəcə tanış olmağınız ölkənin inkişaf potensialından daha səmərəli istifadə edilməsinə zəmin yaratmış, bu prosesə güclü təkan vermişdir.

Kənd təsərrüfatındakı uğurlardan danışan natiq xatırlatdı ki, 2004-cü ildə 30,1 min ton taxıl, 11,4 min ton kartof, 11,2 min ton tərəvəz, 165,4 min ton meyvə istehsal edilmişdir. Qaramalın və davarların sayı artaraq, müvafiq surətdə 67,7 min və 265,1 min başa çatmışdır.

Sahibkarlığın inkişafı da diqqət mərkəzindədir. Keçən il sahibkarlığın inkişafına kömək məqsədi ilə təxminən 750 nəfərə 1 milyon 900 min dollar həcmində kredit verilmişdir. Bu il həmin rəqəmin daha çox olacağı gözlənilir. Ötən 7 ayda 483 nəfərə 1 milyon 382 min dollar kredit verilmişdir. Hazırda özəl sektorda 3000-dən çox vergi ödəyicisi qeydiyyatdadır. Prezidentimizin iştirakı ilə keçən il istifadəyə verilmiş “Əli” Ticarət Mərkəzi uğurla fəaliyyət göstərir. Rayonda ildə 150-200 min ədəd ting yetişdirilən təsərrüfat, 25 hektar torpaq sahəsi olan taxıl və kartof toxumçuluğu təsərrüfatı, 4 arıçılıq təsərrüfatı yaradılmışdır. 4 kənddə 315 başlıq 5 qaramal ferması fəaliyyət göstərir.

İkinci Nügədi kəndində taxta tara sexi fəaliyyətə başlamış, Quba “Konserv-1” Səhmdar Cəmiyyətində süfrə sularının istehsalı və qablaşdırılması təşkil edilmiş, “Qədim Quba” MMC-də sahəsi 420 kvadratmetr olan əyirici və boyaq sexi işə salınmışdır. Əlil və şəhid ailələri üçün 16 mənzilli yaşayış evi tikilib istifadəyə verilmişdir. 192 şagirdlik Səbətlər, 100 şagirdlik Mirzəməmmədkənd məktəbləri tikilmişdir. 240 şagirdlik Qələdüz kənd məktəbinin tikintisində son tamamlama işləri görülür.

İcra hakimiyyətinin başçısı dedi ki, hazırda Quba rayonunda 16 yeni məktəb binası tikilir ki, bunun da 14-ü Heydər Əliyev Fondu hesabınadır. Bu işin möhtəşəmliyini göstərmək üçün yalnız belə bir faktı demək kifayətdir ki, XX əsrdə rayonda dövlət vəsaiti hesabına cəmi 16 məktəb binası tikilmişdir. Cənab Prezident, fürsətdən istifadə edərək, bu qayğıya görə Sizə, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımızı bildiririk.

Şəhərin müxtəlif yerlərində yeni, müasir tipli ticarət və digər xidmət obyektləri inşa edilmişdir. Yüzlərlə adam özü üçün gözəl, yaraşıqlı fərdi yaşayış evləri tikmiş, təhsil, mədəniyyət, səhiyyə ocaqlarında təmir işləri aparılmışdır. Dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 5340 yeni iş yeri açılmışdır.

Bütün bunlarla yanaşı, yaxşı başa düşürük ki, yeni iş yerlərinin açılması, xalqın maddi rifah halının yaxşılaşdırılması üçün biz hələ çox çalışmalıyıq. Sizin qarşınızda məsuliyyətimizi dərindən dərk edərək söz veririk ki, bütün tapşırıqlarınızı layiqincə yerinə yetirəcək, Qubanı nümunəvi park-şəhərə, nümunəvi rayona çevirəcəyik.

Natiq narahatlıq doğuran problemlərdən də danışdı, bunların aradan qaldırılmasında köməyə ehtiyacları olduğunu bildirdi. O xatırlatdı ki, 1970-1980-ci illərdə rayonun 33 kəndi, 2 qəsəbə və Quba şəhəri qazlaşdırılmışdır. Qaz xətlərinin indiyədək qorunub saxlanılmasına baxmayaraq, hazırda kəndlərdən cəmi 6-na təbii qaz verilir. Digər kəndlərə qazın verilməsi əhalinin sosial-məişət şəraitini yaxşılaşdırmaqla yanaşı, ərtaf mühitin, meşələrin mühafizə olunmasına da müsbət təsir göstərər.

İcra hakimiyyətinin başçısı çıxışının sonunda dedi:

- Möhtərəm cənab Prezident, Sizin yorulmaz fəaliyyətiniz, müdrik daxili və xarici siyasətiniz müstəqil Azərbaycan dövlətinə, xalqımıza fədakarlıqla, sədaqətlə xidmətin ən yaxşı nümunəsidir. Sizin andiçmə mərasimində söylədiyiniz və daim sadiq qaldığınız “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” sözləri xalqa sonsuz məhəbbətinizin ifadəsidir. Heç şübhəsiz ki, bu gün hər bir Azərbaycan vətəndaşı da öz Prezidentini ürəkdən sevir, Sizinlə fəxr edir. Bu gün biz xoşbəxtik ki, Sizin kimi Prezidentimiz var!

Cənab Prezident, icazə verin, çıxışımın sonunda rayonumuzun bütün ictimaiyyəti adından Sizi möhkəm əmin edim ki, qubalılar ümummilli liderimiz Heydər Əliyev siyasi xəttinə həmişə sadiq qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyənləşdirdiyi yolla gedəcək, müstəqil Azərbaycanın tərəqqisi naminə var qüvvələrini, bilik və bacarıqlarını əsirgəməyəcəklər.

X X X

İLHAM ƏLİYEV: Qaz problemi demək olar ki, bütün bölgələrdə var. Düzdür, son illər ərzində görülən işlər nəticəsində qazla təminat yaxşılaşıbdır. Biz 2000-ci ilin sonundan Rusiyadan qaz almağa başlamışıq. Ondan sonra rayon mərkəzlərimiz tam olmasa da, haradasa 50-60 faiz qazla təmin edilir. Amma indi bütün kəndlərə qaz verilməsi mümkün deyil, çünki qaz yoxdur. Biz özümüz 4 milyard kubmetr qaz hasil edirik, 4,5 milyard kubmetr idxal edirik, bu da edir 8,5 milyard kubmetr. Tələbat isə 12 milyard kubmetrdir. Ona görə bu məsələ hələ bir müddət problem kimi qalacaqdır. Bunu həll etmək üçün ilk növbədə, Azərbaycanda gərək qazın hasilatı artsın. Bu ildən başlayaraq bu artım müşahidə olunur. “Azəri” yatağından çıxarılan səmt qazı hesabına il ərzində əlavə olaraq təxminən 500-600 milyon kubmetr qaz alacağıq. Elədirmi?

NAZİM SƏMƏDZADƏ: 800 milyon kubmetr.

İLHAM ƏLİYEV: Düzdür, 800 milyon kubmetr söz veriblər. Amma mən gözlənilən reallığı deyirəm. Gələn ilin sonunda istismara veriləcək “Şahdəniz” yatağı əlavə qazın verilməsinə imkan yaradacaqdır. Ona görə, hələ minimum 1-2 il bu problem olacaqdır. Ona görə yox ki, bunu həll eləmirik, yaxud bunu həll etmək çətindir. Yox, xətlər təmir olunur. Hətta bizim Azərbaycanı İranla birləşdirən magistral xəttimiz də təmir olunub və iki aydan sonra istismara veriləcəkdir. Sadəcə olaraq, qaz azdır. Bu elə problemdir ki, biz istəsək də, hələlik buna tam şəkildə nail ola bilmirik. Amma bütövlükdə, bu bölgədə qazla təminat keçən illərə nisbətən yaxşılaşıbdır.

Azərbaycanda yolların - magistral və şəhərlərarası yolların çəkilməsi geniş vüsət alıbdır. Ona görə bu bölgəyə aid məsələləri nəqliyyat naziri indi məruzə etsin.

Nəqliyyat naziri ZİYA MƏMMƏDOV ulu öndərimiz Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin çox layiqincə davam etdirildiyini vurğulayaraq dedi ki, cənab Prezident, Azərbaycan iqtisadiyyatının bütün sahələrinə göstərdiyiniz diqqət nəqliyyat sektoruna da çox böyük uğurlar gətirir. Sizin birbaşa rəhbərliyiniz nəticəsində Azərbaycanın infrastrukturu inkişaf edir və tələbiniz ondan ibarətdir ki, ölkədə gedən bütün işlər müasir standartlara cavab verməlidir. Sizin tapşırığınızdan sonra şimal istiqamətində Bakı-Rusiya sərhədi avtomobil yolunun yenidən qurulmasına hazırlıq işləri görülür. Sizin sərəncamınızla müəyyənləşmiş kredit sazişi Çexiyanın “İxrac” Bankı tərəfindən təsdiqlənmişdir. 180 milyon dollar vəsait hesabına Giləzidən Rusiya sərhədinə, Samur-Dəvəçi kanalı (SDK) deyilən əraziyədək yol çəkiləcəkdir. Hazırda müsabiqə elan olunub, bir neçə şirkət ərizələrini təqdim etmişdir. Sentyabrın əvvəlindən bu yolun yenidən qurulmasına başlanacaqdır.

Bakıdan Rusiya sərhədinə qədər 208 kilometr məsafədə yol 4 zolaqlı olacaqdır. Ortada təhlükəsizlik zolağı olacaq ki, bu da sürücülərə rahat şərait yaradacaqdır. Dəvəçi, Siyəzən və Quba şəhərlərini nəzərə alaraq, magistral yolun yerini bir az dəyişdirmişik. Əsas magistraldan dönmə yeri Xaçmaz istiqamətinə gələcək, sonra Qusar ərazisindən mövcud magistrala çıxaraq sərhədə gedəcəkdir.

İLHAM ƏLİYEV: Yeni magistral hansı yerdən sonra salınacaqdır?

ZİYA MƏMMƏDOV: Dəvəçiyə qədər magistral mövcud vəziyyətdə gələcək, sonra Dəvəçi şəhərinin arxa hissəsindəki dağların arasından keçəcəkdir.

İLHAM ƏLİYEV: Yəni şəhərin içindən keçməyəcək, bütün maşınlar şəhərdən kənardan gedəcəkdir?

ZİYA MƏMMƏDOV: Bəli. Hazırkı yol şəhər nəqliyyatının hərəkətinin tənzimlənməsində problem yaradır və xüsusilə insanların təhlükəsizliyi ilə birbaşa bağlıdır. Bəzən uşaqlar sürətlə hərəkət edən maşınların qarşısına çıxır və hətta bir neçə dəfə ölüm hadisəsi baş vermişdir. Ona görə Sizin bu tapşırığınızı icra etmək məqsədi ilə layihədə bunları nəzərə almışıq.

İLHAM ƏLİYEV: Ondan sonra şəhərlərlə birləşmə yolları çəkiləcəkdir. Məsələn, magistraldan Dəvəçiyə gəlmək üçün yol çəkiləcəkdir.

ZİYA MƏMMƏDOV: Bəli, bu, Dövlət proqramında da nəzərdə tutulubdur. Nazirlər Kabinetinin yol haqqında təsnifatı da qəbul olunubdur. Nəqliyyat Nazirliyinin balansında 18 min kilometr yol vardır. Rayon-şəhərdaxili və kəndləri birləşdirən yollar da bu təsnifatda əksini tapıbdır. Birinci mərhələ ondan ibarətdir ki, turizmin inkişafını, daxili və tranzit yüklərin daşınmasını nəzərə alaraq, Azərbaycanda olan 4 min kilometr baş magistral yollar təmir ediləcəkdir. Paralel olaraq, Sizin tapşırığınızla dövlətin ehtiyatında olan vəsaitlər hesabına daxili yolların çəkilişinə başlanılır. Yəni Azərbaycan öz vəsaiti hesabına yollarını bərpa edir.

Nazir bu barədə ətraflı məlumat verərək dedi ki, Azərbaycanın bütün istiqamətlərində avtomobil yollarının bərpası birbaşa cənab Prezidentin tapşırığı, onun diqqət və qayğısıdır. Əgər nəzərə alsaq ki, ilyarım bundan əvvəl ölkəmizin avtomobil yolları dözülməz vəziyyətdə idi, indi bərpa edilir, problemlər aradan qaldırılır, insanların gediş-gəlişi üçün lazımi şərait yaradılır.

Möhtərəm Prezidentimizin tapşırığı ondan ibarətdir ki, bütün bu işlər beynəlxalq standartlara cavab verməlidir. Əvvəllər yol xidmətində olan zavodlar, texnika sıfır vəziyyətində idi, bir çox hallarda özəlləşdirmə təyinatı üzrə getməmişdi. Zavodlar asfalt istehsalını dayandırmış və mövcud texnika tamamilə sıradan çıxmışdı. İndi 300-ə yaxın texnika gətirmiş, müxtəlif bölgələrdə 11 zavodu yenidən qurmuşuq və bu proses davam edir. Çünki yolçəkmə texnologiyasına görə, asfalt 50 kilometr aralıdan gətirilməməlidir. Bu məsafədən çox olanda asfalt soyuyur, yola döşənəndə keyfiyyətini itirir. İndiyədək 20-dək zavodu bərpa etmişik. Bunlar az da olsa, asfalt istehsal edirlər. Kompüterlə təchiz edilmiş asfaltdöşəyən, texnika gətirmişik. Dövlət imkanlarına görə vəsait ayırır. Bu il 150 milyard manat vəsait ayrılıbdır. Lakin bu, kifayət etmir. Ona görə möhtərəm Prezidentimiz beynəlxalq maliyyə qurumlarından kreditlərin alınmasına böyük önəm verir ki, yeni yollar dünya standartlarına uyğun çəkilsin. Yaxın üç ildə Azərbaycanın avtomobil yolları müasir tələblərə uyğun qurulacaq, bu da cənab Prezidentimizin adı ilə bağlı olacaqdır.

İLHAM ƏLİYEV: Bakıdan Rusiya sərhədinədək yolun tikintisindən sonra bu bölgə daha da inkişaf edəcəkdir. Yol inkişafın əsas amilidir. Azərbaycanda uzun illər ərzində yol tikintisinə vəsait ayrılmırdı. Səbəbi də o idi ki, imkanımız yox idi, büdcəmiz buna imkan vermirdi. 1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi çətin siyasi və iqtisadi problemlər imkan vermirdi ki, yol infrastrukturuna lazımi səviyyədə sərmayə qoyulsun. Çünki yola qoyulan vəsait, bəlkə də, 5-10 ildən sonra özünü doğruldacaqdır. Yəni birbaşa gəlir gətirmir. Sadəcə, yolun salınması, digər infrastruktur obyektlərinin yaranması bütövlükdə inkişafın təmin olunmasına xidmət göstərir. Ancaq ölkəmizin o qədər ciddi problemləri var idi ki, yol təsərrüfatına ayrılan xərclər çox az idi. Bir də beynəlxalq maliyyə qurumları bu layihələrə kreditlərin ayrılmasına tələsmirdilər.

Misal üçün, Böyük İpək yolunun bərpasının maliyyə təminatı görün, nə qədər vaxt aparır. Müxtəlif beynəlxalq maliyyə qurumları ilə neçə vaxt danışıqlar getdi. Dünya Bankı, İslam İnkişaf Bankı, müxtəlif fondlarla danışıqlar aparıldı ki, vəsait ayrılsın. Ancaq Azərbaycan Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və uğurla icra edilən neft strategiyasını tam mənada işə salandan sonra, ölkəmizə valyuta axını başlanandan sonra, Neft Fondunda böyük vəsaitin yaranması təmin olunduqdan sonra kreditlərin verilməsi asanlaşdı. Nə üçün? Çünki maliyyə qurumları bütün riskləri ölçüb-biçir - əgər hansısa ölkədə maliyyə vəziyyəti yaxşı deyilsə, o ölkəyə kreditin verilməsi böyük problemdir.

Bu gün kreditin götürülməsi Azərbaycan üçün problem deyildir. İstənilən məbləğdə, istənilən layihəyə kredit götürə bilərik və Bakı-Rusiya sərhədi yolunun maliyyə təminatı bunun əyani təzahürüdür. Ancaq eyni zamanda, bu gün Azərbaycanın büdcəsi artır. Keçən ilə nisbətən xərclər təxminən 45 faiz artıbdır. Gələn il minimum bu qədər də artım gözlənilir. Məqsəd qoyulubdur ki, gələn ilin büdcəsi 3 milyard dollar təşkil etməlidir. Bu, o deməkdir ki, büdcəmiz bu ilə nisbətən 800 milyon dollar çox olacaqdır. Vəsaitin böyük əksəriyyəti investisiya layihələrinə sərf olunmalıdır: yeni elektrik stansiyaları, sosial obyektlər, sənaye müəssisələri, infrastruktur və yol. Gələcək illərdə həm magistral yolların, həm də şəhərlərarası yolların çəkilməsi prioritet məsələ olmalıdır. Hər bir yolun tikintisi inkişafa əlavə təkan verir. Bunu biz hamımız yaxşı bilirik. Bu məqsədə çatmaq üçün əməli addımlar atırıq. Sentyabrda Bakı-Rusiya sərhədi yolunun inşasına başlanacaq və təxminən iki il yarıma qurtaracaqdır.

ZİYA MƏMMƏDOV: Cənab Prezident, Baş nazir tərəfindən Sizə məlumat verilib ki, bu yolun ümumi dəyəri 280 milyon dollara bərabərdir. 100 milyon dollar kredit ayrılması barədə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə razılaşma olubdur. Əlaqədar nazirliklərlə də razılaşdırılıb, Sizə təqdim edilibdir.

İLHAM ƏLİYEV: Bəli. Bu onu göstərir ki, Azərbaycanda gedən ümumi inkişaf beynəlxalq maliyyə qurumları tərəfindən də qəbul edilir. Çox böyük göstəricidir ki, ölkəyə 100, 200, 300 milyon dollar kredit gətirilir. Bunların da hamısı, yenə də deyirəm, Heydər Əliyevin uzaqgörənliyinin, müdrikliyinin, neft strategiyasının nəticəsidir. Azərbaycanın neft sənayesinə milyardlarla dollar pul qoyulubdur, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Ona görə Azərbaycan iqtisadiyyatının digər sahələrinə kreditin cəlb olunması bizim üçün asanlaşıbdır. Bakı-Rusiya sərhədi yolunun maliyyələşmə məsələləri çox qısa müddətdə həll olundu. Hətta ilk mərhələdə bu məsələdə iştirakı olmayan Avropa Bankı da maraq göstərirdi. Çünki ilk danışıqlar Çexiyanın “Eksim” Bankı ilə aparılmışdı, kredit sazişi imzalanmışdı. Bundan sonra Avropa bankı da istədi ki, özü də iştirak eləsin. Nəyə görə? Çünki bilirdi ki, kredit vaxtında faizi ilə qaytarılacaq, Azərbaycanda infrastruktur layihələrinə verilən vəsaitlərdən səmərəli istifadə olunur.

Eyni mənzərə, məsələn, enerji sahəsində də müşahidə olunur. İndi Sumqayıt elektrik stansiyasına 300 milyon avro kredit verilir. Bakıdakı “Şimal-2” elektrik stansiyasına yüz milyonlarla dollar pul ayrılıbdır. Bütün bunlar onu göstərir ki, ölkəyə, onun gələcəyinə böyük inam var, etibar var. İnam var ki, Azərbaycanın iqtisadiyyatı inkişaf edəcək. İnam var ki, Azərbaycanda sabitlik qorunub saxlanacaq. İnam var ki, Azərbaycan möhkəm dövlətə çevriləcək. Hazırda alınan kreditlərin həcmi bəlkə də 1 milyard dollara yaxınlaşır. Nəqliyyat sektorunda, enerji sektorunda, başqa sektorlarda. Bu, bizə imkan verir ki, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirək. Biz o kreditləri qaytaracağıq. Buna nə bizim şübhəmiz var, nə bu kreditləri bizə verən təşkilatların şübhəsi var. İndi bizim valyuta ehtiyatlarımız 2 milyard dollardır. Gələn il daha da artacaqdır. Biz gərək bu puldan səmərəli istifadə edək. İnfrastruktur layihələri, elektrik stansiyaları, qaz təchizatı, yolların salınması, bölgələrin abadlaşdırılması, məktəblərin tikintisi - hamısı kompleks şəkildə olmalıdır.

Əlbəttə ki, bizim üçün, bəlkə də yeni olan bir sahə - turizmin inkişafı da çox böyük önəm daşıyır. Mən iki gün bundan əvvəl Xaçmazda sahibkarlarla görüşdə bir daha gördüm ki, turizm sahəsinin inkişafı artıq sürətlə gedir. Bir il bundan əvvəl Qubada olarkən kredit yarmarkasında bəlkə də bir və yaxud iki turizm layihəsi var idi. Özü də sərmayə həcmi çox az idi və görürdün ki, buna o qədər də böyük maraq yoxdur. Amma bir il ərzində görün, buna maraq nə qədər artıb və bunun böyük potensialı var. Azərbaycanda sülh var, əmin-amanlıq var, sabitlik var, gözəl təbiət var, dəniz var, dağlar var, çaylar var, tarixi abidələr var, gözəl insanlar yaşayır, mehribanlıq, qonaqpərvərlik, gözəl mətbəximiz var. Turizmin inkişafı üçün bütün şərait var. Ona görə indi bu, Azərbaycanda prioritet sahəyə çevrilib və mən çox şadam ki, Gənclər, İdman və Turizm Nazirliyi bununla çox ciddi məşğuldur. İndi nailiyyətlər haqqında məruzə edin.

X X X 

Gənclər, idman və turizm naziri ƏBÜLFƏZ QARAYEV respublikamızın, o cümlədən şimal bölgəsinin gəncləri adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirərək dedi ki, bu günlər Qubada iki il bundan öncə bəlkə də heç ağlımıza gətirmədiyimiz böyük, Avropa səviyyəli bir tədbir keçirilir. Bunun da gerçəkləşməsi Sizin təşəbbüsünüzlə, təkidinizlə və təşkilatçılığınızla Qubada yaradılmış müasir Olimpiya İdman Kompleksinin olması ilə bağlıdır. Bu gün bütün Avropa ölkələri gündə 6 saat müddətində birbaşa yayımla Qubada keçirilən yarışları seyr edir. Sizin buraya səfəriniz zamanı Xaçmazda yeni idman məktəbinin, turizm informasiya mərkəzinin açılışı, bu gün Qusarda böyük iki layihənin başlandığını elan etməyiniz, sözsüz ki, bu zonanın ciddi inkişafına, habelə gənclərimizin sağlam həyat sürməsinə və idmanla məşğul olmasına, Azərbaycanın gələcəyinə böyük nikbinliklə baxmağa böyük zəmin yaradır.

Nazir xatırlatdı ki, ulu öndərimiz Heydər Əliyev hələ 1980-ci illərdə bu zonanın inkişafı haqqında çox ciddi təşəbbüslər irəli sürmüşdü. Vaxtilə SSRİ hökuməti Azərbaycanın şimal-şərq hissəsində ümumittifaq səviyyəli kurort zonasının yaradılmasına dair qərar qəbul etmiş, lakin bu məsələ uzandı, sonra da Sovet İttifaqı dağıldı. Ancaq indi Sizin apardığınız siyasətin nəticəsində biz tədricən bu proqramın həyata keçirilməsinə yaxınlaşırıq.

Natiq bildirdi ki, təkcə son 3 ildə Azərbaycanda 52 yeni hotel və ona bərabər tutulan müəssisə yaradılıbdır. Bu müddətdə Azərbaycana gələn turistlərin sayı 25-30 faiz artmışdır. Sözsüz ki, bu təkcə turizmin inkişafı ilə deyil, həm də iqtisadi vəziyyətlə, Azərbaycanda olan sabitliklə bağlıdır. Qubada və Xaçmazda (xüsusilə Nabranda) hər birində eyni vaxtda min turist qəbul etmək mümkündür. Mən demək istəməzdim ki, bunlar hamısı yüksək səviyyədədir. Bəzi sahibkarlar tikinti zamanı normalara riayət etmirlər. Lakin son vaxtlar biz bu işlərə nəzarət edirik. İndi Xaçmazda eyni vaxtda 5 min adam istirahət edə bilir. Orta hesabla bir adam bir həftə dincəlirsə, deməli, bir ay müddətində Xaçmaz rayonunda 20 minə qədər adam istirahət edə bilir.

İLHAM ƏLİYEV: Müxtəlif yerlərdə?

ƏBÜLFƏZ QARAYEV: Cənab Prezident, hamısı özəl sektora məxsusdur.

İLHAM ƏLİYEV: Bəs, fərdi qaydada qalanlar var?

ƏBÜLFƏZ QARAYEV: Bəli, var. Cənab Prezident, Siz bu gün belə bir fikir söylədiniz ki, qış idman növlərini inkişaf etdirmək üçün infrastruktur haqqında da düşünmək çox vacibdir və Siz tapşırıq vermisiniz. Mən xahiş etmək istərdim ki, yolun çəkilməsi də nəzərdə tutulsun. Çünki yol olmasa, oraya heç kim getməyəcək.

İLHAM ƏLİYEV: Əlbəttə, şəksiz çəkilməlidir. Özü də yüksək səviyyədə. Yol olmasa, orada kompleksin tikintisi mənasızdır.

ƏBÜLFƏZ QARAYEV: Cənab Prezident, bu zona, turizmin müxtəlifliyi baxımından Azərbaycanda, bəlkə də, nadir bir yerdir. Dəvəçi limanının ovçuluq potensialı haqqında da düşünməyə dəyər. Oraya böyük maraq var və mövsüm zamanı orada ov edirlər. Yəqin ki, bunun lazımi səviyyədə təşkili üçün müvafiq orqanlara, o cümlədən bizim nazirliyə tapşırıq verilsə, bu proqramın üzərində də işləyə bilərik.

İLHAM ƏLİYEV: Ovçuluq və turizm, siz bununla məşğul olmalısınız.

SÜNDÜZ BABAYEVA: Dəvəçidən dənizə qədər məsafə 12 kilometrdir. Vaxtilə Moskvadan da həvəskarlar quş ovuna gələrdilər. Ora indi Respublika Ovçular İttifaqınındır...

ƏBÜLFƏZ QARAYEV: Orada heç bir iş görülmür.

İLHAM ƏLİYEV: Görülmürsə, gərək onu balansdan balansa keçirək.

Əgər hansısa qurumun nəzdindədirsə, o qurum buna biganə yanaşırsa, heç bir iş görmürsə, onda qalmağının heç bir mənası yoxdur. Təklif verin, həll edək.

ƏBÜLFƏZ QARAYEV: Cənab Prezident, Siz tamamilə düzgün qeyd elədiniz ki, bu zonanın müalicəvi mineral sularından səmərəli istifadə edilməsi üçün də geniş imkan var. Qalaaltıdan əlavə, Xaçmaz və Qusar rayonlarında da bulaqlarımız var və müalicəvi suyu ola bu yerlərə də turistləri cəlb edə bilərik. Sovet dövründə bu bölgələrdə uşaqların istirahəti üçün düşərgələr var idi. Hazırda Dəvəçidə və Siyəzəndə belə düşərgələr fəaliyyətdədir. Lakin yaxşı olardı ki, onlar yeni tipli müəssisələr kimi formalaşsın. Biz bu barədə Dövlət proqramına daxil edilmək üçün təkliflər vermişik. Elə hesab edirəm ki, bütün rayonlarda gənclər evlərinin yaradılması da lazımdır. Artıq bu yaxınlarda Qubada yer müəyyənləşdirmişik və orada gənclər evinin yaradılmasına başlayırıq.

Turizmin inkişafından danışan nazir dedi ki, cənab Prezident, Siz tamamilə düzgün tələb edirsiniz ki, əgər biz nəyisə yaradırıqsa, bu, beynəlxalq standartlara cavab verməlidir. Lakin əfsuslar olsun ki, turizm üçün yararlı yerlər ayrı-ayrı adamlara verilir, onlar da tikinti işlərini necə gəldi aparırlar. Hətta Nabranda heç bir sanitariya normaları gözlənilmir, çirkab suları birbaşa dənizə axırdı və orada dincələnlər çox böyük narazılıqlarını bildirdilər. Son vaxtlar tikilənlərdə bu problem demək olar ki, yoxdur və biz bunu nəzarətdə saxlayırıq. Xahişimiz ondan ibarətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bizim nazirliyimiz turizm üçün yararlı yerlərin ayrılması zamanı mütləq bunun perspektivlərini nəzərə alsınlar və bu sahədə vahid siyasət həyata keçirilsin. Çünki indi yeni müasir kompleksin yaradılması üçün biz artıq fərdi adamlardan torpaq almaq məcburiyyəti qarşısındayıq.

Ümumiyyətlə, Azərbaycanın turizm potensialı çox ümidvericidir və Siz bu gün bəyan etdiniz ki, bu, ölkəmiz üçün prioritet istiqamətdir. Hesab edirik ki, Azərbaycanda Sizin daxili və xarici siyasətiniz sayəsində qorunub saxlanılan sabitlik, Azərbaycan həqiqətlərinin bütün dünyaya yayılması nəticəsində ölkəmizə maraq artmaqdadır. İnanıram ki, yaxın 7-10 il müddətində Azərbaycanın böyük turizm potensialına malik olan ölkəyə çevrilməsi mümkündür və bu işdə bizi dəstəklədiyinizə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm.

İLHAM ƏLİYEV: Azərbaycanda turizmi kompleks şəkildə, dövlət səviyyəsində, proqram çərçivəsində inkişaf etdirməliyik. Bütün işlər uzunmüddətli strategiyamıza uyğun aparılmalıdır. Ona görə mən bu təklifi bəyənirəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin birgə fəaliyyəti zəruridir. Siz təklifləri hazırlayın və biz qərar qəbul edək. Çünki düz deyirsiniz, kimsə gedir hansısa yolla torpaq alır, o torpaqda da heç nə etmir, oranı hasarlayır. Sonra hansısa bir müəssisəni yaratmaq üçün, turizm obyektini yaratmaq üçün gərək gedəsən ondan o torpağı alasan. Buna yol vermək olmaz. Azərbaycanın müxtəlif zonaları üzrə yaxşı təcrübəmiz var. Hansı turizm obyektləri harada tikilməlidir - bu müəyyən olunmalıdır, ona xidmət edəcək infrastruktur obyektləri də müəyyən edilməlidir. Su, qaz xətləri, yollar da həmçinin. Ondan sonra müsabiqə yolu ilə özəl sektora, daxili və xarici investorlara təklif olunmalıdır. Kim onu inkişaf etdirmək, kim pul qazanmaq istəyirsə, gəlsin, işləsin. Ancaq kompleks şəkildə.

Təklifləri hazırlayın və təqdim edin. Bir də ki, bunu təkcə turizm obyektlərinin yaranmasına aid etməyin. Məsələn, burada qeyd olundu ki, yeni salınan yaşayış massivində elektrik enerjisi yoxdur. Massiv salınanda fikirləşmirdilər ki, elektrik enerjisi problemdir. Evləri tikiblər, indi deyirlər ki, elektrik enerjisi yoxdur. Bu, təkcə sizin rayonunuzda deyil, təəssüflər olsun ki, müxtəlif yerlərdə belədir. Yeni massivlər salınanda mütləq bütün bu məsələlər öz əksini tapmalıdır. Gərək bunlar kompleks şəkildə həll olunsun. Turizmin geniş inkişafı üçün də bütün məsələlər, - qaz, su, elektrik enerjisi təminatı, yolların çəkilməsi, - həll olunmalıdır.

Kənd təsərrüfatı naziri İSMƏT ABASOV çıxışında vurğuladı ki, cənab Prezident, əsası ümummilli liderimiz tərəfindən qoyulmuş aqrar islahatların nəticəsi artıq öz bəhrəsini vermişdir və indi bu sahədə davamlı inkişaf gedir. 2004-cü ildə və son altı ayda imzaladığınız 5 tarixi sənəd aqrar sahədə çalışan insanlar tərəfindən çox yüksək qayğı və kömək, ümummilli liderin layiqli davamçısı kimi Sizin apardığınız siyasətin davamı kimi qiymətləndirilir.

Biz artıq bir çox ərzaq məhsullarını idxal edən ölkədən indi onları ixrac edən ölkəyə çevrilmişik. Məhsul istehsalının artırılması ilə emal müəssisələrinin yaradılmasına ehtiyac duyulacaq və gələcəkdə emal məhsullarını ixrac edəcəyik. Bunun da nəticəsində ölkəmizə külli miqdarda vəsait daxil olacaqdır.

Nazir kənd təsərrüfatı məhsullarının istehsalından danışaraq bildirdi ki, bu il 2 milyon 230 min ton və ya ötən ildəkindən 92 min ton çox taxıl yığılacağı gözlənilir. Pambıq əkinləri 35,2 min hektar artırılaraq 112,9 min hektara çatdırılmışdır. Mövsümün sonuna 185 min ton məhsul gözlənilir ki, bu da ötən ildəkindən 50 min ton çoxdur. Cari ildə 70,6 min hektardan 1 milyon tondan çox kartof, 78 min hektardan 1 milyon 100 min tondan çox tərəvəz və 360 min ton bostan məhsulu götürüləcəyi proqnozlaşdırılır. 82,5 min hektar bağlardan 580 min tondan çox meyvə yığılacağı və bunun da təxminən 150 min tonunun ixrac ediləcəyi gözlənilir.

Prezidentin Sərəncamı ilə yaradılmış “Aqrolizinq” Səhmdar Cəmiyyəti haqqında danışan natiq dedi ki, dövlət büdcəsi hesabına 2005-ci ildə 100 milyard manatlıq, 2006-cı ildə isə 150 milyard manatlıq texnika alınacaqdır. 100 milyard manatlıq texnikanın alınması üçün müsabiqə keçirilib və texnika artıq alınıb Azərbaycana gətiriləcəkdir. Sizə çox təşəkkürümü bildirmək istəyirəm ki, bizə icazə verdiniz ki, Cəmiyyətin bazalarının sayını artıraq.

“Aqrolizinq” Səhmdar Cəmiyyəti işə başlayarkən biz bütün iqtisadi rayonlarda bazalar yaradılmasını nəzərdə tutmuşduq. Ancaq onlara yeri biz ayırmırıq.

İLHAM ƏLİYEV: Kim ayırır?

İSMƏT ABASOV: İqtisadi İnkişaf Nazirliyi.

İLHAM ƏLİYEV: Niyə ayırmırlar, səbəbi nədir?

İSMƏT ABASOV: Cənab Prezident, bu günə qədər ayrılmayıbdır.

İLHAM ƏLİYEV: Biz “Aqrolizinq”i nə vaxt yaratdıq?

İSMƏT ABASOV: 23 oktyabr 2004-cü ildə.

İLHAM ƏLİYEV: Təxminən bir il vaxt keçib, bu vaxta qədər yer ayrılmayıbdır. Bu nə deməkdir? Dözülməz bir haldır. Bunu dərhal etmək lazımdır. Sadəcə, siz də gərək bu barədə mənə vaxtında məruzə edəydiniz. Biz nəyə görə “Aqrolizinq”i yaratdıq? Yaratdıq ki, hər bir iqtisadi rayonda baza olsun, ona yer ayrılsın və o baza da işləsin. Texnikanı versinlər kəndlilərə, kəndlilər də icarəyə götürüb işləsinlər, məhsuldarlığı artırsınlar.

Mən xatırlayıram, biz “Aqrolizinq”i yaradanda da bəziləri, necə deyərlər, fəaliyyət davasına çıxmışdılar ki, kim bununla məşğul olacaq? Mən o vaxt dedim ki, bu işlə Kənd Təsərrüfatı Nazirliyi məşğul olacaqdır. Biz kənd təsərrüfatının inkişafı üçün böyük proqramlar həyata keçirməliyik. Kənd Təsərrüfatı Nazirliyi, demək olar ki, yenidən formalaşıbdır. Bir neçə başqa təşkilatlar ona birləşibdir. Yəni kənd təsərrüfatı sahəsində siyasəti aparan nazirlik Kənd Təsərrüfatı Nazirliyidir. Başqa nazirliklər ki, siz qeyd elədiniz - Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, onlar bu işdə sizə sadəcə olaraq, kömək etməlidir. Amma xatırlayıram ki, o vaxt bu məsələyə baxılanda səlahiyyət davası başlanmışdı. Mən buna son qoydum. Səlahiyyət davası bizdə bir xəstəlikdir. Hamı istəyir ki, hər şey ona bağlı olsun. Nəticə etibarilə sonra vəziyyət daha da ağır olur. Ümumiyyətlə, son zamanlar bu, Azərbaycanda bir meyildir - hamı istəyir ki, səlahiyyətləri artırılsın. Səlahiyyət artdıqca, şişirlər. Onun da nəticəsi pis olur. Ona görə mən bunu sizə tapşırmışam, sizdən də soruşacağam. Kim ki, bu işdə maneçilik törədir, yaxud da ki, öz vəzifə borclarını yerinə yetirmir, ciddi tədbir görəcəyəm.

Bilirsiniz, bu bizim, necə deyərlər, ümumi siyasətimizdir. Kənd təsərrüfatına aid olan bütün məsələlər bir nazirlikdə cəmləşməlidir. Ona görə biz bunu yenidən formalaşdırdıq. Eyni yanaşma “Azərsu” Səhmdar Cəmiyyətinin yaranmasına da özünü göstərdi. Bizdə su ilə məşğul olan təşkilatların sayı çox idi, amma heç bir məqsəd daşımırdı. Biri Dövlət Tikinti və Arxitektura Komitəsində idi, biri “Abşeronsu”da idi. “Abşeronsu” Bakıya və Abşerona baxırdı. Başqa rayonlar baxırdı Tikinti Komitəsinə. Ona görə biz onu yığdıq, bir səhmdar cəmiyyəti yaratdıq. Bu yaxınlarda “Azəristiliktəchizat” Səhmdar Cəmiyyəti yaradıldı. Yenə də mən soruşuram, Azərbaycanda istilik məsələsi ilə kim məşğul olurdu? Heç kim bir iş görmür, heç kim məşğul olmurdu. İndi biz vahid bir qurum yaratdıq və o, bütün istilik sistemi ilə məşğul olacaqdır. Bakı və Sumqayıtda, başqa iri şəhərlərdə, ondan sonra bütün rayonlarda istilik sisteminin işi ilə məşğul olacaqdır. Yəni bu bizim siyasətimizdir ki, sahələr üzrə, istiqamətlər üzrə məsuliyyətli qurum müəyyən olunur və bütün məsələləri həll edir, mən də ondan soruşuram.

İSMƏT ABASOV: Cənab Prezident, bir məsələni də istəyirəm ki, diqqətinizə çatdıram. “Aqrolizinq”in fəaliyyətə başlaması üçün Kənd Təsərrüfatı Nazirliyindən nə lazım idisə, biz bir gün də gecikdirməmişik. Nazirlər Kabineti bu il martın 31-də “Aqrolizinq”in fəaliyyət göstərməsi barədə qərar vermişdir.

İLHAM ƏLİYEV: Bir neçə ay keçəndən sonra. Mən bunu bilirəm. Siz mənə məruzə elədiniz. Mən maraqlandım ki, bunun Əsasnaməsi haradadır. Biz onu oktyabr ayında yaratdıq, bir neçə aydan sonra maraqlandım, Əsasnamə yoxdur. Belə də iş olar? Ona görə mən Nazirlər Kabinetinə, başqa nazirlərə irad tutdum. Bilmirəm nəyə görə bu “Aqrolizinq”in yaranmasına belə münasibət var? Çox ögey münasibət göstərilir. Bu, mənim üçün qaranlıqdır və mən buna dözmək fikrində deyiləm. Mən qərar qəbul edirəm və hamı da o qərarı icra etməlidir. Beş ay onlar uzatdılar. Ondan sonra neçə ay İqtisadi İnkişaf Nazirliyi uzatdı. Bir il keçir üstündən, hələ bazalar yoxdur. Belə şey olar?!

İSMƏT ABASOV: Cənab Prezident, əmin ola bilərsiniz ki, Kənd Təsərrüfatı Nazirliyi bir gün də gecikdirməyibdir.

İLHAM ƏLİYEV: Siz gecikdirmədiniz, amma vaxtında mənə məlumat vermirsiniz.

İSMƏT ABASOV: Cənab Prezident, bu barədə məktubla İqtisadi İnkişaf Nazirliyinə müraciət eləmişik. Bir neçə dəfə Baş nazirə yazılı surətdə müraciət etmişəm. Bu yaxınlarda Sizə məruzə etmək fikrim var idi, çünki artıq müsabiqə keçirilmişdir. Mən özüm “Aqrolizinq”in fəaliyyətə başlaması üçün nazirliyimizdə otaqlar ayırdım. Bu günə qədər “Aqrolizinq”ə mərkəzi bina da ayrılmamışdır.

Cənab Prezident, bizə 4 baza ayırmaq nəzərdə tutulur. Əfsuslar olsun ki, bu günə kimi nə mərkəzi aparat, nə də bazalar var.

Cənab Prezident, torpaqların münbitliyinin azalması barədə Sizə məlumat vermişdim. Siz mənə göstəriş verdiniz ki, gübrə alınması məsələsini tez bir zamanda araşdıraq. İlkin mərhələdə təxminən 100 min ton gübrənin alınmasına ehtiyac duyulur ki, buna da cari ildə təxminən 100 milyard manat vəsait tələb olunur.

İLHAM ƏLİYEV: Bizdə bu ilin büdcəsində bu vəsait nəzərdə tutulmayıbdır. Ona görə gərək fikirləşək ki, hansı yolla bunun, heç olmasa, bir hissəsini təmin edək. Burada mexanizm necə olacaq? Siz bunu alacaqsınız, sonra “Aqrolizinq” vasitəsilə kəndlilərə pulsuz verəcəksiniz, yoxsa satacaqsınız?

İSMƏT ABASOV: Cənab Prezident, fikrimiz belədir ki, əgər məsləhət olsa, vəsait ayrılarsa, “Aqrolizinq” vasitəsilə lizinq formasında sahibkarlara veriləcəkdir.

İLHAM ƏLİYEV: Gübrə? Lizinq formasında traktor verilə bilər.

İSMƏT ABASOV: Mən nəzərdə tuturam ki, verəcəyik, istifadə etdikdən sonra pulunu qaytaracaqlar.

İLHAM ƏLİYEV: Yəni ki, bəri başdan pul almadan verəcəksən.

İSMƏT ABASOV: İmkanı olanlar pulunu ödəyə bilərlər.

İLHAM ƏLİYEV: Yəni pul ödəmədən bunu götürsünlər, ondan istifadə etsinlər, məhsulu satandan sonra pulunu qaytarsınlar.

İSMƏT ABASOV: İmkanı olanlar bir hissəsini öncədən ödəyərlər, bir hissəsini də məhsulu yığandan sonra.

İLHAM ƏLİYEV: Ya da ki, kredit formasında ola bilər. Məsələn, bir ilin ərzində. Məhsulu götürəndən sonra qaytararlar. Yaxşı, təklifinizi verin baxaq, görək vəsaiti haradan tapırıq.

İSMƏT ABASOV: Cənab Prezident, bir məsələni də deyim. Sahibkarlar kreditlərin ayrılması barədə mənə çox müraciət edirlər. Ölkə büdcəsindən ötən il 100 milyard manat ayrılmışdısa, bu il Sizin tərəfinizdən bu məbləğ iki dəfə artırılaraq 200 milyard manat olmuşdur. Gələn il üçün bu məbləğ 400 milyard manata çatacaqdır. Ancaq kənd təssərrüfatı məhsullarının istehsalı ilə birbaşa məşğul olan insanlara bu vəsaitin çox az hissəsi çatır.

İLHAM ƏLİYEV: Necə yəni az çatır? Mən soruşmuşdum ki, bu verilən kreditlərin strukturu nədir? Mənə dedilər ki, bunun 95 faizi rayonlara paylanır. Tam əksəriyyəti də kənd təsərrüfatı ilə məşğul olanlara verilir.

İSMƏT ABASOV: Cənab Prezident, icra hakimiyyəti başçıları da buradadırlar, bəli, vəsaitlər regionlara ayrılır. Ancaq əsas hissəsi - 94 faizi demək olar ki, emal sahəsinə verilir. Yəni birbaşa torpaqda işləyən, məhsulları istehsal edən insanlar bunun çox cüzi hissəsini alırlar.

İLHAM ƏLİYEV: Baxmaq olar. Hər halda, yəqin ki, biz gərək müəyyən bir mexanizm hazırlayaq və bilək ki, verilən kreditin neçə faizi gedir, tutaq ki, turizmin inkişafına, neçə faizi emal müəssisələrinə, neçə faizi kənd təsərrüfatında birbaşa istehsalla məşğul olanlara. Çünki bunların hamısı lazımdır. Emal da vacibdir. Emal müəssisələri yaratmasaq, məhsul harada emal edilsin? Özünüz deyirsiniz ki, o qədər meyvə yığılır ki, satmağa yer yoxdur. Əgər emal müəssisəsi yoxdursa, nə etməliyik?

ƏBÜLFƏZ QARAYEV: Cənab Prezident, üzr istəyirəm, yəqin ki, məlumatın əldə olunmasında problem vardır. Turizm üzrə ayrılan kreditlər haqqında əksər hallarda bizim nazirliyin xəbəri yoxdur. Məsələn, Dövlət proqramında nəzərdə tutulan layihələrə kredit ayrılmır, amma başqa yerlərə ayrılır. Ona görə mən xahiş etmək istərdim ki, tutaq ki, kənd təsərrüfatına kredit ayrılanda, heç olmasa, nazirliyə məlumat verilsin ki, onlar da bunu bilsinlər. Yaxud da bizə məlumat verilsin ki, turizmə nə qədər verildi.

İLHAM ƏLİYEV: Yəni hansı sahəyə verilməsi barədə.

İSMƏT ABASOV: Cənab Prezident, göstərilən qayğı və diqqətə görə Sizə həm öz adımdan, həm də aqrar sahədə çalışan bütün fermerlər və sahibkarlar adından təşəkkür edirəm. Sağ olun.

İLHAM ƏLİYEV: Kənd təsərrüfatının böyük potensialı var, böyük gələcəyi var. Azərbaycan iqtisadiyyatında çox mühüm rol oynayan bir sahədir və bunun inkişafı ölkəmizin hərtərəfli tərəqqisi üçün çox vacibdir. Bu, həm sahibkarlığın inkişafına təkan verəcək, həm də qeyri-neft sektorunun inkişafına kömək göstərəcəkdir. Azərbaycanda vaxtilə 1 milyon ton pambıq istehsal olunubdur. İndi siz deyirsiniz 185 min ton. Bu da böyük nailiyyətdir, çünki 2-3 il bundan əvvəl haradasa 90 min, ondan da az, 80 min ton idi. 2-3 ilin ərzində böyük artım olubdur. Amma yenə də 1 milyon hara, 185 min hara! Yaxud da ki, Azərbaycanda 2 milyon ton üzüm istehsal olunurdu. Bu il nə qədər olacaqdır?

İSMƏT ABASOV: Təxminən 185 min ton gözlənilir. Amma sevindirici bir haldır ki, ötən il və bu ilin altı ayında 2 min hektar yeni üzümlük salınmışdır və gələn illərdə artıq ilk məhsulunu verəcəkdir.

İLHAM ƏLİYEV: Bütün görülən işlər bu məqsədə xidmət edir. Kəndli necə məhsul yetişdirsin? Pul yox, texnika yox, gübrə yox. Nə eləsin? Ona görə də gəlin, biz kömək edək. “Aqrolizinq”i yaratdıq ki, texnika versin. Təkcə bu il 250 ədəd kombayn, 250 ədəd traktor, başqa texnika gətirəcək.

İSMƏT ABASOV: Başqa kənd təsərrüfatı texnikası - kultivator, kotan və s. 585 ədəd.

İLHAM ƏLİYEV: Digər tərəfdən, sahibkarlara yardım şərtilə kreditlərin verilməsi. Üçüncü istiqamət isə, o dediyiniz gübrənin alınmasıdır, onu da həll eləyin. Biz gərək kəndlilərə bunları verək ki, kəndli də məhsul götürsün, özü yaxşı yaşasın, inkişaf olsun və əlbəttə ki, emal müəssisələri də yaransın.

Etibar Pirverdiyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti, mən bölgələrdə tez-tez oluram, soruşuram. Mən bu bölgədə olarkən ondan əvvəl Göyçayda, Ağdaşda, Şamaxıda olarkən təxminən hamı deyir ki, problem yoxdur. Yəni 24 saat, yaxud da ki, 22 saat işıq verilir. Bu, məni çox sevindirir. Çox müsbət haldır, yəni həmişə deyirik ki, gərək mütləq belə olsun. İndi görülən işlər haqqında məruzə edin.

“Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti ETİBAR PİRVERDİYEV çıxışında müşavirənin keçirilməsinin şimal bölgəsinin sosial-iqtisadi inkişafına mühüm təsir göstərəcəyini bildirdi, qışa hazırlıqla bağlı elektrik stansiyalarında planlı təmir işləri aparıldığını söylədi. Dedi ki, cənab Prezident, Sizin tapşırığınıza əsasən biz bütün rayonları 24 saat ərzində elektrik enerjisi ilə təmin etməyə çalışırıq. Hazırda Azərbaycan DRES-də beşinci blokda yenidənqurma işləri aparılır. İşi “Siemens” və Rusiyanın “Silovıye maşinı” şirkətləri birgə görürlər. Stansiyanın səkkiz blokunun hamısında yenidənqurma işləri aparıldıqdan sonra həm onun gücü artacaq, həm də 430 min ton mazuta qənaət ediləcəkdir. Kredit ayrılması ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə danışıqlar, demək olar, başa çatmışdır.

İLHAM ƏLİYEV: Kreditin ayrılması nə vaxt gözlənilir?

ETİBAR PİRVERDİYEV: Problem ondadır ki, onlar bizə daha bir kredit təklif edirlər. Amma biz qəbul etmirik.

İLHAM ƏLİYEV: Əvvəllər biz istəyirdik, vermirdilər. İndi deyirlər götürün, biz deyirik ki, lazım deyildir.

ETİBAR PİRVERDİYEV: Şərtləri çox yüngülləşdiriblər.

İLHAM ƏLİYEV: Biz çıxılmaz vəziyyətdə olanda elə şərtlər qoyurdular ki, məcbur olub onları qəbul edirdik. Baxın, əlverişli şərtlər deyilsə, biz büdcədən də vəsait ayıra bilərik.

ETİBAR PİRVERDİYEV: Sərfəli şərtlərdir. Cənab Prezident, Sizin bölgələrdə yeni güclərin yaradılması ilə bağlı qarşımızda proqram xarakterli vəzifə qoydunuz. Bu yöndə işlər davam etdirilir. Astara rayonunda ayrılmış ərazidə stansiyanın bünövrəsinin qoyulmasına hazırlıq işləri gedir. Yaxın 1-2 ay ərzində Sizin razılığınızla orada təməlqoyma mərasimi ola bilər. Eyni zamanda, Şəki rayonunda 90, Bakı şəhərində 106, Naxçıvan şəhərində 90 meqavatlıq stansiyaların quraşdırılması nəzərdə tutulubdur. Naxçıvanda bu ilin sonuna qədər dizel yanacağı ilə işləyən turbinlərin qaz yanacağına keçirilməsi üçün tədbirlər görülür. Nəticədə biz bu bölgədə 90, 50, 140 meqavatlıq yeni güclər əldə edəcəyik. İrandan qaz almaq imkanımız var. Gələn ildən biz Naxçıvanın enerjiyə olan tələbatını tam şəkildə ödəyəcəyik.

İLHAM ƏLİYEV: İrandan alınacaq kredit nə yerdədir?

ETİBAR PİRVERDİYEV: Kreditlə bağlı bütün məsələlər Sizin sərəncamınız əsasında həll olunubdur. Bankla bağlı problemimiz var. Onlar kreditin açılması üçün bizdən 1 faiz pul istəyirlər. Bu, böyük məbləğdir. Artıq Beynəlxalq Bankla razılıq əldə etmişik.

İLHAM ƏLİYEV: Həll etmək lazımdır. Kiçikhəcmli stansiyaların biri, deyəsən, bu bölgəyə aiddir, Xaçmazda olacaqdır?

ETİBAR PİRVERDİYEV: Bəli. Artıq yer ayrılıbdır. Bu bölgənin enerji təchizatı hazırda Giləzi və Siyəzən xətləri vasitəsilə həyata keçirilir. Bu xətlərdən biri 1950, digəri 1956-cı ildə çəkilmişdir. Onların vəziyyəti texniki cəhətdən çox yararsızdır, elektrik enerjisinin ötürülməsində ciddi itkiyə məruz qalırıq.

İLHAM ƏLİYEV: Xaçmazda 90 meqavatlıq stansiya quraşdırılandan sonra burada enerji qıtlığı problemi nə dərəcədə aradan qaldırılacaq? Axı bu stansiya təkcə Xaçmaz üçün deyil, region üçün nəzərdə tutulubdur.

ETİBAR PİRVERDİYEV: Cənab Prezident, vaxtilə ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Rusiya ilə Azərbaycan arasında 330 kilovoltluq sistemlərarası xətt çəkilmişdi. Həmin vaxt Gürcüstanla Azərbaycan arasında da belə bir xətt çəkilmişdi. Təəssüf ki, 1990-cı illərin əvvəllərində bu xətlərin müəyyən hissəsi dağıdılıbdır.

İLHAM ƏLİYEV: Oğurlanıb satılıbdır. Azərbaycanın o vaxtkı rəhbərliyinin bilavasitə iştirakı ilə bütün müəssisələrin infrastrukturu dağıdılıb, o cümlədən elektrik naqilləri kəsilib satılıbdır. Ölkə dağıdılırdı. Bu yaxınlarda Nazirlər Kabinetinin iclasında dediyim kimi, biz ancaq hələ bu il 1990-cı ilin səviyyəsinə gəlib çatmışıq. Görün, Azərbaycana rəhbərlik edən bu bacarıqsız adamlar bizə nə qədər ziyan vurublar! Onların məqsədi satmaq, dağıtmaq, varlanmaq idi, başqa bir şey yox idi. Yaratmaq, qurmaq onlara yad bir məsələ idi.

ETİBAR PİRVERDİYEV: Cənab Prezident, elə o vaxt nəzərdə tutulmuşdu ki, Xaçmazda Yaşma-Dərbənd xəttinin 230 kilovoltluq “Xaçmaz” yardımçı stansiyasına giriş-çıxışı təmin edilsin. Lakin bu layihə həyata keçirilmədi. Mən Sizə məlumat verəndən sonra göstəriş verdiniz ki, bu yardımçı stansiya tikilsin. Hazırda İslam İnkişaf Bankı ilə kreditin şərtləri barədə danışıqlar aparılır.

İLHAM ƏLİYEV: Xaçmazda 90 meqavatlıq stansiya tikiləndən sonra burada qış aylarında enerjiyə tələbat nə dərəcədə yaxşılaşacaq?

ETİBAR PİRVERDİYEV: Cənab Prezident, ciddi şəkildə yaxşılaşacaq, problemlər, demək olar, tam aradan qalxacaqdır.

İLHAM ƏLİYEV: Mən Şəmsəddin Xanbabayevdən soruşdum, dedi ki, 60 meqavat işlədirlər.

ŞƏMSƏDDİN XANBABAYEV: İndi 35 meqavat işlədirik.

İLHAM ƏLİYEV: Bəs edir?

ŞƏMSƏDDİN XANBABAYEV: Keçən il 45 meqavat işlədirdik. Sayğacları qoyandan sonra 10 meqavat qənaət edirik. Amma qış aylarında 65-70 meqavat lazımdır.

İLHAM ƏLİYEV: Bəs nə qədər alırsınız?

ŞƏMSƏDDİN XANBABAYEV: Az alırıq. Kəndlərdə çatışmır, cədvəllə verilir.

ETİBAR PİRVERDİYEV: Cənab Prezident, əsas tələbat axşamlar 3-4 saat ərzində olacaqdır. Bunu Abşerondan çatdıra biləcəyik.

İLHAM ƏLİYEV: İtkilər də azalacaqdır.

ETİBAR PİRVERDİYEV: İtkilər çox ciddi şəkildə azalacaqdır.

İLHAM ƏLİYEV: Stansiyalar həm də başqa bölgələrdə - Şəkidə, Naxçıvanda, Bakıda quraşdırılacaqdır.

ETİBAR PİRVERDİYEV: Cənab Prezident, bütün bölgələrdə texniki itkilər azalacaqdır. Müəyyən hesablamalar aparmışıq. Xaçmaz bölgəsi ilə bağlı onu deyə bilərəm ki, 330 kilovotluq yardımçı stansiya tikildikdən sonra 10/25 meqavat arasında itkilərimiz olacaqdır. Hazırda qışda itkilərimiz 20 meqavata çatır.

İLHAM ƏLİYEV: Hər halda, görülən tədbirlər nəticəsində bu il, gələn il böyük stansiyaların (“Şimal”, Sumqayıt) tikintisindən sonra Azərbaycanda elektrik enerjisi qıtlığı olmamalıdır.

Sonra çıxış edən “Azəriqaz” Səhmdar Cəmiyyəti sədrinin müavini NAZİM SƏMƏDZADƏ Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədi ilə 2004-cü ildə və 2005-ci ilin birinci yarısında görülmüş işlər haqqında məlumat verdi. İlk növbədə, bizim qlobal layihəmiz olan Naxçıvan Muxtar Respublikasını təbii qazla təmin etmək məsələsi qarşımızda qoyulmuşdur. Bir il ərzində, demək olar ki, 18 layihə üzrə bütün müsabiqələri keçirdik və artıq birinci mərhələdə nəzərdə tutulmuş işləri tam başa çatdırmaqdayıq. İnşallah, sentyabrın əvvəlində Astara sərhədindən İrana təbii qazın 55 atmosfer təzyiqlə verilməsi və oktyabrın əvvəlindən Naxçıvan Muxtar Respublikasına çatdırılmasında işlər, demək olar ki, yekunlaşacaqdır. İndi biz Naxçıvan Muxtar Respublikasında 23 mindən çox abonentə təbii qaz vermişik. Muxtar respublikada yenidən qurulan istilik-elektrik mərkəzinin qaz təchizatına da nail olacağıq.

İLHAM ƏLİYEV: Bu bölgəyə ayrılan diqqət ilə tam razıyam. Şimal bölgəsinin tələbatı nə dərəcədə ödənilir?

NAZİM SƏMƏDZADƏ: Respublikanın şimal bölgəsi əsasən idxal olunan magistral qaz kəmərinin üzərində yerləşir. Siyəzən rayonundan savayı, digər rayonlar idxal qazı ilə təmin olunur. Hazırda bu magistral qaz kəmərində lazımi səviyyədə təzyiq var, yəni texniki baxımdan imkan verir ki, biz rayonları təbii qazla tam təmin edək. Magistral qaz kəməri də, ondan ayrılan qollar da, qazpaylayıcı stansiyalar da yaxşı vəziyyətdədir. Hazırda şimal bölgəsində 34 minə yaxın abunəçi təbii qazdan istifadə edir. Bu, təxminən 50-55 faizi təşkil edir.

Cənab Prezident, biz regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, hər bir bölgə üzrə texniki-iqtisadi əsaslandırmalar hazırlamışıq. 2008-ci ilə qədər nəzərdə tutduğumuz bu proqramı həyata keçirmək üçün 180 milyard manatdan artıq vəsait tələb olunur. Proqramı üç mərhələyə bölmüşük. Birinci mərhələdə təbii qazla keçmişdə təmin olunan rayon mərkəzləri və kəndlərin, ikinci mərhələdə xətlərdə müəyyən təmir işlərinə ehtiyacı olan kəndlərin, üçüncü mərhələdə indiyədək qazlaşdırılmayan kəndlərin təbii qazla təmin olunması nəzərdə tutulur. Birinci mərhələ üzrə, işlər əslində tamamlanıb və rayon mərkəzləri demək olar ki, təbii qazla tam təmin olunubdur. Təkcə Qusar və Xaçmaz rayonlarında problemimiz var.

İLHAM ƏLİYEV: Onları da həll edin.

NAZİM SƏMƏDZADƏ: Baş üstə, cənab Prezident. Ancaq verilən təbii qazın haqqının ödənişində vəziyyət yaxşı deyildir.

İLHAM ƏLİYEV: Mən demişəm ki, kimin imkanı yoxdursa, ödəməsin. İndi deyirlər, heç kim ödəmək istəmir, deyir, mənim imkanım yoxdur.

NAZİM SƏMƏDZADƏ: Biz tapşırıq vermişik ki, aztəminatlı, kasıb ailələrə fərdi yanaşsınlar. İstərdik, rayon icra hakimiyyətlərinin başçıları da bizə kömək etsinlər. İlin altı aylıq nəticəsinə görə ödəniş faizi Qusar rayonunda 40 faiz, Quba rayonunda 36 faiz, Dəvəçi rayonunda 23 faiz, Siyəzən rayonunda 22,3 faiz, Xaçmaz rayonunda 26 faiz təşkil edir.

İLHAM ƏLİYEV: Sonuncu yerdə Siyəzən rayonudur. Ancaq deyir ki, qazla problem yoxdur, qazı 100 faiz alırsınız, pulunu da ödəyin. Orta əmək haqqı Azərbaycan üzrə 561 min manat, Siyəzəndə 590 min manatdır. Qazı da 100 faiz alırlar, amma pulunu vermirlər. Belə şey olar? Siz gərək 100 faiz ödəyəsiniz.

MÖVSÜM BƏDİRXANOV: Baş üstə, çalışarıq.

İLHAM ƏLİYEV: Sizdən soruşdum ki, işsizlik var, dediniz, yoxdur. Əmək haqqı da 590 min manatdır.

Mən bu yaxınlarda bu məsələyə toxundum, doğrudan da, qiymətlər artdıqdan sonra kasıb təbəqədən tələb etmək olmaz. Ona görə gərək vətəndaşlar bu işə məsuliyyətlə yanaşsınlar. Kimin imkanı varsa, mütləq ödəməlidir. Yəqin yerli icra hakimiyyəti orqanları da bilirlər ki, kimin imkanı var, kimin imkanı yoxdur. Eşidirəm, deyirlər ki, Prezident dedi ödəmə, mən də ödəmirəm, kasıbam, pulum yoxdur. Belə olmaz, gərək biz yığımı təşkil edək. Bizim qonşu Gürcüstanda 1000 kubmetr qazın qiyməti 150 dollardır, amma yığım 100 faizdir. Bizdə isə 48 dollardır. Orada orta aylıq əmək haqqı bizdəki kimi 120 dollar deyil, aşağıdır. Gərək vətəndaşlar bu işə məsuliyyətlə yanaşsınlar və yerli orqanlar da kömək etsinlər.

NAZİM SƏMƏDZADƏ: Cənab Prezident, qəribə də olsa, qazın pulunu ödəyən kasıblardır.

İLHAM ƏLİYEV: Görürsünüz, siz kasıb olmayanları möhkəm sıxışdırın.

NAZİM SƏMƏDZADƏ: Siyahılar hazırlayırıq, rayon icra hakimiyyətlərinə təqdim edəcəyik.

İLHAM ƏLİYEV: Hazırlayın. Ödəməyənlərin siyahılarını dərc edin, televiziyada deyin. Qoy, utansınlar. İmkanı olanlar ödəmirlərsə, qoy utansınlar.

NAZİM SƏMƏDZADƏ: Cənab Prezident, qaz sayğaclarının quraşdırılması ilə bağlı Sizin tapşırığınızı yerinə yetiririk. 126 mindən artıq sayğac quraşdırılıbdır. Bu il quraşdırılanlar 55 mindən yuxarıdır.

İLHAM ƏLİYEV: Sayğac quraşdırılandan sonra fərq görünür? Yəqin qənaət daha çoxdur.

NAZİM SƏMƏDZADƏ: Elə adam var ki, sayğac istəmir.

İLHAM ƏLİYEV: Səbəbi nədir?

NAZİM SƏMƏDZADƏ: Yəni normativdən az çıxır.

İLHAM ƏLİYEV: Bəs deyirsiniz ki, normativlə qışda çox çıxır.

NAZİM SƏMƏDZADƏ: Şimal bölgəsində qaz çox işlənilir.

İLHAM ƏLİYEV: Yəni, normativ real vəziyyətdən daha da əlverişlidir. Bəs, elektrik sayğacları necə, Şəmsəddin Xanbabayev dedi ki, sayğac quraşdırandan sonra vəziyyət yaxşıdır.

ŞƏMSƏDDİN XANBABAYEV: Cənab Prezident, çox yaxşıdır, kəndlərdə də yaxşıdır. Hamı razıdır.

NAZİM SƏMƏDZADƏ: Cənab Prezident, biz araşdırmırıq ki, bunun xeyri var, ziyanı var. Biz proqramı yerinə yetiririk, sayğacları quraşdırırıq.

İLHAM ƏLİYEV: Bunu etməliyik. Bir də bütün texniki işləri başa çatdırmalıyıq. İndi qaz çatmır. 4 milyard kubmetr özümüz hasil edirik, 4,5 milyard kubmetr də alırıq. Əslində, Rusiyanın “Qazprom” şirkəti ilə bizim müqaviləmiz 5,5 milyard kubmetr idi. İndi onu vermir, məktub yazıb ki, vermirəm. Bizə qaz başqa haradan gəlsin? Yoxdur. Amma özümüz hasil edəndə olacaq. Ona görə gərək elə edək ki, qaz tam həcmdə olanda bütün xətlər saz vəziyyətdə olsun. İcra hakimiyyətlərinin başçıları ilə birgə işləyin. Təkcə bu bölgədə yox, bütün bölgələrdə gərək icra hakimiyyətlərinin başçıları yığıma kömək etsinlər.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev müşavirəyə yekun vurdu.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

AzMİU-da “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb

Belçikada “İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı olub

Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar

Şimali Kipr universitetlərinə daxil olmaq istəyən azərbaycanlı abituriyentlərə tövsiyə

Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib

Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

Azərbaycan parataekvondoçusu: Qazandığım qızıl medallar sayəsində dünya reytinqində ikinci yerə yüksəldim

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub

“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub

Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir

Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb

İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır

Qlobal LNG ticarəti ötən il 5 faiz artıb

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların ortaaylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır

Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü

Fransada yaşlı insanların sayının artacağı gözlənilir

Nazir: Məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir

Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü

Bu saata olan əsas xəbərlər

Rəssam Yelizaveta Nevinnaya: Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi

Ekspert: Yeni Fərmanla sahibkarlar regionlarda fəaliyyət göstərməyə stimullaşdırılır

Tahir Budaqov: Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı kimi müasir tariximizdə silinməz iz qoyub

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

®  “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

® “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya

Ekspert: Yeni tənzimləmələr uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edir

Adil Kərimli: Kitabxana sistemində infrastruktur və məzmun baxımından problemlər var

Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”un mifoloji xülasələrinə dair məruzə təqdim edilib

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Türkiyənin Adana şəhərində dünyada ən böyük arı “hoteli” açılıb

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

Tarixə düşən azərbaycanlı boks hakimi: Los-Anceles Olimpiadasında da iştirak etməyi arzulayıram

ABŞ-nin enerji naziri: Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb

AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan

Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

Türk ekspert: Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq dərinləşir RƏY

Deputat: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırılır

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

BƏT: Dünyada təqribən 138 milyon uşaq əmək istismarına məruz qalır

Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum edib

Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar

Mərkəzi Bankın əməkdaşları Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir

Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

“Airbus”la birlikdə səkkiz şirkət Almaniyaya altıncı nəsil döyüş təyyarəsi təklif edib

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

ABŞ-nin xam neft ehtiyatları azalır

AQTA yerli istehsalçıların Çin bazarına çıxışını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir

Zərdabda heyvandarlıqda innovativ yenilik - xırdabuynuzlu heyvanlar ölkədə ilk dəfə avtomatlaşdırılmış qurğu ilə dezinfeksiya edilir