AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İRAN TELEVİZİYASINA MÜSAHİBƏSİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də imam Xomeyninin məqbərəsini ziyarət etdikdən sonra İran televiziyasına qısa müsahibə vermişdir.
SUAL: Cənab Prezident, bu gün Siz Xomeyninin məqbərəsini ziyarət etdiniz. Mümkünsə, imam Xomeyninin Azərbaycanda yeri barədə fikrinizi açıqlayasınız.
CAVAB: Mən bu gün imam Xomeyninin qəbrini ziyarət etməyə gəlmişəm. İmam Xomeyni tarixi bir şəxsiyyətdir. İran İslam Respublikasının banisidir və İranın həyatında müstəsna xidmətləri olmuş bir şəxsiyyətdir. Dünyada böyük nüfuzu vardı və xatirəsi də böyük ehtiramla yad edilir.
İmam Xomeyni öz ölkəsini, öz xalqını həmişə azad görmək istəyirdi. Bu gün onun bütün arzuları yerinə yetirilibdir. Azərbaycan da gənc müstəqil dövlətdir, biz yalnız 1991-ci ildə müstəqilliyimizi bərpa etdik. Əlbəttə azadlıq, hürriyyət bizim üçün həmişə əziz olubdur. Bu gün Azərbaycan xalqı öz müqəddəratını, öz taleyini özü həll edir, bu da bizim üçün böyük xoşbəxtlikdir. Sağ olun.