AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MİNGƏÇEVİRƏ SƏFƏRİ
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı şəhərin girəcəyində icra hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı, ağsaqqallar, ziyalılar yüksək ehtiramla qarşıladılar. Dövlətimizin başçısının şərəfinə qurbanlar kəsildi.
Prezident İlham Əliyev burada məcburi köçkünlər ücün salınmış yeni qəsəbənin açılışına gəldi. Burada dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev Yaponiyanın Yoxsulluğun Azaldılması Fondunun xətti ilə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilmiş layihənin - məcburi köçkünlərin Mingəçevirdə inteqrasiyası layihəsinin tikinti və inkişaf mərhələləri ilə tanış oldu.
Qəsəbənin açılış mərasimindən əvvəl ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dövlətqaçqınkomun sədri, Baş nazirin müavini Əli Həsənov mərasimi açaraq bildirdi ki, 412 məcburi köçkün ailəsi üçün salınmış qəsəbənin tikintisini Yaponiyanın Yoxsulluğun Azaldılması Fondunun xətti ilə Asiya İnkişaf Bankı maliyyələşdirmişdir. Ümummilli liderimiz Heydər Əliyevin dəstəyi ilə salınan qəsəbənin tikintisi ilə əlaqədar hələ 2002-ci ildə Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında saziş imzalanmış, 2,5 milyon dollar vəsait ayrılmışdı. Qəsəbədəki evlərin 300-ə qədərini baş podratçı olan “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti inşa etmişdir. İnfrastrukturun qurulması işləri isə “Azərrabitəinşaat” Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilmişdir. Bundan başqa 150 min dollar həcmində mikrokredit də ayrılmışdır ki, bu da əhalinin məşğulluq problemlərinin həllinə yönəldiləcəkdir. Azərbaycan hökumətinin vəsaiti hesabına isə elektrik və su xətləri çəkilmişdir. Qəsəbədə, əsasən, Mingəçevirdəki avarçəkmə bazasında, tikintisi yarımçıq qalmış mehmanxana binasında və digər tikililərdə ağır şəraitdə yaşayan məcburi köçkünlər məskunlaşacaqlar.
Kəlbəcər rayonundan olan məcburi köçkün Məhyəddin Süleymanov, Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara, Asiya İnkişaf Bankının nümayəndəsi Allen Vilyams, ABŞ-ın “Dünyaya baxış” beynəlxalq humanitar təşkilatının nümayəndəsi Maykl Makintayer, Ağdam rayonundan olan məcburi köçkün Marusa Əliyeva mərasimdə çıxış etdilər.
Prezident İlham Əliyev mərasimdə geniş nitq söylədi. Dövlətimizin başçısı qaçqınlara və məcburi köçkünlərə qayğının bundan sonra da davam etdiriləcəyini bildirdi, respublikamıza ayrılan yardımlara və kreditlərə görə Yaponiya hökumətinə minnətdarlıq etdi.
Prezident İlham Əliyev Azərbaycan DRES-də Heydər Əliyev muzeyinə baxdı, “Kür” avarçəkmə bazasında, “Azərkabel” Səhmdar Cəmiyyətində oldu.
Mingəçevirə səfərinin sonunda Prezident İlham Əliyev şəhər icra hakimiyyətində müşavirə keçirdi. Dövlət başçısı müşavirəni giriş sözü ilə açdı.
Mingəçevir Şəhəri İcra Hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı, iqtisadi inkişaf naziri Fərhad Əliyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev müşavirədə çıxış etdilər.
Prezident İlham Əliyev müşavirədə yekun nitqi söylədi.
(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).
X X X
Dövlətimizin başçısı iyunun 8-də axşam Bakıya qayıtdı.