AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Əziz dostlar!
Biz növbəti dəfə görüşürük. Mən çox şadam ki, hər dəfə görüşəndə yeni müəssisələrin açılışı, yeni infrastrukturun yaranması haqqında məlumatlar səslənir. Bir il bundan əvvəl Quba şəhərində kredit yarmarkası keçirmişdik, bu dəfə isə qərara aldıq ki, bunu Xaçmazda edək. Dünən Qubada idim, bu gün buradayam, vəziyyətlə tanış oluram. Çox sevinirəm ki, bir il ərzində həm Qubada, həm də Xaçmazda çox böyük dəyişikliklər var. Abadlıq, quruculuq işləri gedir, yeni parklar salınır, binalar tikilir. İnkişaf göz qabağındadır.
Əlbəttə, sahibkarların bu inkişafda rolu ildən-ilə artır. Azərbaycan neçə illərdir ki, öz iqtisadi siyasətini azad iqtisadiyyat prinsipi üzərində qurubdur. Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin çox cəsarətli siyasəti idi və təxminən 10 il bundan əvvəl aparılmağa başlanmışdı. O illərdə ümumiyyətlə sahibkarlıq haqqında, bazar iqtisadiyyatı haqqında Azərbaycanda o qədər də geniş məlumat yox idi və cəmiyyətdə özəl fəaliyyətlə məşğul olan insanlara münasibət bir az fərqli idi. Yəqin ki, o illərdə sahibkarlıqla məşğul olanlar bunu yaxşı bilirlər. Ardıcıl, məqsədyönlü siyasət, bazar iqtisadiyyatının təklif olunması, Azərbaycanın beynəlxalq aləmə, Avropa strukturlarına inteqrasiya prosesi indi ölkəmizdə güclü sahibkarlar sinfinin yaranmasına gətirib çıxarıbdır. Bu işdə həm hökumətin fəaliyyəti çox mühüm rol oynadı, həm də sahibkarların özlərinin fəaliyyəti çox böyükdür.
Son illər ərzində bu sahəyə daha da çox diqqət göstərilir. Biz inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda iqtisadiyyatın əsas hissəsini kiçik və orta sahibkarlar formalaşdırır. Azərbaycanda hələ belə deyildir. Bu da təbiidir. Çünki biz hələ ki, keçid dövrünü yaşayırıq. Sosialist sistemindən bazar iqtisadiyyatı sisteminə keçid dövrünü yaşayırıq. Ona görə sosialist sisteminin əlamətləri, iri müəssisələrin mövcudluğu var. Buna da mənfi yanaşmaq lazım deyildir. Bu gün Azərbaycanın iqtisadiyyatını xeyli dərəcədə müəyyən edən neft sektoru dövlət inhisarındadır. Bizə qonşu olan ölkələrdə bu, özəl sektordadır. Orada vəziyyət bir az başqadır, Azərbaycanda başqadır. Ancaq özəl sektorun, kiçik, orta sahibkarlığın inkişafı hər bir ölkənin gələcək inkişafına çox mühüm töhfə verir və verəcəkdir.
Azərbaycanda son illər ərzində bu sahəyə çox böyük diqqət göstərilir. Təkcə sözdə deyil, həm də əməli işdə. Bu da ondan ibarətdir ki, kreditlərin həcmi ildən-ilə artırılır. Bu il 200 milyard manat kredit veriləcək, keçən il daha az idi. Gələn il isə özəl sektora 400 milyard manat kredit vermək nəzərdə tutulubdur. Ölkəmiz inkişaf etdikcə, iqtisadi potensialımız möhkəmləndikcə bu məbləğ artacaqdır. Gələn il Azərbaycanın büdcəsi 3 milyard dollar olacaqdır. Ondan sonrakı illərdə bu, daha da artacaqdır. Bizim iqtisadi potensialımız, gücümüz artır, Azərbaycanda iqtisadi inkişaf çox yüksək sürətlə gedir. Təxminən 16-18 faiz səviyyəsindədir ki, bu da dünyada ən yüksək göstəricidir. Mən ümid edirəm ki, sahibkarlar bundan sonra da onlara ayrılan kreditlərdən çox səmərəli istifadə edəcəklər. Eyni zamanda, özləri də şəxsi vəsaitləri hesabına, artıq fəaliyyətdə olan müəssisələrin gəliri hesabına istehsal sahələrini genişləndirəcəklər. Beləliklə, Azərbaycanın büdcəsinə əlavə vəsait daxil olacaq, yeni iş yerləri açılacaq və sahibkarlar daha da zəngin olacaqlar.
Azərbaycanın inkişafının ilk illərində biz əsas diqqəti xarici sərmayələrə yönəltmişdik. Bu da təbii idi. Çünki ölkədə iqtisadi durum çox acınacaqlı idi, demək olar ki, müəssisələrin böyük əksəriyyəti fəaliyyət göstərmirdi, sahibkarlıq sıfır səviyyəsində idi. Olan sahibkarlığa da sahibkarlıq deyə bilməzdik. Çünki o, daha çox kölgə iqtisadiyyatının təzahürü idi. Ona görə 1994-1997-ci illərdə biz daha çox xarici sərmayəyə ümid edirdik. Bu, təbii proses idi.
Xarici sərmayə Azərbaycana imkan verdi ki, neft sektoru inkişaf etsin. Çünki xarici sərmayənin əsas ünvanı neft sektoru idi. Ancaq neft sektoruna qoyulan hər bir dollar qeyri-neft sektoruna da minumum bir dollar gətirir. İndi isə Azərbaycanda formalaşan sahibkarlıq sinfi özü sərmayə qoyur və bu məni çox sevindirir. Çünki xarici investisiyalar hər bir ölkə üçün çox önəmlidir. Amma bizim daxildə də imkanlarımız var. Ona görə gərək sahibkarlar bu gözəl işgüzar mühitdən səmərəli istifadə etsinlər. İndi Azərbaycanda sahibkarların fəaliyyətinə heç kim müdaxilə etmir. Mən bütün aidiyyəti orqanlara ciddi göstəriş vermişəm ki, sahibkarlara maksimum dərəcədə şərait yaradılsın, heç kim onlara maneçilik törətməsin. Əksinə, vəzifəli şəxslər, dövlət məmurları sahibkarlığın inkişafına kömək göstərməlidirlər. Bu, mənim prinsipial mövqeyimdir və ümid edirəm ki, gələn illərdə sahibkarlıq daha da sürətlə inkişaf edəcəkdir.
Bir il bundan əvvəl ayrılmış kreditlər artıq bu gün öz bəhrəsini verir. Onların hesabına təzə müəssisələr yaranır, yeni iş yerləri açılır və beləliklə, ölkə inkişaf edir. Mən əminəm ki, bu gün bu binada alınan kreditlər də bir ildən sonra öz bəhrəsini verəcəkdir. Sahibkarlığın inkişafı, özəl sektorun güclənməsi, qeyri-neft sektorunun güclənməsi bizim fəaliyyətimizin əsas istiqamətləridir.
Azərbaycanın iqtisadiyyatı inkişaf edir, neft strategiyası uğurla həyata keçirilir. Artıq Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilir. Digər nəhəng, dünya miqyaslı layihələr gerçəkləşir.
Azərbaycanda çox gözəl ictimai-siyasi durum mövcuddur. Sabitlik hər bir sahibkar üçün, özəl sektorda fəaliyyət göstərən iş adamı üçün ən önəmli məsələdir. Sabitlik olmayan ölkələrdə adətən heç kim vəsait, sərmayə qoymur və nəticədə inkişaf çox ləng gedir. Sabitlik olan yerlərdə isə inkişaf özünü çox qabarıq şəkildə göstərir.
Bu ilin ilk altı ayında Azərbaycanda ümumi daxili məhsulun həcmi 16,5 faiz, sənaye istehsalı 20 faiz artıbdır. Son ilyarım ərzində minimum əmək haqqı 3 dəfə artıbdır, digər məsələlər öz həllini tapıbdır. Əlbəttə, problem də çoxdur. Onu heç kim inkar etmir. İşsizlik, yoxsulluq - bunlara qarşı necə mübarizə etməliyik? İşsizliyi aradan qaldırmaq üçün yeni iş yerləri açılmalıdır. Biz bunu sahibkarlara kreditlər verilməsi vasitəsilə həll edirik. Yoxsulluğun aradan qaldırılması üçün minimum əmək haqqının qaldırılması, digər sosial ödənişlərin, təqaüdlərin qaldırılması və infrastruktur layihələrinin həyata keçirilməsi lazımdır.
Gələn il Xaçmazda yeni elektrik stansiyaları qurulacaqdır. Ümid edirəm ki, elektrik enerjisi qıtlığı aradan qaldırılacaqdır. Elektrik enerjisi istehsal deməkdir, müəssisənin fəaliyyəti, iş yerinin yaranması deməkdir. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Əlbəttə, bütün məsələlərə vahid kontektsdə baxılır. Çünki təkcə sahibkarlıq sektorunu ayırıb ona fərdi yanaşmanı tətbiq etmək olmaz. Bu məsələlərə ölkənin ümumi inkişafı çərçivəsində baxılır. İnfrastruktur yaranmalıdır, yollar salınmalıdır.
Bizim 10-15 dəqiqə bundan əvvəl tanış olduğumuz sərgidə nümayiş etdirilən yeni istirahət zonasının şəkilləri mənə təqdim olundu. Deyirlər ki, istəyirik, bunu yeni salınmış yolun kənarında tikək. Təzə salınan o yol olmasaydı, heç kim orada heç nə tikməzdi. Lap orada imarət tik, yaxud beşulduzlu hotel tik, əgər yol yoxdursa, heç kim oraya getməyəcəkdir. Ona görə sahibkarlıq ümumi kontekst çərçivəsində inkişaf etməlidir. Dövlət öz tərəfindən üzərinə düşən vəzifələri yerinə yetirməlidir: infrastrukturun yaranması, yolların salınması, elektrik stansiyasının tikintisi, qaz xətlərinin çəkilməsi, su, istilik təchizatı. Ondan əlavə, sahibkarlara nağd şəkildə uzunmüddətli kreditlərin verilməsi, özü də bu, az miqdarda deyildir, gələn il 400 milyard manat olacaqdır. Sahibkarın da üzərinə vəzifələr düşür. Bunlar yeni iş yerlərinin açılması, vergilərin vaxtlı-vaxtında ödənilməsi, alınan kreditin vaxtında qaytarılması və bu gözəl mühitdən istifadə edərək yaşadığı rayonu, bölgəni, kəndi, qəsəbəni abadlaşdırmaqdır. Qarşılıqlı əlaqələr bax, budur. Mən əminəm ki, əgər iqtisadiyyatımızın bütün seqmentləri çox əlaqəli şəkildə inkişaf edərsə, biz qısa müddət ərzində istədiyimizə nail olacağıq.
Mən sizin vaxtınızı çox almaq istəmirəm. Bu gün hava da çox isti keçir. Salonda da hava bir az çatmır. Amma buna baxmayaraq, mən demək istəyirəm ki, sizi görməyimə çox şadam. Çox şadam ki, Azərbaycanda gözəl sahibkarlar sinfi yaranıbdır. Artıq bu, reallıqdır və daha da inkişaf etməlidir. İndi iqtisadiyyatımızın təxminən 75 faizi özəl sektor hesabına formalaşır və bu gələcəkdə daha da artacaqdır.
Nəhayət, bir daha demək istəyirəm ki, mən sahibkarlara həmişə kömək göstərəcək, onları dəstəkləyəcəyəm. Bu, bir tərəfdən dövlət siyasətidir, digər tərəfdən də, mənim şəxsi təcrübəmdən gəlir. Mən bilirəm ki, sahibkarlıq inkişaf etmədən sənin nə qədər istəsən neftin, qazın, kəmərin olsun, - faydası olmayacaqdır. Çünki sahibkarlıq, bir tərəfdən, inkişaf deməkdir, digər tərəfdən, insanların azadlığı deməkdir. İnsanlar azad olmalıdır, heç kimdən, o cümlədən dövlət məmurlarından asılı olmamalıdırlar. Özəlləşdirmənin, sahibkarlığın iqtisadiyyatımıza təsiri böyükdür desək, səhv etmərik. Amma təkcə ondan ibarət deyildir. Bunun cəmiyyətimizin inkişafına, Azərbaycanda demokratiyanın bərqərar olunmasına çox böyük töhfəsi olacaqdır.
Sizi çox yormaq istəmirəm, işləriniz çoxdur. Gedin, işlərinizlə məşğul olun, möhkəm iqtisadiyyatı qurun, yeni müəssisələri yaradın, iş yerləri açın, insanlara yaxşı iş şəraiti yaradın, yaxşı maaşlar verin ki, biz ölkəmizi daha da inkişaf etdirək, gücləndirək. Bu işdə sizin hamınıza uğurlar arzulayıram. Sağ olun.
(Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı).
X X X
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə kredit müqavilələrinin imzalanması mərasimi oldu.
“İş Bankası Azərbaycan” ASC ilə Xaçmaz rayonunda fəaliyyət göstərən “Nahid” MMC-nin rəhbəri Nahid Balaqadaşov arasında turizm infrastrukturunun inkişafı yönümlü sərmayə layihəsinin maliyyələşdirilməsinə 450 milyon manat, “Bərgüşad” MMC-nin rəhbəri Oqtay Şirinov arasında süd məhsullarının emalı yönümlü sərmayə layihəsinin maliyyələşdirilməsinə 400 milyon manat, “Texnikabank” ASC ilə “MRB fermer təsərrüfatı” MMC-nin rəhbəri Ələsgər Paşayev arasında ət və süd istehsalı yönümlü sərmayə layihəsinin maliyyələşdirilməsinə 470 milyon manat, “Azərdəmiryolbank” səhmdar bankı ilə Qusar rayonundakı “Safari” firmasının rəhbəri Bəxtiyar Mirzəyev arasında kənd təsərrüfatı məhsullarının qablaşdırılması üçün tara istehsalı yönümlü sərmayə layihəsinin maliyyələşdirilməsinə 480 milyon manat, “Oki” özəl tibb müəssisəsinin rəhbəri Malik Kərimov arasında əhaliyə yüksək tibbi xidmət göstərilməsi məqsədi ilə müasir tibb avadanlığı alınması yönümlü sərmayə layihəsinin maliyyələşdirilməsinə 460 milyon manat, “Mars” MMC-nin rəhbəri Telman Mehrəliyev arasında meyvə şirələri istehsalı yönümlü sərmayə layihəsinin maliyyələşdirilməsinə 250 milyon manat kredit verilməsi barədə müqavilələr imzalandı.
“Əmrahbank” ilə Quba rayonundakı “Səməd” MMC-nin rəhbəri Elman Ağayev arasında turizm infrastrukturunun inkişafı yönümlü sərmayə layihəsinin maliyyələşdirilməsinə 480 milyon manat, “Birlikbank” ilə Qusar rayonundakı “Pioner” şirkətinin rəhbəri Natiq Əliyev arasında çörək və un məmulatları istehsalı yönümlü sərmayə layihəsinin maliyyələşdirilməsinə 400 milyon manat, “Nikoyl” bankı ilə Siyəzən rayonundakı “Arbanda” kiçik müəssisəsinin rəhbəri Ədalət Sadıqov arasında ət və süd məhsullarının istehsalı yönümlü sərmayə layihəsinin maliyyələşdirilməsinə 400 milyon manat, “Atrabank” ilə Xaçmaz rayonundakı “Ə.R.A” MMC-nin rəhbəri Yəhya Mustafayev arasında tikinti materiallarının (çınqıl) istehsalı yönümlü sərmayə layihəsinin maliyyələşdirilməsinə 480 milyon manat, “Dərviş” MMC-nin rəhbəri Rəşid Hüseynov arasında tikinti materiallarının (qum-çınqıl) istehsalı yönümlü sərmayə layihəsinin maliyyələşdirilməsinə 470 milyon manat, “Respublika” bankı ilə Dəvəçi rayonunda fəaliyyət göstərən fiziki şəxs Əhməd Səmədov arasında heyvandarlığın inkişafı yönümlü sərmayə layihəsinin maliyyələşdirilməsinə 70 milyon manat kredit verilməsi ilə bağlı müqavilələr imzalandı.
Ümumiyyətlə, 12 sahibkarlıq subyekti ilə 4810 milyon manat həcmində kredit müqavilələri bağlandı ki, gələcəkdə bunun hesabına 224 nəfər işlə təmin olunacaqdır.