AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN PAKİSTANIN BAŞ NAZİRİ ŞÖVKƏT ƏZİZLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Pakistan İslam Respublikası Baş nazirinin iqamətgahına gəlmişdir.
İqamətgahın qarşısında Prezident İlham Əliyevi Pakistanın Baş naziri Şövkət Əziz böyük hörmət və mehribanlıqla qarşıladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Şövkət Əzizlə təkbətək görüşü oldu.
Prezident İlham Əliyevi Pakistanda görməyindən məmnunluğunu bildirən Baş nazir Şövkət Əziz ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu vurğulayaraq dedi ki, iqtisadiyyatın bir çox sahələri üzrə Azərbaycanla geniş əməkdaşlıq etmək mümkündür və bu, bizim üçün ən əsas məsələlərdən biridir. O, bu baxımdan müxtəlif səviyyəli qarşılıqlı səfərlərin də vacibliyini söylədi.
Azərbaycanın dünya ölkələri ilə sıx əməkdaşlıq etdiyini və ölkəmizdə bir çox mühüm beynəlxalq layihələrin həyata keçirildiyini xatırladan Prezident İlham Əliyev bir çox sahələrdə Pakistanla işbirliyi üçün gözəl perspektivlər olduğunu bildirdi.
Dövlətimizin başçısı respublikamızdakı mövcud vəziyyətdən, bazar iqtisadiyyatı yolu seçmiş Azərbaycanda həyata keçirilən islahatlardan, hüquqi, demokratik dövlət quruculuğu sahəsində görülən tədbirlərdən, Ermənistanın hərbi təcavüzü ilə əlaqədar yaranmış çətinliklərdən də geniş söhbət açdı. Azərbaycan Prezidenti beynəlxalq təşkilatlarda ölkəmizin haqq işini müdafiə etdiklərinə görə Pakistan hökumətinə və şəxsən Baş nazir Şövkət Əzizə minnətdarlığını bildirdi.
Görüşdə Azərbaycan Prezidentinin rəsmi səfəri çərçivəsində imzalanacaq sənədlərin əhəmiyyəti vurğulandı, qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.