AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QUBAYA SƏFƏRİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba şəhərinə gəlmişdir.
Dövlətimizin başçısı ilk olaraq şəhərin girəcəyində salınmış Heydər Əliyev parkına gəldi. Burada Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya gül-çiçək dəstələri təqdim olundu. Parka toplaşan minlərlə qubalı ölkəmizin rəhbərini və onun xanımını böyük hörmət və ehtiramla, hərarətli alqışlarla qarşıladılar. Qubalılar Prezident İlham Əliyevin rayona hər gəlişinin böyük bayram olduğunu vurğuladılar və ümummilli lider Heydər Əliyevin siyasətinin layiqli davamçısının ətrafında sıx birləşdiklərini, onun daxili və xarici siyasətini dəstəklədiklərini bildirdilər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda açılmış Abbasqulu ağa Bakıxanov adına Quba Tarix Muzeyinin eksponatlarına baxdılar. Muzeyin direktoru Məryəm Hacıyeva Prezidentə məlumat verdi ki, muzeydə XII əsrdən müasir dövrədək tariximizə dair eksponatlar nümayiş etdirilir. Onların arasında Fətəli xanın hakimiyyəti dövrünə aid əşyalar da vardır.
Sonra Prezident İlham Əliyev “Aygün” şirkətinin məhsulları ilə tanış oldu. Şirkətin direktoru Fatimə Ağamirzəyeva bildirdi ki, qədim el sənətlərinin bərpası və təkmilləşdirilməsi ilə məşğul olan şirkət “Nağıl”, “Nəbati”, “Yaz çiçəkləri”, “Avanqard” adlı xalçalar, habelə Təbriz, Quba xalçaçılıq məktəblərinə aid xalçalar toxuyur. O, fərəhlə bildirdi ki, dünyanın 55 ölkəsi arasında ilin ən yaxşı qadın sahibkarı adına layiq görülmüşdür. Dövlətimizin başçısının köməyi ilə verilən kreditə görə minnətdarlıq edən şirkətin direktoru dedi ki, bu kreditlər ölkədə sahibkarlığın inkişafına çox böyük köməkdir.
Prezident İlham Əliyev Quba uşaq yaradıcılıq mərkəzində məşğul olan uşaqların əl işlərindən ibarət sərgiyə də baxdı. Mərkəzin direktoru Elmira Asəfi bildirdi ki, 70 ildir fəaliyyət göstərən mərkəzin binasının müasir səviyyədə bərpa olunması üçün hazırda rayon rəhbərliyi tərəfindən tədbirlər görülür. Dövlətimizin başçısı Quba texniki yaradıcılıq mərkəzi yetirmələrinin hazırladıqları müxtəlif maketlərlə də tanış oldu. Prezident İlham Əliyev dedi ki, bu yaradıcılıq işləri Azərbaycanın zəngin mədəniyyətə sahib olduğunu, eyni zamanda, uşaqların, yeniyetmələrin böyük istedadını bir daha göstərir.
Sonra Prezident İlham Əliyev parkda ucalan ümummilli lider Heydər Əliyevin abidəsinin açılışında iştirak etdi. Dövlətimizin başçısı ulu öndərin abidəsinin üzərindən ağ örtüyü götürdü. Azərbaycan Prezidenti və xanımı abidənin önünə gül-çiçək dəstələri qoydular. Prezident İlham Əliyev ulu öndərin adını daşıyan parkda görülmüş işləri, buradakı səliqə-sahmanı yüksək dəyərləndirdi.