RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TACİKİSTANIN MİLLİ MƏCLİSİNİN SƏDRİ MAHMADSAİD UBAYDULLOYEV İLƏ GÖRÜŞÜ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Tacikistan Respublikası parlamentinin yuxarı palatasının - Milli Məclisin sədri Mahmadsaid Ubaydulloyev ilə görüşmüşdür.
Mahmadsaid Ubaydulloyev Prezident İlham Əliyevi parlamentin binası qarşısında böyük hörmət və ehtiramla qarşıladı.
Görüş zamanı Mahmadsaid Ubaydulloyev zəhmətkeş və istedadlı Azərbaycan xalqının rəhbərini salamlamaqdan məmnunluğunu bildirərək dedi ki, zəngin tarixi və mədəniyyəti olan Azərbaycanla dostluq əlaqələrini genişləndirmək istəyimiz böyükdür. Sizin rəsmi səfərinizi yüksək qiymətləndirir və əminik ki, bu, əməkdaşlığımızda yeni səhifə açacaqdır.
Milli Məclisin sədri bildirdi ki, görkəmli dövlət xadimi Heydər Əliyev vaxtilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən Tacikistan üçün mühüm strateji əhəmiyyət daşıyan Kulyab dəmir yolunun çəkilişində müstəsna rol oynamışdır. Tacikistanda iqtisadiyyatın inkişafı, yoxsulluğun azaldılması sahəsində görülən işlərdən söhbət açan Mahmadsaid Ubaydulloyev dedi ki, biz Azərbaycanda gedən inkişaf proseslərindən sevinirik. Azərbaycanda regional inkişaf proqramı uğurla icra olunur və biz ölkənizin bu təcrübəsindən yararlanmaq fikrindəyik. O, parlamentlərarası əməkdaşlıqdan danışaraq bildirdi ki, Tacikistan Milli Məclisində Tacikistan-Azərbaycan dostluq qrupu yaradılıbdır və bu, əməkdaşlığımızı daha da dərinləşdirəcəkdir.
Prezident İlham Əliyev Azərbaycanda gedən iqtisadi inkişafdan, siyasi proseslərdən danışdı, Azərbaycan ilə Tacikistan arasında layihələrin həyata keçirilməsinin zəruriliyini, imzalanmış sənədlərin, parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün möhkəm potensial, xalqlarımızın dostluğu, mədəni tarixi yaxınlıqlar var və bütün bunlar yeni əməkdaşlıq üçün böyük imkan yaradır.
Bu səfərin ikitərəfli əlaqələrin genişlənməsində yeni mərhələ açacağını vurğulayan dövlətimizin başçısı qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin qərara alındığını da xatırlatdı.
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzündən və onun ağır nəticələrindən, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində ölkəmizin mövqeyindən də ətraflı danışdı.
Martın 16-da Tacikistan Prezidenti Emoməli Rəhmonovun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir.