AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRİ HAQQINDA KİTAB ÇAPDAN ÇIXMIŞDIR
SPAQ-SOMER qrupunun əməkdaşları AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətdə bildirmişlər ki, xarici ölkələrin dövlət və hökumət başçılarının Türkiyəyə rəsmi səfərləri normal bir haldır. Ancaq bəzi səfərlər xüsusi əhəmiyyət daşıyır. Bunların mənəvi, siyasi, regional və beynəlxalq əhəmiyyəti danılmazdır. Səfər başa çatandan sonra da aylarla, bəzən illərlə onun haqqında danışılır, analitik yazılar, məqalələr dərc olunur, televiziya verilişləri, sənədli filmlər yayımlanır. Bütün türk dünyasının böyük oğlu, zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin Türkiyəyə səfərləri məhz bu xüsusiyyətləri daşıyırdı. ABŞ prezidentləri Bill Klintonun, Corc Buşun, İngiltərənin Baş naziri Toni Bleyerin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərləri də bu baxımdan diqqətəlayiqdir. Aylar keçsə də, bu səfərlərin aktuallığı itmir. Aparılan danışıqlar, imzalanan sənədlər, liderlərin bəyanatları və davranışları yaddaşlara həkk olunur. Məhz buna görə də Prezident İlham Əliyevin səfərinə həsr olunmuş kitabın Türkiyə ictimaiyyəti arasında böyük maraq doğuracağından əminik.