AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ LATVİYA PREZİDENTİ VAYRA VİKE-FREYBERQANIN TƏKBƏTƏK GÖRÜŞÜ
Oktyabrın 3-də, rəsmi qarşılanma mərasimindən sonra Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti xanım Vayra Vike-Freyberqanın təkbətək görüşü olmuşdur.
Prezident İlham Əliyev Latviya Prezidenti Vayra Vike-Freyberqanı Bakıda salamlamaqdan məmnunluğunu bildirdi, bu səfərin Azərbaycan ilə Latviya arasında bütün sahələrdə münasibətlərin daha da möhkəmləndirilməsinə yeni imkanlar açacağını söylədi, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı.
Azərbaycana rəsmi səfərə dəvətə görə, dövlətimizin başçısına minnətdarlıq edən Prezident Vayra Vike-Freyberqa bu səfəri tarixi hadisə adlandırdı, iki ölkə arasında münasibətlərdə yeni səhifənin açdığını, əməkdaşlığın inkişafına təkan verəcəyini söylədi. Ali qonaq dedi ki, Avropa strukturlarına inteqrasiyada Latviya Azərbaycanı gələcəkdə də dəstəkləyəcəkdir.
Görüşdə siyasi əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Latviya əməkdaşlığı məmnunluqla xatırlandı, iqtisadi, siyasi və digər sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı. Latviyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğu bildirildi.
Tərəflər beynəlxalq təhlükəsizlik, bölgədə mövcud olan münaqişələrin aradan qaldırılması məsələləri, ölkələrimiz arasında əlaqələrin perspektivləri barədə fikir mübadiləsi apardılar.