AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN GÖRÜŞÜ
Martın 9-da Heydər Əliyev adına Sarayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.Görüşdə dost və qardaş ölkələr arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsinin ölkələrimizin və ümumən bölgənin firavanlığına, sabitliyi və təhlükəsizliyinə xidmət etdiyi vurğulandı. İkitərəfli əlaqələrin və qarşılıqlı surətdə faydalı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə və genişləndiriləcəyinə əminlik ifadə olundu.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilən I forumunun xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafı, diaspor təşkilatlarımız arasında sıx əlaqələr qurulması baxımından böyük əhəmiyyəti olacağını bildirdilər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.