AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN XAÇMAZA SƏFƏRİ
XAÇMAZ UŞAQ-GƏNCLƏR İDMAN MƏKTƏBİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyulun 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonuna gəlmişdir.
Dövlətimizin başçısının pişvazına minlərlə xacmazlı çıxmışdı. Onların əllərində Azərbaycanın dövlət bayraqları, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, respublikamızın rəhbərini salamlayan süarlar yazılmış transparantlar var idi.
Prezident İlham Əliyev əvvəlcə Xaçmaz Uşaq-gənclər idman məktəbinin yeni binasına gəldi. Dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı burada gül-çiçəklə qarşıladılar. Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi, balaca idmançıların nümunəvi çıxışlarına baxdı, məktəblə tanış oldu.
Məktəbin direktoru Nəriman Babayev bildirdi ki, Xaçmaz rayonunda idman məktəbi 1960-cı ildə yaradılmışdır. İndi yaxşı şərait yaradılmış məktəbdə sərbəst güləş, cüdo, futbol və atletika üzrə 635 uşaq məşğul olacaq, 30 müəllim-məşqçi çalışacaqdır.
Sonra dövlətimizin başçısı məktəbin qarşısına toplaşan insanlarla səmimi görüşüb söhbət etdi, onların problemləri ilə maraqlandı.