AZƏRBAYCAN PREZİDENTİ SEÇKİLƏRİNDƏ BİRLİK ÖLKƏLƏRİNDƏN MÜŞAHİDƏÇİLƏR MİSSİYASINA MDB-NİN İCRAÇI KATİBİ BAŞÇILIQ EDƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri Belarus Teleqraf Agentliyinə istinadla xəbər verir ki, MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) və Dövlət Başçıları Şurasının (DBŞ) növbəti iclaslarının gündəlikləri artıq tərtib edilmişdir.
XİNŞ-in iclası oktyabrın 9-da Bişkekdə keçiriləcəkdir. Xarici işlər nazirləri MDB ölkələrinin müxtəlif sahələrdə əməkdaşlığına dair 26 məsələni müzakirə edəcəklər. DBŞ-nin iclasının oktyabrın 10-da Bişkekdə keçirilməsi nəzərdə tutulmuşdur. Bütövlükdə 18 məsələni, o cümlədən 2020-ci ilədək dövrdə Birliyin iqtisadi inkişafının strategiyası layihəsini və 2009-cu ildə energetika sahəsində əməkdaşlığın qarşılıqlı əlaqələrin mühüm sahəsi kimi müəyyənləşdirilməsi məsələsini dövlət başçılarının müzakirəsinə təqdim etmək nəzərdə tutulur. Dövlət Başçıları Şurası MDB-nin gələcək inkişafı Konsepsiyasının reallaşdırılmasına dair əsas tədbirlər Planına müvafiq hazırlanmış sənədləri, o cümlədən Müstəqil Dövlətlər Birliyinə sədrlik haqqında Əsasnaməni, dövlət başçıları, hökumət başçıları, xarici işlər nazirləri şuralarının və iqtisadi şuranın prosedur qaydalarını və Milli əlaqələndiricilər haqqında əsasnamələri müzakirə edəcəklər.
Bundan əlavə, daimi nümayəndələr MDB-nin icraçı katibi Sergey Lebedevin Azərbaycan prezidenti seçkilərində Birlik ölkələrindən müşahidəçilər missiyasının başçısı və MDB icraçı katibinin müavini Yevgeni Novojilovun Qazaxıstan parlamenti Senatına seçkilərdə Birliyin müşahidəçilər missiyasının başçısı təyin etmək haqqında qərar qəbul etmişlər.