AZƏRBAYCAN PREZİDENTİNİN BELARUSA SƏFƏRİ ÖLKƏLƏRİMİZİN İNKİŞAFINDA YENİ MƏRHƏLƏ AÇMIŞDIR
Natiq Əliyev demişdir ki, Azərbaycanda “Belarus” markalı traktorun istehsalının təşkili gündəlikdədir və bu barədə bəzi təkliflər hökumətə təqdim olunmuşdur. Ölkəmizdə bu tip traktorların yığılması və təmiri nəzərdə tutulur. Nazir məlumat vermişdir ki, bu gün Azərbaycanda 13 mindən artıq “Belarus” traktoru işləyir və onların mindən çoxunun təmirə ehtiyacı vardır. Bu traktorların istehsalı “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin zavodlarının birində təşkil oluna bilər. Məsələn, “Sabunçu maşınqayırma” törəmə müəssisəsində traktorların istehsalına başlamaq üçün bütün imkanlar vardır.
Natiq Əliyev bildirmişdir ki, Belarus Azərbaycan neftinə maraq göstərir. Səfər çərçivəsində ARDNŞ-də müvafiq müzakirə aparılmışdır. Belarus Azərbaycan neftinin ölkəyə gətirilməsi üçün imkanları araşdırır.
Belarus Baş nazirinin birinci müavini ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsini vacib sayaraq demişdir: Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri ölkələrimizin əməkdaşlığına ciddi impuls vermiş və yeni qapılar açmışdır. Bizim səfərimizin məqsədi də Minskdə istiqamətləri müəyyən olunmuş əməkdaşlığın konkret məzmunlarını tamamlamaqdır.
Vladimir Semaşko bu səfərin Belarus Prezidenti Aleksandr Lukaşenkonun gələn ilin aprel-may aylarında Azərbaycana nəzərdə tutulan səfərinə hazırlıq məqsədi daşıdığını da diqqətə çatdırmışdır.