Azərbaycan Prokurorluğunun beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilir
Bakı, 23 noyabr, AZƏRTAC
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair qarşıya qoyulmuş hədəflərə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, belə tədbirlərdən biri kimi, Vyanada BMT-nin yeni təsis edilmiş və ölkəmizin ilk üzvlərindən olduğu Korrupsiyaya Qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) birinci iclası keçirilib.
BMT-nin nümayəndələrinin, ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya və digər dövlətlərin təmsilçilərinin qatıldıqları tədbirdə ölkəmizi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Əflatun Hüseynov təmsil edib.
Tədbirdə “Korrupsiyanın qarşısının alınması və bu istiqamətdə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər”, “Rüşvətxorluğa qarşı mübarizədə əldə olunan müsbət təcrübə” və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda Şəbəkənin Əsasnaməsi qəbul olunub. Həmin sənəd layihəsinin qəbulu ilə əlaqədar aparılmış müzakirələrdə Baş Prokurorluğun nümayəndəsi çıxış edərək təkliflərini irəli sürüb.
Şəbəkənin növbəti iclasının cari il dekabrın 13-17-də Misirdə keçiriləcəyi qeyd olunub.