REGİONLAR
Azərbaycan qadını müstəqil respublikamızda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib





Qax, 4 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar oktyabrın 4-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun fəal qadınlarının iştirakı ilə toplantı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova tarixin bütün sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadınının müstəqil respublikamızda cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini bildirib. Vurğulanıb ki, Azərbaycan qadını bu gün dövlət quruculuğu, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə ləyaqətlə təmsil olunur, müstəqil respublikamızın inkişafına öz layiqli töhfələrini verirlər. Azərbaycan qadını bu gün ölkəmizdə demokratik cəmiyyətin fəal üzvü kimi çıxış edir, öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutur.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, gender siyasətində də böyük dəyişikliklər və tərəqqi əldə edilib. Qadınların ictimai-siyasi həyata qayıdışı, bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması dövlət idarəetməsinin prioritet istiqamətinə çevrilib. Ümummilli Lider istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırıb.
Diqqətə çatdırılıb ki, ölkə tarixində əlamətdar hadisələrdən biri kimi qiymətləndirilən Azərbaycan Qadınlarının I Qurultayından 25 il ötür. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən bu tədbirlərdə gələcəyin qadın hərəkatının əsası qoyulub və bununla da cəmiyyət həyatında, ictimai-siyasi proseslərdə qadınların rolu əhəmiyyətli dərəcədə artıb. Bu gün bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Tədbirdə qadınların problemləri, gender məsələləri, qadın hüquqlarının həyata keçirilməsi ilə bağlı çağırışlar və bu kimi bir neçə aktual mövzularla bağlı çıxışlar dinlənilib, gender bərabərliyi, erkən və qohum nikahları, ailədaxili məişət zorakılığı hallarının baş verməsi, bölgələrdə yaşayan qadınların üzləşdiyi problemlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Toplantıda, həmçinin rayon qadınlarının müraciət və təklifləri dinlənilib, Azərbaycan Qadınlarının VI Qurultayına nümayəndələr seçilib.