AZƏRBAYCAN QƏRBİN VƏ NATO-NUN ƏN ETİBARLI TƏRƏFDAŞIDIR
LORD CORC ROBERTSON MİLLİ MƏCLİSDƏ ÇIXIŞ ETMİŞDİR
Mayın 15- də NATO-nun baş katibi lord Corc Robertson Azərbaycan parlamentinin iclasında iştirak etmişdir.
Deputatlar adından qonağı səmimiyyətlə salamlayan Milli Məclisin sədri MURTUZ ƏLƏSGƏROV onun ölkəmizə ikinci səfərinin Azərbaycanla Şimali Atlantika alyansı arasında “Sülh naminə tərəfdaşlıq” proqramından başlayan, Kosova və Əfqanıstanda sülhməramlı qüvvələrin tərkibində əsgərlərimizin iştirakına qədər davam edən uğurlu əməkdaşlığın daha da inkişafında mühüm addım kimi dəyərləndirdi. Bildirildi ki, Azərbaycan NATO ilə əlaqələrin möhkəmlənməsinə xüsusi əhəmiyyət verir. 1997- ci və 2002-ci illərdə Prezident Heydər Əliyev bu əlaqələrin inkişafına dair sərəncamlar imzalamışdır. Hazırda Şimali Atlantika alyansının assosiativ üzvü olan Azərbaycan bu təşkilatın bütün tədbirlərində - seminarlarda, təlimlərdə fəal iştirak edir. Milli Məclis və NATO-nun Parlament Assambleyası arasında sıx əməkdaşlıq mövcuddur.
Parlamentin sədri daha sonra Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi altında aparılan demokratik islahatlardan, ölkəmizin dünya birliyinə, o cümlədən Avropa ailəsinə daha sıx inteqrasiya olunmasından bəhs etdi. Eyni zamanda vurğuladı ki, ölkəmizin daha sürətli inkişafı və bölgədə sülhün, təhlükəsizliyin təmin olunması yolunda ən böyük maneə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişənin Avropa təhlükəsizlik arxitekturası üçün də qorxu törətdiyini söyləyən Milli Məclisin sədri onun tezliklə həllindən ötrü NATO və digər beynəlxalq təşkilatlar konkret addımlar atmalıdır.
Sonra Milli Məclisin sədri qonağa söz verdi.
Lord CORC ROBERTSON çıxışına Azərbaycana ikinci səfərindən məmnun qaldığını vurğulamaqla başladı. ABŞ-da 11 sentyabr hadisələrindən sonra dünyada vəziyyətin dəyişdiyini nəzərə çarpdıran Corc Robertson terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu yüksək qiymətləndirdi.
Terrorizmə qarşı mübarizənin gedişində Qərbin diqqətinin Cənubi Qafqazın problemlərindən yayınması məsələsinə gəldikdə, Corc Robertson Qafqazın Avrasiya məkanında sabitlik üçün xüsusi rolu olduğunu vurğulayaraq dedi ki, Azərbaycan isə Qərbin və NATO-nun ən etibarlı tərəfdaşıdır. O, 11 sentyabr hadisələrindən ötən dövrdə Alyansın Avrasiya məkanında öz əlaqələrini möhkəmləndirmək üzrə fəaliyyətinə də toxundu, keçən ilin noyabrında Praqa görüşündə yeni xətt seçildiyini, XXI əsrdə Avroatlantika məkanında sülhün və təhlükəsizliyin təmin olunması yolunda maneələrin aradan qalndırılmasında NATO-nun rolunun müəyyənləşdirildiyini bildirdi.
NATO-nun fəaliyyətinin genişləndirilməsini, daha 7 ölkənin təşkilata üzv olmasını müsbət dəyərləndirən Corc Robertson bu prosesin gələcəkdə də davam etdiriləcəyini söylədi. O, Azərbaycanın Şimali Atlantika alyansının fərdi əməkdaşlıq üzrə əməliyyat planında başlıca rol oynadığını, bu plan çərçivəsində ölkəmizdə hansı islahatların zəruri olmasının müəyyən ediləcəyini bildirdi.
Baş katib xatırlatdı ki, NATO Azərbaycanın sərhədlərinin təhlükəsizliyin təmin olunması, ərazilərin minalardan təmizlənməsi sahəsində yardım göstərir. Eyni zamanda, regionun təhlükəsizlik məsələlərinin həllində də Azərbaycan ilə NATO-nun əməkdaşlığının çox böyük potensialı vardır. Corc Robertson Avroatlantika Tərəfdaşlıq Şurası çərçivəsində Cənubi Qafqazda regional əməkdaşlıq üzrə işçi qrupunun yaradılması prosesində müsbət roluna görə Azərbaycana minnətdarlığını bildirdi.
Cənubi Qafqazda közərən münaqişələrə toxunan qonaq, NATO-nun bu problemlərin həllində başlıca rol oynaya bilməyəcəyini söylədi. Onun fikrincə, münaqişələrin həllinin məsuliyyəti region dövlətlərinin üzərinə düşür. Regiondankənar qüvvələrin iştirakı olmadan münaqişənin həllinin mümkün olmayacağını söyləməklə yanaşı, o, Azərbaycanın xüsusilə Rusiya ilə ikitərəfli əməkdaşlığının vacibliyini vurğuladı, bu sahədə son illər baş vermiş irəliləyişlərdən NATO ölkələrinin məmnun olduduğunu bildirdi.
Azərbaycanı terrorizmlə mübarizədə çox müsbət rol oynaması münasibətilə təbrik edən Corc Robertson Avroatlantika Tərəfdaşlıq Şurası çərçivəsində bir neçə gün əvvəl Bakıda keçirilmiş seminarı da yüksək dəyərləndirdi.
Sonra NATO-nun baş katibi Milli Məclisin deputatlarının suallarına cavab verdi.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı NATO-nun roluna dair sualına cavab verən qonaq bildirdi ki, Şimali Atlantika alyansı bu problemi münaqişə tərəflərinin özlərinin həll edəcəyinə ümid bəsləyir. O, ümumiyyətlə, Azərbaycan parlamentinə gəldiyi zaman çətin suallarla qarşılaşacağını bildiyini, NATO-nun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində maraqlı olduğunu da söylədi.
İclasın sonunda Milli Məclisin sədri Murtuz Ələsgərov görüşə və məzmunlu çıxışına görə lord Robertsona təşəkkür etdi.
Foto Namiq Məmmədovundur