İQTİSADİYYAT
Azərbaycan Qlobal kibertəhlükəsizlik indeksində TOP-50 ölkələri sırasına daxil olub
Bakı, 19 iyun, AZƏRTAC
Beynəlxalq Telekommunikasiya İttifaqı 2017-ci il üçün Qlobal kibertəhlükəsizlik indeksini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, reytinqdə Azərbaycan 0,559 balla 48-ci yerdə qərarlaşıb. Ölkəmiz MDB ölkələri arasında Ukrayna, Moldova, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Ermənistan və Türkmənistanı geridə qoyaraq, 4-cü pillədə yer alıb.
İndeksin ilk beşliyində Sinqapur, ABŞ, Malayziya, Oman və Estoniya qərarlaşıb.
Qlobal kibertəhlükəsizlik indeksi üzv dövlətlərin kibertəhlükəsizliyə sadiqliyinin ölçüldüyü sorğudur. İndeks dünyanın 195 ölkəsini birləşdirir. Ölkələr Qlobal kibertəhlükəsizlik indeksində 5 əsas göstəriciyə görə (qanunvericilik bazası, texniki məlumatlar, təşkilati məsələlər, keyfiyyətin yüksəldilməsi və əməkdaşlıq) qiymətləndirilir.