AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Belə ki, Sumqayıt şəhər sakini G.Hacıyeva və qeyrilərinin “New Fakt” qəzetinin 1 iyun 2006-cı il tarixli 4-cü və “Gün” qəzetinin 2 iyun 2006-cı il tarixli 15-ci saylarında İran İslam Respublikasının ali din və dövlət xadimlərinin milli və dini ləyaqətlərini alçaldan kollajların nəşr etdirilməsində təqsirkar şəxslər haqqında tədbirlər görülməsi barədə müraciətləri üzrə Bakı Şəhər Prokurorluğu tərəfindən müvafiq yoxlama aparılmışdır.
Müəyyən edilmişdir ki, “New Fakt” və “Gün” qəzetlərinin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edən əlaqədar vəzifəli şəxsləri tərəfindən rəhbəri olduqları kütləvi informasiya vasitələrində İran İslam Respublikasının ali din və dövlət xadimləri barəsində kollaj və yazı mətnləri çap etdirməklə onların milli və dini ləyaqətlərinin alçaldılmasına yönəldilən hərəkətlərə yol verilmiş, bununla da cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuşdur.
Qeyd edilən qəzetlərin vəzifəli şəxslərinin hərəkətlərində vəzifə səlahiyyətlərindən sui-istifadə və milli, dini nifrət və düşmənçiliyin salınması cinayətlərinin əlamətlərinin olduğu nəzərə alınmaqla, Bakı Şəhər Prokurorluğu tərəfindən 2006-cı il iyunun 2-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 283.1-ci (milli, irqi və dini düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanılmış və hazırda istintaq aparılır.
İstintaqın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bildirir ki, mətbuat azadlığından sui-istifadə edərək milli və dini düşmənçiliyin salınmasına yönəldilmiş belə hərəkətlər yolverilməzdir və Azərbaycanın dövlətçilik maraqlarına ziddir. Belə halların qarşısı hər zaman qətiyyətlə alınacaq və təqsirkar şəxslər barəsində qanuni ölçülər götürüləcəkdir.