AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN FƏALİYYƏTİ LOS-ANCELESDƏ KEÇİRİLMİŞ TƏDBİRDƏ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 1-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyəti Los-Ancelesdə keçirilmiş tədbirdə müzakirə olunmuşdur.
Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğu və Los- Anceles Ticarət Palatası tərəfindən təşkil olunmuş tədbirdə giriş sözü ilə çıxış edən baş konsul Elin Süleymanov Azərbaycanın inkişaf edən iqtisadiyyatındakı son nailiyyətlər barədə danışmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti haqqında danışmış, Fondun investisiyaları və büdcəsinin artım tempi barədə iştirakçılara məlumat vermişdir. İcraçı direktor Dövlət Neft Fondunun sürətlə inkişaf etdiyini qeyd edərək, təmsil etdiyi qurumun hüquqi bazası haqqında iştirakçıları maraqlandıran məqamlara aydınlıq gətirmişdir. Dövlət Neft Fondunun Azərbaycanın uğurlu gələcəyinin təmin olunmasında xüsusi rol oynadığı vurğulanmışdır.
Tədbirdə çıxış edən “Şevron” şirkətinin nümayəndəsi Karl Kotrel, şirkətin regiondakı əməliyyatları, Azərbaycanın bu şirkət üçün əhəmiyyəti barədə danışmışdır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tək Azərbaycan üçün deyil, həmçinin bütün region üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.
ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Mahir İsgəndər, Los-Anceles Konsulluğunun nümayəndələri, Beverli Hils şəhərinin meri Cimmi Delşad, Kaliforniyanın Dövlət Müfəttişi Con Çyan, aparıcı maliyyə şirkətlərinin rəhbərləri və təmsilçiləri, yəhudi icmasının nümayəndələri tədbirdə iştirak etmişlər.
Qeyd edək ki, Dövlət Neft Fondunun icraçı direktoru Ş.Mövsümov Los- Ancelesdə aprelin 28-dən 30-dək Milken İnstitutu tərəfindən təşkil olunmuş Qlobal Konfransda çıxış etmək üçün dəvət edilmişdi. Konfransda dünyanın bir çox nüfuzlu şirkətləri iştirak etmişlər. Konfransda Kaliforniyanın qubernatoru A.Şvartsenegger, Nobel Mükafatı laureatları Qari Beker, Edmond Flip, Meyron Şols, Maykl Spens, Məhəmməd Yunus, ABŞ-ın enerji, nəqliyyat və digər sahələrini təmsil edən dövlət rəsmiləri, investisiya fondları və bankların nümayəndələri də iştirak etmişlər.