AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN PLENUMU DAHA BİR ŞİKAYƏT ÜZRƏ QƏRAR QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 2004-cü il 16 iyul tarixli 3i-103 saylı məktubuna əsasən konstitusiya işinə cavabverənin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim E.Məmmədovun məruzəsini, ərizəçinin nümayəndəsi A.Qazıyevanın çıxışını dinləyib, işə dair materialları araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, “Qeyrət” aqroşirkətindən 21.339.078 manat icarə haqqının tutulmasına, Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi ilə “Qeyrət” aqroşirkəti arasında bağlanmış icarə müqaviləsinin, “Qeyrət” aqroşirkətinin adına verilmiş texniki pasportun ləğv olunmasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İMDİÜMK-nin 2001-ci il 17 avqust tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, 60-cı və 127-ci maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci, 261-ci, 416-cı və 417-ci maddələrinin müddəalarına uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin, icra olunmasın və işə mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılsın.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.