AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN PLENUMU OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumu olmuşdur.
Plenumda Svetlana Əliyevanın şikayətinə əsasən Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 12 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin və onun nümayəndəsinin, cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Kəmalə Akif qızı Əliyevanın Svetlana Antonovna Əliyevaya qarşı mənzilə yaşayış hüququnun tanınması və qeydiyyata alınması tələbi, K.Əliyevanın mənzildən çıxarılması və mənzilə köçürülmə tələbinə dair S.Əliyevanın qarşılıqlı iddiası barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 12 sentyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416-cı, 417.1.3-cü və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin və işə bu qərara uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.