RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Mayın 10-da Gürcüstan Prezidenti Eduard Şevardnadze Ankaraya - Gülhanə Hərbi Tibb Akademiyasına zəng edərək, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi anadan olmasının 80 illik yubileyi münasibətilə təbrik etmişdir.
Gürcüstan Prezidenti köhnə dostu Heydər Əliyevin ad günündə səsinin gümrah, kefinin yaxşı olmasından xüsusi sevinc hissləri keçirdiyini bildirmişdir.
Cənab Şevardnadze Qafqazın böyük liderini öz adından və gürcü xalqı adından bir daha səmimi qəlbdən təbrik etmiş, ona qafqazlılara xas olan uzun ömür, cansağlığı, dost Azərbaycanın tərəqqisi naminə yeni-yeni nailiyyətlər arzulamışdır.
Prezident Heydər Əliyev telefon zənginə və xoş sözlərə görə Gürcüstan rəhbərinə təşəkkürünü bildirmişdir.
Cənab Şevardnadze Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasında Prezident Heydər Əliyevin əvəzsiz rolunu bir daha yüksək qiymətləndirdiyini vurğulamış, Qafqazda sülhün və əmin-amanlığın yaradılması sahəsində dövlətimizin başçısının tarixi fəaliyyətini xatırlatmış, ona hələ bundan sonra da çox ehtiyac duyulduğunu söyləmişdir.
Səmimilik və mehribanlıq şəraitində keçən telefon söhbəti zamanı prezidentlər regionda və dünyada baş verən hadisələri yaxın gələcəkdə üzbəüz müzakirə edə biləcəklərinə ümidvar olduqlarını vurğulamışlar.