AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN YANINDA TƏHLÜKƏSİZLİK ŞURASININ GENİŞ İCLASI
Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının üzvlərinə xarici ölkələrə - Almaniyaya və Fransaya səfərləri barədə ətraflı məlumat vermişdir. Dövlətimizin başçısı həmin səfərlər çərçivəsində olmuş görüşlərin və aparılmış danışıqların səmimiyyət və qarşılıqlı anlaşma şəraitində keçməsini razılıqla vurğulamışdır.
Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün aparılan danışıqlar barədə xarici işlər naziri Elmar Məmmədyarovun məruzəsi dinlənilmişdir.
İclasda daha sonra ölkədə ictimai-siyasi vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılmış, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Prezidentinin 2003-cü il 24 noyabr tarixli Fərmanının və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” həyata keçirilməsinin gedişi, xüsusilə yeni iş yerlərinin açılması ilə əlaqədar görülən tədbirlər barədə məlumatlar dinlənilmiş, qarşıda duran vəzifələrdən bəhs olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev iclasa yekun vurmuşdur.