RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN SƏUDİYYƏ ƏRƏBİSTANINA RƏSMİ SƏFƏRİ DAVAM EDİR
İyulun 11-də Səudiyyə Ərəbistanının məliki Fəhd ibn Əbdül Əziz əl-Səudla Azərbaycan Prezidenti Heydər Əliyev arasında görüş keçirilmişdir. Dövlət başçılarının yüksək səviyyəli danışıqlarında Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi, siyasi, mədəni əməkdaşlığın prinsipləri müzakirə edilmişdir. Azərbaycanın məruz qaldığı müharibə ilə əlaqədar problemlər də müzakirə olunmuşdur.
Danışıqların yekunu kimi imzalanan bəyanatda göstərilir ki, tərəflər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qətiyyətlə pisləyir. Ermənistanın Azərbaycan barəsində işğalçılıq siyasətini, zor işlətməklə ərazi zəbt etmək cəhdini beynəlxalq normalara zidd hesab edirlər. Tərəflər təcili olaraq Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını, münaqişənin danışıqlar stolu arxasında, sülh yolu ilə aradan qaldırılmasını tələb edirlər.
İyulun 12-də Azərbaycan-Səudiyyə Ərəbistanı danışıqları davam etdirilmişdir.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri