SİYASƏT
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Çin səfirinin KİV nümayəndələri ilə görüşü keçirilmişdir
Bakı, 13 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Xun Tsyuinin KİV nümayəndələri ilə görüşü keçirilmişdir.
Tədbirdə SAM-ın direktoru Fərhad Məmmədov bildirmişdir ki, Azərbaycan Çin ilə əlaqələrin genişləndirilməsinə və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə böyük diqqət yetirir. F.Məmmədov demişdir: “Əgər biz iqtisadi əlaqələrimizə nəzər salsaq, Azərbaycan və Çin arasında əmtəə dövriyyəsinin sürətlə artdığını görərik. Lakin biz əldə etdiyimiz uğurlarla kifayətlənmirik və digər sahələrdə də əməkdaşlığı genişləndirməkdə davam edirik. Belə ki, dünən Azərbaycan Dillər Universitetində Çin Mərkəzi açılmışdır”.
Səfir Xun Tsyuin qeyd etmişdir ki, son illər Çində Kommunist Partiyasının 18-ci qurultayı, eləcə də 12-ci çağırış Ümumçin Xalq Nümayəndələri Məclisinin birinci sessiyası kimi mühüm hadisələr baş vermişdir. Səfir demişdir ki, bu gün dünya kontekstində Çinin rolu və əhəmiyyəti artır. Ölkədə iqtisadiyyat, səhiyyə, təhsil, nəqliyyat sahələri inkişaf edir, irimiqyaslı kosmik tədqiqatlar həyata keçirilir, regionların inkişafı gücləndirilir.
Diplomat onu da vurğulamışdır ki, hazırda Çin-Azərbaycan münasibətləri yaxşı səviyyədədir. Onun sözlərinə görə, iki ölkə arasında əmtəə dövriyyəsi 1992-ci ildə 1,5 milyon dollar olduğu halda 2012-ci ildə bu göstərici 1,2 milyarda çatmışdır. İqtisadi cəhətdən başqa, iki ölkənin münasibətlərinin siyasi tərkib hissəsini də qeyd etmək lazımdır, çünki bizim aramızda həll edilməmiş məsələlər yoxdur. Azərbaycan və Çin ərazi bütövlüyü, təhlükəsizlik, suverenlik və müstəqillik məsələlərində bir-birini hərtərəfli dəstəkləyir.
Xun Tsyui demişdir: “Bir çox məsələlərdə ölkələrimizin mövqeləri eynidir. Biz müxtəlif fəaliyyət sahələrində əməkdaşlıq üzrə çoxlu müqavilə və sənəd imzalamışıq”.
Səfir qeyd etmişdir ki, Azərbaycanın və Çinin dövlət orqanları arasında möhkəm və etibarlı münasibətlər qurulmuşdur.