AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Mətbuat Şurası “Qəzetlərin “Azərbaycan” nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan borclarının ödənilməsi haqqında” Sərəncamınızı rəğbət hissi ilə qarşılayır, ölkədə müstəqil, azad və peşəkar mətbuatın inkişafına göstərilən qayğıya görə Sizə dərin minnətdarlığını bildirir. Tam inamla deyə bilərik ki, bu mühüm sənəd ictimai-siyasi mövqeyindən asılı olmayaraq, bir çox nəşrlərin fəaliyyətinə müsbət təsir göstərəcək, ən başlıcası isə, bundan vətəndaş cəmiyyəti quruculuğu fayda götürəcəkdir.
Hörmətli cənab Prezident, mediamızın çoxsaylı problemlə üzləşdiyi vaxtda belə mühüm sənədin qəbulu həm də mətbuata əsası mərhum ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət qayğısı ənənəsinin layiqincə davam etdirildiyini göstərir.
Qəzetlərin “Azərbaycan” nəşriyyatına borclarının bağışlanılması müstəqillik illərindən bəri azad sözə qayğını hiss edən jurnalistlərimiz üçün gözlənilən idi. “Əməkdar jurnalist” adının bərpası, milli mətbuatımızın 130 illik yubileyi münasibətilə 140-a yaxın həmkarımızın fəxri adlar, orden və medallarla təltifi, 30 KİV-in hər birinə 10 milyon manat məbləğində mükafat verilməsi və nəhayət, bu günlərdə “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi ilə bağlı imzaladığınız Sərəncam, həmçinin mediamız adına digər tədbirlər nikbinlik üçün əsaslar verir.
Möhtərəm cənab Prezident, ölkə mətbuatının sivil təməllər, dünyəvi prinsiplər üzərində təşəkkülü uzun və mürəkkəb proses olsa da, biz həyata keçirilən işlərin uğurla yekunlaşacağına inanırıq. Çünki Azərbaycan mediası Sizin şəxsinizdə azad sözün, müstəqil fikrin qarantına, qayğıkeşinə malikdir. Biz əminik ki, məhz belə diqqət medianın maddi-texniki durumunun, ixtisaslı kadrlara olan ehtiyacının yaxşılaşdırılması, hüquqi bazasının təkmilləşdirilməsi sahəsində həlledici sözünü deyəcəkdir.
Səmimi hörmətlə,
Əflatun Amaşov
Azərbaycan Mətbuat Şurasının sədri