AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
2006-cı ilin mayında Azərbaycana səfərimdən və Zati-alilərinizin 2007-ci ilin aprelində Koreyaya səfərindən sonra Koreya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın bütün sahələrdə sürətlənməsini qeyd etməkdən olduqca məmnunam.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə Azərbaycana səfər edəcək Koreyanın ticarət, sənaye və energetika nazirinin müavini cənab Li Çje Hunun başçılıq etdiyi iqtisadi nümayəndə heyəti vasitəsilə Zati-alilərinizə hörmət və dostluq hisslərimi çatdırmaq istəyirəm.
Mən Zati-alilərinizin qətiyyətli rəhbərliyini və hökumətinizin mükəmməl iqtisadi siyasətini yüksək dəyərləndirirəm. Bu siyasət sayəsində Azərbaycan sürətli iqtisadi artıma nail olmuşdur.
Mən Koreya şirkətlərinin Azərbaycanın iqtisadi inkişafına töhfə verə biləcək elektrik stansiyalarının, gəmiqayırma zavodlarının və dəniz limanlarının tikintisi, eləcə də yolların, dəmir yolu xətlərinin çəkilməsi kimi infrastruktur layihələrinin və resursların işlənilməsi sahələrində əməkdaşlığımıza dəstək verməyinizi arzulayıram.
Əminəm ki, Koreya nümayəndə heyətinin Azərbaycana səfəri ölkələrimiz arasında müxtəlif sahələrdə daha geniş iqtisadi əməkdaşlığın qurulması üçün əla fürsət olacaqdır.
Mən Koreya ilə Azərbaycan arasında ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsinə verdiyiniz ali diqqətinizə görə səmimi minnətdarlığımı bildirir, ən xoş arzularla Sizə möhkəm cansağlığı, Azərbaycana isə davamlı müvəffəqiyyətlər və tərəqqi diləyirəm.
Hörmətlə,
Ro Mu Hyun
Koreya Respublikasının Prezidenti
22 avqust 2007-ci il.