Azərbaycan rusdilli diasporu dəstəkləməkdə Şimali Avropa ölkələrinə nümunədir
Helsinki, 22 oktyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, Finlandiyanın Espoo şəhərində “İki əsr bir yerdə” adlı III Ümumfinlandiya konfransı açılıb. Finlandiyanın rusdilli diasporunun daha sıx birləşməsi məsələlərinə həsr edilən konfrans Rusiyalı Həmvətənlər Təşkilatının Ümumfinlandiya Şurası tərəfindən təşkil edilib.
AZƏRTAC Rosbalt informasiya agentliyinə istinadla xəbər verir ki, konfransda rusiyalı ekspertlər Avropaya tolerant cəmiyyət quruculuğunda Azərbaycanın təcrübəsindən öyrənməyi tövsiyə ediblər.
Rusiya Federasiyasının Finlandiyadakı səfirliyinin birinci katibi Vyaçeslav Avtsinov qeyd edib ki, milliyyətindən asılı olmayaraq rusdilli həmvətənlərin xaricdə dəstəklənməsi Rusiyanın əsas prinsiplərindən biridir. Məsələn, əslən Bakıdan olan Böyük Vətən müharibəsi veteranı Adolf Malışkoya bu gün təkcə diaspor deyil, həm səfirlik, həm də Rusiyanın Xaricdə Yaşayan Həmvətənlərin Dəstəklənməsi və Hüquqlarının Müdafiəsi Fondu tərəfindən dəstək göstərilir.
Fondun icraçı direktoru İqor Panevkin bildirib ki, bu gün bir çox ölkələrlə rusdilli əhalinin dəstəklənməsi məsələləri üzrə konstruktiv münasibətlər qurulub. O deyib: “Azərbaycan hökuməti ilə rusdilli həmvətənlərin dəstəklənməsi sahəsində hüquqi sistemin təkmilləşdirilməsi üçün hansı istiqamətdə irəliləmək barədə anlaşma var. Respublikada rusdilli icma üçün hüquqi yardım mərkəzi çox gözəl fəaliyyət göstərir. Biz də Azərbaycanda rusdilli mətbuatı fəal dəstəkləyirik. Fondla Azərbaycan rəhbərliyi arasında qarşılıqlı fəaliyyət yüksək səviyyədədir”.
Ekspertlər qeyd edirlər ki, Şimali Avropa, ümumiyyətlə Azərbaycandan çox şey öyrənə bilər. Rusiyanın yaxın qonşusu olan Azərbaycan nəinki onunla iqtisadi və mədəni əlaqələri heç vaxt pozmayıb, əksinə rusdilli əhalinin burada özünü evdəki kimi hiss etməsi üçün əlindən gələni edib. Postsovet dövründə respublikada bir rus məktəbi də bağlanmayıb. Bundan başqa, Azərbaycan multikultural cəmiyyətin qurulmasında böyük nailiyyətlər əldə edib. Ekspertlər vurğulayırlar ki, müsəlman ölkəsi, Qafqazın ən uğurlu və sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda dünyəvi və dini dəyərlər müvəffəqiyyətlə uzlaşır, gənclər vətənpərvərlik və digər xalqların mədəniyyətinə hörmətlə yanaşmaq ruhunda tərbiyə edilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki