AZƏRBAYCAN SƏFİRİ ETİMADNAMƏSİNİ YUNANISTAN PREZİDENTİNƏ TƏQDİM ETMİŞDİR
Etimadnamə təqdim olunduqdan sonra Yunanıstan Prezidenti Konstantinos Stefanopulos səfir Mirhəmzə Əfəndiyevi qəbul etmişdir. Prezident Konstantinos Stefanopulos diplomat Mirhəmzə Əfəndiyevin Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı ilk fövqəladə və səlahiyyətli səfiri olduğunu qeyd etmiş və ona bu ölkədə fəaliyyət göstərəcəyi müddətdə müvəffəqiyyətlər arzulamışdır. Yunanıstanın Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığının vacibliyini qeyd edən Prezident Konstantinos Stefanopulos cari ilin iyun ayında Bakıya rəsmi səfərini və Prezident İlham Əliyevlə keçirdiyi görüşləri xoş təəssüratla xatırlayaraq, bu səfərin ölkələrimiz arasında münasibətlərin inkişafında xüsusi rol oynayacağına əmin olduğunu vurğulamışdır.
Rəsmi qəbula görə təşəkkür edən səfir Mirhəmzə Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Konstantinos Stefanopulosa çatdırmışdır. Azərbaycanın Yunanıstan ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edən səfir, fəaliyyəti müddətində bu münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səy göstərəcəyini bildirmişdir.
Söhbət zamanı bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Görüşün sonunda Yunanıstan Prezidenti Konstantinos Stefanopulos Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarının çatdırılmasını səfir Mirhəmzə Əfəndiyevdən xahiş etmişdir.
Yunanıstan Respublikası Prezidenti Aparatının baş katibi səfir Konstantinos Ailianos və xarici işlər nazirinin müavini Panayiotis Skandalakis görüşdə iştirak etmişlər.