Azərbaycan səfirinin müavini Rusiya nəşrinə Qarabağda baş verən son hadisələr haqqında danışıb
Moskva, 4 aprel, AZƏRTAC
Bəzi Rusiya KİV-ləri Dağlıq Qarabağda baş verən son hadisələri birtərəfli və qeyri-obyektiv işıqlandırır. Bunu “Pravda.ru” informasiya-analitik nəşrinin “Toçka zreniya” (“Nəzər nöqtəsi”) verilişinə verdiyi müsahibədə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov bildirib.
Diplomat qeyd edib ki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində fəal vasitəçidir. Səfir müavini deyib: “Buna görə də kütləvi informasiya vasitələrinin bu hadisələri qeyri-obyektiv işıqlandırmağa mənəvi haqları yoxdur”.
Q.Osmanov Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələlərə Rusiyanın diqqətli münasibətinin vacibliyini vurğulayıb. O bildirib ki, Rusiya Dövlət Tarixi Muzeyində erməni sərgisi keçirilir. Bu sərgidə Azərbaycanın işğal edilmiş ərazilərinə aid eksponatlar erməni irsinin eksponatları kimi təqdim olunur. Bundan başqa, sərgidə “Böyük Ermənistan”nın xəritəsi nümayiş etdirilir. Həmin xəritədə təkcə Azərbaycanın deyil, Rusiyanın bəzi əraziləri də Ermənistanın tərkib hissəsi kimi göstərilib. Səfir müavinin sözlərinə görə, erməni sərgisinin təşkilatçılarından biri Rusiya Federasiyasının Mədəniyyət Nazirliyidir. Diplomat deyib: “Fikrimcə, belə məqamlara çox diqqətli yanaşılmalıdır, çünki bu həssas məsələlərdir”.
Q.Osmanov bildirib ki, Rusiyadakı Azərbaycan diasporu Rusiya cəmiyyətinin bir hissəsidir. “Diaspor təşkilatları siyasətlə məşğul olmur. Ancaq məncə, onlar düzgün təbliğati iş aparmalı və Rusiya ictimaiyyətinə Dağlıq Qarabağda baş verən hadisələrə dair obyektiv məlumat çatdırmalıdırlar”.
Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi gərginliyin artmasının səbəbləri haqqında suala cavab verən Qüdsi Osmanov qeyd edib ki, bu münaqişənin başlıca səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsidir. 20 ildən artıqdır ki, bu dondurulmuş münaqişədə insanlar - hərbi qulluqçular və dinc sakinlər həlak olur.
Diplomat deyib: “Güclü iqtisadiyyatı və ordusu ilə bu gün Azərbaycan qüdrətli dövlətdir. Son təxribatları Ermənistan silahlı qüvvələri, həm də Azərbaycan ərazisində törədib. Sual olunur: Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisində nə edir? Həqiqət gün kimi aydındır. Erməni silahlı qüvvələri Azərbaycan ərazisindədir. Onlar bütün beynəlxalq hüquq normalarını pozur”. Səfir müavini həmçinin bildirib ki, bu gün Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib.
Qaçqınlar və Azərbaycanın işğal edilmiş ərazilərindən olan məcburi köçkünlər məsələsinə toxunan diplomat qeyd edib ki, təkcə Ermənistanın indiki ərazisindən 1988-ci ildə minlərlə azərbaycanlı qovulub, halbuki bu onların tarixi torpaqları və doğma ocaqlarıdır. “Sovet İttifaqı yaradılarkən Ermənistanın sərhədləri müəyyən edilib və bu azərbaycanlılar özləri istəmədən yenidən yaradılan erməni respublikasının ərazisinə aid edilib... Azərbaycan ərazilərinin azad edilməsi zaman məsələsidir, gec-tez bu ərazilər azad ediləcək. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Amma insanlar - dinc sakinlər, əsgərlər, hərbi qulluqçular əzab çəkir və həlak olurlar. Ermənistan rəhbərliyinin öz iddialarından əl çəkməsi, sivil dünyanın bir hissəsi olması zəruridir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva