AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİ MACARISTANDA BEYNƏLXALQ KONFRANSIN NÖVBƏTİ İCLASINDA İŞTİRAK ETMİŞLƏR
İclasda sərhəd xidmətlərinin əməkdaşlığının və qarşılıqlı əlaqələrinin, transsərhəd mütəşəkkil cinayətkarlıq məsələlərinə dair informasiya mübadiləsinin genişlənməsində çoxtərəfli və regional beynəlxalq təşkilat və təsisatların rolu müzakirə olunmuşdur.
Eyni zamanda, Avropa Sərhədlərində Operativ Əməkdaşlıq Agentliyinin təqdimatı olmuş, habelə işçi qruplarının fəaliyyəti haqqında hesabatlar dinlənilmişdir.
“Silahın, döyüş sursatının və radioaktiv materialların qanunsuz dövriyyəsinin qarşısının alınması üzrə” işçi qrupuna başçılıq edən general-leytenant Elçin Quliyev son vaxtlar görülmüş işlər barədə məlumat vermişdir. O demişdir ki, indi sərhəd xidmətləri qarşısında duran başlıca vəzifələrdən biri silahın, döyüş sursatı və radioaktiv materialların ölkələrimizin ərazilərindən keçirilməsinə etibarlı nəzarət təşkil etməkdən ibarətdir. Bütün bunların qanunsuz dövriyyəsinin əsas marşrutları münaqişə zonalarından keçir. Ermənistanın işğalı altında qalan ərazimizin 20 faizi Azərbaycanın dövlət sərhədində vəziyyətə mənfi təsir göstərən ciddi amillərdən biri olaraq qalır. Beynəlxalq təşkilatların nəzarətindən çıxan işğal olunmuş ərazilər transsərhəd cinayətkarlıq üçün, o cümlədən silah və döyüş sursatının, radioaktiv materiallar və narkotik vasitələrin qanunsuz daşınması, qeyri-leqal miqrasiya və digər mənfi hallar üçün əlverişli şərait zonasıdır.
E.Quliyev işçi qrupunun gördüyü iş barədə danışaraq bildirmişdir ki, qrupun iki illlik fəaliyyəti zamanı silahın, döyüş sursatı və radioaktiv materialların qanunsuz dövriyyəsinin qarşısını almağa yönəldilmiş tədbirlərin gücləndirilməsi barədə tövsiyələr hazırlanmışdır. O, bu sahədə səyləri birləşdirməyə və marağı olan ölkələrin sərhəd xidmətləri arasında əməkdaşlığı daha da inkişaf etdirməyə çağırdı.
İclasda Memorandum, habelə sərhəd xidmətləri rəhbərləri işçi qruplarının növbəti iclasını sentyabrda Bakıda keçirmək haqqında qərar qəbul edildi.
E.Quliyev iclas çərçivəsində Macarıstan, Avstriya, Almaniya, İsveçrə, Bolqarıstan, Gürcüstan, Ukrayna və Belarusdan olan həmkarları ilə görüşmüşdür.
Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov konfransın iclasında və görüşlərdə iştirak etmişdir.