ELM VƏ TƏHSİL
“Azərbaycan şərqşünaslığı” jurnalının xüsusi buraxılışı Şəhriyara həsr olunmuşdur
Bakı, 6 dekabr (AZƏRTAC). Azərbaycan xalqının böyük şairi, XX əsr Şərq poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 105 ili tamam olmuşdur. Bu münasibətlə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəşri “Azərbaycan şərqşünaslığı” jurnalının xüsusi buraxılışı işıq üzü görmüşdür.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, jurnal Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın “Milli ruhun təntənəsi” yazısı ilə açılır. Məqalədə Şəhriyar poeziyasını insanlara sevdirən, onun böyüklüyünü göstərən cəhətlər açıqlanır. Diqqətə çatdırılır ki, Şəhriyar poeziyası bütövlükdə azərbaycanlı ruhunun təntənəsidir. Şəhriyarın füsunkar şeir aləmi, sehrli poetik dünyası büsbütün millidir, ruhumuzu oxşayır, oxucuya müqəddəs insani duyğular, ülviyyət aşılayır, ədalətə və azadlığa çağırır, məhəbbət və mərhəmət öyrədir. Şairin fikir dünyası olduqca genişdir, hətta sonsuzdur, insanı qanadlarına alaraq keçmişə, Heydərbabanın qoynuna, xoşbəxt uşaqlıq çağlarına qaytarır, bu günün qayğılarını yada salır, sabahın müjdəsini verir. Şəhriyar poeziyasında hər birimizin ağlından və ürəyindən keçən, qəlbimizdəki zərif duyğular dahiyanə əksini tapır.
Jurnalın “Şəhriyarın ömür səhifələri” rubrikasında Şərqşünaslıq İnstitutunun elmi işçisi Afət Rüstəmovanın fars dilindən tərcümə etdiyi yazılar təqdim olunmuşdur. Həmin materiallarda böyük şairin həyatı onun özünün, qızı Şəhrzadın, qardaşı qızı Şərarə Xoşginabinin dilindən nəql edilir.
“Şəhriyarın fikir və sənət dünyası” bölməsində filologiya üzrə fəlsəfə doktorları Nüşabə Əlizadənin “Azərbaycan şəhriyarşünaslıq məktəbi”, Səadət Şıxıyevanın “Şəhriyarın “Divani-türki”sində irfani düşüncənin ifadəsi”, filologiya elmləri doktoru Elman Quliyevin “Heydərbaba” yüksəkliyi - sənət möcüzəsi”, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin “Milli oyanışda Şəhriyar poeziyasının rolu”, Ruhəngiz Məmmədovanın “Şəhriyarın anadilli şeirlərinin bəzi poetik xüsusiyyətləri” məqalələri dərc olunmuşdur. Şəhriyar poeziyasının dili ilə bağlı Lefkə Avropa Universitetinin assistent-professoru Nazim Muradovun “Şəhriyarın “Heydərbabaya salam” poemasında dildə qənaət qanunu modelinə uyğun strukturlar haqqında”, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənovanın “Şəhriyarın fars “Divan”ında felin semantik-üslubi xüsusiyyətləri” məqalələri verilmişdir.
“Tərcümə” bölməsində Şərqşünaslıq İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin farscadan çevirdiyi Şəhriyarın “Mövlana Şəms Təbrizinin xanəgahında” əsəri təqdim olunmuşdur.
Jurnalda həmçinin filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın (Şükürova) yeni çap olunmuş “Söz sərrafı Şəhriyar” kitabı haqqında filologiya elmləri doktoru Almaz Məmmədovanın rəyi dərc olunmuşdur.
Sonda Şəhriyar nisgili ilə yazılmış Bahaeddin Karakoçun “Gün sızlayır Şəhriyar” və Seyid Nurəddin Dərafərinin “Heydərbaba” şeirləri oxucuların diqqətinə çatdırılmışdır.