Azərbaycan şirkətləri “PRODEKSPO-2021” sərgisində “Made in Azerbaijan” brendi ilə təqdim edilir
Moskva, 13 aprel, AZƏRTAC
Moskvada, “Eksposentr” sərgi kompleksinin ərazisində “PRODEKSPO-2021” 28-ci beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün istifadə edilən xammal sərgisinin rəsmi açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, sərgi Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Eksposentr” Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunub. Tədbirə RF-nin Ticarət-Sənaye palatası hamilik edir.
Azərbaycan şirkətləri tematik salonlarda “Made in Azerbaijan” brendi altında geniş çeşiddə şərablar, tünd alkoqollu içkilər, kompotlar, mürəbbələr, şorabalar, çay, qoz-fındıq və başqa baqqaliyyə məhsulları təqdim ediblər. Sərgiyə gələnlər nardan hazırlanan Azərbaycan məhsullarına - nar şirəsi, narşərab və nardan hazırlanan çaxıra xüsusi maraq göstəriblər.
Sərginin açılışında Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev, Ticarət Nümayəndəliyinin baş müşaviri Namiq Xəlilov və Azərbaycanın RF-dəki səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Orxan Hacıyev iştirak ediblər.
Aprelin 16-dək davam edəcək sərgidə 44 ölkədən 1554 şirkət təmsil olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva