AZƏRBAYCAN TAEKVONDO FEDERASİYASININ 2006-CI İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ ÜMUMRESPUBLİKA YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov bildirmişdir ki, Azərbaycan idmançılarının Avropa və dünya çempionatlarında qazandıqları uğurları nəzərə alaraq 2006-cı il taekvondoçular üçün uğurlu olmuşdur. O demişdir ki, gənclər arasında dünya birinciliyində Azərbaycan idmançılarının 1 gümüş, 1 bürünc medal qazanması, gələcəkdə bu idman növündə perspektivli taekvondoçuların yetişməsinə dəlalət edir. Federasiya prezidenti Pekin Yay Olimpiya oyunlarında çətin mübarizənin olacağını xatırlatmış, 2007-ci ildə daha çox lisenziya qazanmaq üçün idmançıları səylə çalışmağa çağırmışdır.
Federasiyanın birinci vitse-prezidenti Füzuli Musayev, böyüklərdən və gənclərdən ibarət yığma komandaların baş məşqçiləri Ələkbər İmaməliyev və Gündüz Abdullayev, federasiyanın texniki direktoru Ox Kvanq Çol 2006-cı ili Azərbaycan idmançıları üçün qənaətbəxş hesab etmişlər.
Füzuli Musayev yola saldığımız ildə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında 13 qızıl, 20 gümüş və 28 bürünc medal qazanmasını bildirmişdir. Avropa çempionatına xüsusilə toxunan F.Musayev taekvondoçularımızın 1 qızıl, 3 gümüş və 1 bürünc medala layiq görülməsini, komanda hesabında Azərbaycan yığmasının ikinci yeri tutmasını böyük uğur kimi səciyyələndirmişdir.
F.Musayev idmançılarımızın qarşıdakı yarışlarda da qələbə uğrunda ciddi mübarizə aparacaqlarını, üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandıracaqlarını vurğulamışdır.
Avropa çempionatının qalibi İlkin Şahbazov ilin ən yaxşı taekvondoçusu seçilmişdir. Tədbirdə qitə və dünya çempionatlarında fərqlənmiş taekvondoçular, məşqçilər, federasiyanın əməkdaşları və mətbuat nümayəndələri mükafatlandırılmışlar.