Azərbaycan Tibb Universitetində yaşlı insanlar üçün səhiyyənin təşkili məsələləri müzakirə edilib
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında İsrailin Ben-Qurion Universitetinin əməkdaşları “Ambulator geriatrik yardımın təşkili” mövzusunda seminar keçirib. Tədbir yaşlı insanlar üçün səhiyyənin təşkili məsələlərinə həsr edilib.
Bu barədə AZƏRTAC-a Universitetin mətbuat xidmətindən bildiriblər.
Seminarda çıxış edən ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov İsrailin Ben-Qurion Universiteti ilə əlaqələrin genişlənməsi nəticəsində artıq növbəti dəfə bu universitetinin əməkdaşlarının Azərbaycana dəvət olunduqlarını qeyd edib.
N. Zeynalovun sözlərinə görə, seminar iki gündür ki, davam edir: “Hesab edirəm ki, təşkil edilən bu seminar həkimlərin gələcək fəaliyyətində müsbət rol oynayacaq”.
Seminarda çıxış edən ATU-nun məzunu, İsrailin Ben-Qurion Universitetinin Tibb fakültəsinin baş mühazirəçisi, professor Yan Press yaşlı insanlar üçün müalicə üsulları barədə söz açıb. O, ahıl yaşda olanlarda ağır infeksion patologiyalar, onların müalicəsinin aparılma üsulu və düzgün yolları haqqında tədbir iştirakçılarına məlumat verib .
Sonra İsraildə sığorta sisteminin və poliklinik yardımın təşkili barəsində bu ölkənin cənub zonasının sığorta bölməsi üzrə rəhbəri İlyas Hasanov danışıb. O, bu zonada ambulator kömək məqsədilə açılan poliklinikaların təşkili və kənd əhalisinə olunan poliklinik xidmət haqqında seminar iştirakçılarına məlumat verib.
Seminarın davamında Tədris Terapevtik Klinikanın nəzdində fəaliyyət göstərən geriatriya şöbəsinin müdiri Azadə Ələkbərova yaşlı insanlar arasında yayılan xəstəliklər haqqında iştirakçıları məlumatlandırıb.