Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil
Bakı, 12 iyun, AZƏRTAC
Futbol ekspertləri Özbəkistan yığmasının dünya çempionatında növbəti mərhələyə yüksəlmək şansını yüksək qiymətləndirirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Özbəkistan Milli İnformasiya Agentliyinin jurnalisti Utkir Alimov deyib.
O bildirib ki, Özbəkistan millisinin 2026-cı il dünya çempionatına vəsiqə qazanması ölkə futbolu tarixinin ən mühüm uğurlarından biridir: "1992-ci ildə müstəqillik əldə etdikdən sonra beynəlxalq arenada formalaşmağa başlayan milli komanda 34 il sonra dünya çempionatının final mərhələsinə yüksəlməklə milyonlarla azarkeşin arzusunu gerçəkləşdirdi. Bu uğur uzun illər davam edən zəhmətin, inamın və məqsədyönlü inkişafın nəticəsidir".
Jurnalistin sözlərinə görə, seçmə mərhələdə nümayiş etdirilən nəticələr komandanın potensialından xəbər verirdi: "Özbəkistan millisi seçmə mərhələdə keçirdiyi 16 oyunda 27 qol vurub, 11 top buraxıb. Komanda son Asiya çempionu Qətər üzərində 3:0 hesablı qələbə qazanıb. Dünya çempionatına hazırlıq çərçivəsində keçirilən yoldaşlıq görüşlərində Misir millisini 2:0 hesabı ilə məğlub edib, Venesuela ilə isə qolsuz heç-heçə edib. Bu nəticələr yığmanın müxtəlif oyun üslublarına uyğunlaşmaq bacarığını göstərir".
U.Alimovun sözlərinə görə, komanda italiyalı mütəxəssis Fabio Kannavaronun rəhbərliyi altında uğurlu çıxışını davam etdirir: "Onun rəhbərliyi altında yığma taktiki baxımdan daha intizamlı və sabit oyun nümayiş etdirir. “Total Football Analysis” nəşri də Özbəkistan millisinin müdafiə xəttinin etibarlılığını xüsusi qeyd edir".
O, heyətdə təcrübəli və gənc futbolçuların uğurlu vəhdətinin formalaşdığını vurğulayıb: "Milli komandanın kapitanı və bombardiri (44 qol) Eldor Şomurodov uzun illərdir yığmanın aparıcı simalarından biridir. “Mançester Siti”nin 22 yaşlı gənc müdafiəçisi Abdukodir Xusanov isə Avropa futbolunda diqqət mərkəzinə düşərək Özbəkistan futbolunun yeni nəslinin əsas nümayəndələrindən birinə çevrilib".
Jurnalist dünya çempionatında komandanı çətin sınaqların gözlədiyini bildirib: "Özbəkistan millisi qrup mərhələsində Kolumbiya, Portuqaliya və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq. Bununla belə, həm yerli ictimaiyyət, həm də beynəlxalq futbol ekspertləri yığmanın növbəti mərhələyə yüksəlmək şansını yüksək qiymətləndirirlər".
U.Alimov əlavə edib ki, Özbəkistan millisi dünya çempionatında yalnız iştirak etməklə kifayətlənmək niyyətində deyil: "Komanda öz azarkeşlərinin etimadını doğrultmağa və ölkə futbolunun tarixində yeni uğurlara imza atmağa çalışacaq".
Qeyd edək ki, K qrupunda yer alan Özbəkistan millisi ilk oyununu iyunun 18-də Kolumbiya seçməsinə qarşı keçirəcək.