AZƏRBAYCAN TOLERANTLIĞINA VƏ İQTİSADİ İNKİŞAFINA GÖRƏ DÜNYADA TANINAN ÖLKƏDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov avqustun 15-də ölkəmizdə səfərdə olan Amerika Yəhudi Komitəsinin icraçı direktoru Deyvid Harrislə görüşmüşdür.
Amerika Yəhudi Komitəsinin ABŞ-da böyük nüfuza malik olduğunu deyən parlamentin sədri bildirmişdir ki, diaspor təşkilatlarının sıx əlaqələri ölkələrarası münasibətlərə də müsbət təsirini göstərir.
Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verən Oqtay Əsədov ölkəmizdəki tolerantlıq və dini dözümlülükdən də danışmışdır. O bildirmişdir ki, Azərbaycanda məscidlərlə yanaşı, yəhudi sinoqoqları, pravoslov və katolik kilsələri də azad fəaliyyət göstərirlər. Yəhudi vətəndaşlarımız ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun başvermə səbəbləri və ölkəmiz üçün ağır nəticələri, Azərbaycanın bu problemin ədalətli həllindəki mövqeyi haqqında da məlumat vermişdir. O, Amerika Yəhudi Komitəsinin Azərbaycan həqiqətlərinin ABŞ-da və ümumən dünyada yayılmasına kömək edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Deyvid Harris Azərbaycana ilk dəfə gəlsə də, ölkəmiz haqqında geniş məlumatı olduğunu bildirmiş, bu ilin əvvəllərində Davosda Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlamışdır. Azərbaycanı tolerantlığına və iqtisadi inkişafına görə dünyada tanınan ölkə kimi səciyyələndirən qonaq demişdir ki, rəhbərlik etdiyi qurumun Azərbaycan həqiqətlərinin ABŞ-da daha geniş yayılması üçün əlindən gələni edəcəkdir. O bildirmişdir ki, Amerika Yəhudi Komitəsi təkcə ABŞ-dakı Azərbaycan diasporu ilə deyil, ölkəmizlə də əməkdaşlıqda maraqlıdır.
Qonaq Azərbaycanın yəhudi icmasının şəraitindən razılığını bildirmiş, yəhudilərin Azərbaycanı ikinci vətənləri hesab etdiklərini söyləmişdir.