Azərbaycan türk dövlətləri arasında rəqəmsal imzaların qarşılıqlı tanınmasını təklif edir
Astana, 11 sentyabr, AZƏRTAC
Azərbaycan türk dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı bir sıra konkret təkliflər irəli sürüb.
AZƏRTAC xəbər verir ki, bunu Astanada keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) rəhbərlərinin növbədənkənar iclasının kuluarlarında jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov bildirib.
“Biz Azərbaycan tərəfi olaraq bugünkü iclasa konkret təkliflərlə gəlmişik. Bu təkliflər TCCI-nin bundan əvvəl qəbul etdiyi qərarlardan irəli gələn məsələlərin həllinə yönəlib”, - deyə o qeyd edib.
Vüqar Zeynalovun sözlərinə görə, birinci məsələ TCCI-nin institusional inkişafı ilə bağlıdır: “Azərbaycan tərəfinin TCCI-yə sədrlik etdiyi dövrdə qəbul olunan qərarların həyata keçirilməsinin ləngidiyi müşahidə olunub. Bunun əsas səbəblərindən biri TCCI-nin öz heyətinin və maliyyə imkanlarının olmamasıdır. İkinci məsələ Zəngəzur dəhlizi ilə bağlıdır”.
O qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinə kifayət qədər investisiya yatırıb. Lakin Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkələr arasında ümumi gömrük və sertifikatlaşdırma standartları, eləcə də tarif məsələləri razılaşdırılmasa müəyyən çətinliklər yarana bilər: “Digər təklif rəqəmsallaşma ilə bağlıdır. Azərbaycan tərəfi ölkələrin bir-birinin rəqəmsal imzalarını qarşılıqlı şəkildə tanımasını təklif edir”.
Vüqar Zeynalovun sözlərinə görə, bu baş verməsə, yaradılan elektron platformalar yalnız vitrin funksiyasını yerinə yetirəcək: “Ölkələr arasında müqavilələrin rəqəmsal formada imzalanması üçün elektron imzaların qarşılıqlı tanınması vacibdir. Azərbaycan tərəfi, həmçinin biznes mühiti indeksinin Türk Ticarət və Sənaye Palataları Birliyi tərəfindən hesablanmasını təklif edib”.
O bildirib ki, belə bir indeks türk dövlətləri arasında inteqrasiyanın hansı istiqamətlərdə inkişaf etdiyini, hansı sahələrdə isə irəliləyiş olmadığını müəyyən etməyə imkan verəcək.