“AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİ VƏ HEYDƏR ƏLİYEV. 1991-2001”
Qafqaz Universiteti tərəfindən nəfis tərtibatla yenicə çapdan buraxılmış zəngin illüstrasiyalı kitab belə adlanır: “Azərbaycan-Türkiyə əlaqələri və Heydər Əliyev. 1991-2001”.
İki qardaş dövlətin on illik zaman çərçivəsindəki siyasi, iqtisadi, elmi və mədəni əlaqələri barədə oxucuda kifayət qədər dolğun təsəvvür yaradan bu dəyərli nəşrin 1-ci kitabının redaktoru respublikanın təhsil naziri, əməkdar elm xadimi, professor Misir Mərdanovdur. Kitabın buraxılışına məsul olan Qafqaz Universitetinin rektoru professor Erol Oral bu sanballı nəşrin ərsəyə gəlməsində təhsil nazirinin əməyini yazdığı ön sözdə bu cür dəyərləndirmişdir: “Kitab çapa hazırlanarkən öz dəyərli məsləhətləri ilə bizə yaxından kömək göstərdiyinə və redaktorluq kimi məsul vəzifəni üzərinə götürdüyünə görə, Azərbaycan Respublikasının təhsil naziri hörmətli professor Misir Mərdanova dərin minnətdarlığımı bildirirəm”.
Azərbaycan Prezidentinin artıq aforizmə çevrilmiş “Biz bir millət, iki dövlətik” müdrik deyimi ilə açılan kitabın ilk səhifələrini türk dünyasının iftixarı olan qüdrətli dövlət xadimləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün portretləri və iki ölkənin, iki xalqın dostluğunu, qardaşlığını vəsf edən hikmətli sözləri bəzəyir.
Sonrakı səhifələrdə hər iki ölkənin dövlət bayraqları fonunda Azərbaycan Respublikasının Dövlət himninin və Türkiyə Cumhuriyyətinin İstiqlal marşının mətnləri, Azərbaycan Prezidenti Heydər Əliyevə fəxri doktor adı vermiş Türkiyənin 10 universitetinin adları, elmi şuraların qərarlarının tarixi verilmişdir.
Kitabın dəyərini sübut edən amillərdən biri də ona iki ön sözün yazılmasıdır. Onlardan biri Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına öz layiqli töhfəsini verən, xalqımızın və Prezidentimizin sədaqətli dostu, qardaş ölkənin 9-cu Prezidenti olmuş Süleyman Dəmirəlin, digəri isə məhz dövlətimizin başçısının yeritdiyi uğurlu təhsil siyasəti sayəsində Azərbaycanda fəaliyyətə başlayan və yüksək nəticələr qazanan Qafqaz Universitetinin rektoru, professor Erol Oralın qələmlərinin məhsuludur.
Hər iki ön sözün müəlliflərinin fikirlərindən doğan ümumi qənaət budur ki, dünyanın bir çox dövlətlərinin strateji maraqlarının kəsişdiyi, zəngin yeraltı və yerüstü sərvətlərə malik coğrafi-siyasi məkanda yerləşən müstəqil Azərbaycanı labüd təhlükədən, təzyiqlərdən və təhdidlərdən qurtarmaq, məmləkətimizin yeni dünya düzənində layiqli yer tutması üçün çox qısa zaman kəsiyində mümkün olmayanları yalnız böyük siyasətçi, zəkalı şəxsiyyət, qüdrətli dövlət xadimi Heydər Əliyev mümkün edə bilərdi və etmişdir.
1991-2001-ci illərdə Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişafını xronoloji ardıcıllıqla izləməyə imkan verən kitabı oxuduqca, bir daha dərk edirsən ki, tarixi rejimlərin ədalətsizliyi üzündən uzun illər bir-birindən ayrı düşmüş qardaş dövlətlərimizin münasibətlərinin yeni müstəvidə, yeni yöndə və məcrada tərəqqi tapmasının siyasi memarı və yorulmaz təşkilatçısı məhz Prezident Heydər Əliyevdir.
Məsələyə bu yöndən yanaşan redaktor da, naşir də tarixçilərə, siyasətçilərə, politoloqlara, ən nəhayət, geniş oxucu kütləsinə Azərbaycan-Türkiyə əlaqələrinin xronologiyasını, həmçinin bu əlaqələrin yaradılması və inkişaf etdirilməsində Azərbaycan Prezidenti Heydər Əliyevin müstəsna rolunu və xidmətlərini rəsmi tarixi sənədlər əsasında işıqlandıran sanballı bir kitab hədiyyə etmişlər.
X X X
Dekabrın 26-da “Gülüstan” sarayında kitabın təqdimat mərasimi olmuşdur.
Elm və mədəniyyət xadimlərinin, Milli Məclis deputatlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimi Qafqaz Universitetinin rektoru, professor Erol Oral açaraq, kitabın əhəmiyyətindən, Azərbaycan- Türkiyə əlaqələrinin inkişafında Prezident Heydər Əliyevin tarixi xidmətlərindən ətraflı danışdı.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, təhsil naziri Misir Mərdanov, Milli Məclisin regional məsələlər üzrə daimi komissiyasının sədri Zahid Qaralov, parlamentin deputatı Nizami Cəfərov, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov, Qafqaz Universitetinin prorektoru Niftəli Qocayev, “Fatih” Universitetinin əməkdaşı Əli Bayram, “Çağ” Öyrətim İşlətmələri şirkətinin rəhbəri Ənvər Özərən, Türkiyənin Bakıdakı səfirliyinin müşaviri Suat Akgün və başqaları çıxış edərək, bu sanballı nəşri ərsəyə gətirənlərin əməyini yüksək qiymətləndirdilər, kitabın elmi və ictimai əhəmiyyətindən geniş söhbət açdılar.