AZƏRBAYCAN-TÜRKİYƏ HƏRBİ ƏMƏKDAŞLIĞININ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Ordu generalı Şəhidlər xiyabanında, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla anmış, “Əbədi məşəl” və şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış xatirə abidələrinin önünə əklil qoymuş, xatirə kitabına ürək sözlərini yazmış və abidənin ətrafında ağac əkmişdir.
Sonra qonaq Müdafiə Nazirliyinə gəlmişdir. Burada onu müdafiə naziri, general-polkovnik Səfər Əbiyev qarşılamışdır.
Hər iki ölkənin dövlət himni səslənmişdir.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi fəxri qarovul dəstəsinin önündən keçmişdir.
Rəsmi qarşılanma mərasimindən sonra müdafiə naziri Səfər Əbiyev Hilmi Özkök və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Səfər Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, son illərdə ölkələrimiz və Silahlı Qüvvələrimiz arasında əməkdaşlıq genişlənmişdir. Bu, xalqlarımızın istəyinin və strateji maraqlarının bir olmasından irəli gəlir. Azərbaycana güclü ordu lazımdır və dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu istiqamətdə öz səylərini əzmlə davam etdirir. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı, əsasən, təlim və təhsil, müdafiə sənayesi, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı, Avratlantika məkanına inteqrasiya və enerji daşıyıcılarının təhlükəsizliyinin təmin edilməsi sahələrini əhatə edir.
Müdafiə naziri demişdir: “Biz bu il Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını (İPAP) qəbul etmişik və inanırıq ki, onun müddəalarının həyata keçirilməsində Türkiyə öz dəstəyini bizdən əsirgəməyəcəkdir. Biz bu gün Azərbaycan-Türkiyə hərbi əlaqələrinin genişlənməsindən məmnunluq duyuruq”.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunaraq bildirmişdir ki, Azərbaycan bu münaqişəni dinc yolla həll etmək istəyir. Lakin bu səylər bir nəticə verməsə, Silahlı Qüvvələrimiz işğal olunmuş torpaqları azad etmək iqtidarındadır.
Ordu generalı Hilmi Özkök görüşə görə təşəkkür edərək bildirmişdir ki, biz özümüzü yurdumuzda olduğu kimi hiss edirik. Ulu öndər Heydər Əliyev demişkən, biz bir millət, iki dövlətik. Bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımızı davam etdirməyə hazırıq. O demişdir: “Türkiyənin Avropa İttifaqına qəbul edilməsi Cənubi Qafqaz bölgəsinə də öz faydasını verəcəkdir”.
Hilmi Özkök Ermənistan-Azərbaycan münaqişəsinin həllinə toxunaraq qeyd etmişdir ki, zaman Azərbaycanın xeyrinə işləyir. Ermənistan isə iqtisadi baxımdan getdikcə zəifləyir. İnanırıq ki, bu amil Azərbaycana siyasi güc qazandıracaq, münaqişənin həlli üçün münbit şərait yaradılacaqdır. O demişdir: “Türkiyə Azərbaycanla əsgəri əməkdaşlığın vəziyyətindən məmnundur. Bu əməkdaşlıq iki qardaş dövlətin mənafeinə xidmət edir.”
Sonra tərəflər Azərbaycanın və Türkiyənin tarixi köklərinin, mədəniyyətlərinin, dil və din birliyinin, gələcək əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar açacağı barədə fikir mübadiləsi aparmışlar.
General-polkovnik S.Əbiyev Türkiyənin Avropa İttifaqının daimi üzvlüyünə qəbul olunması üçün müzakirələrin başlanmasına mane olan qüvvələr üzərində qazanılan diplomatik qələbə münasibətilə həmkarını təbrik edərək demişdir: “Türk xalqı tarix boyu bütün təzyiqləri cəsarətlə dəf etmiş və istəyinə nail olmuşdur”.
Ordu generalı Hilmi Özkök qeyd etmişdir ki, biz tarixi köklərimizin birliyini unutmadan işbirliyini davam etdirməliyik.
Görüşün sonunda Cənubi Qafqaz və Orta Şərq regionlarında mövcud hərbi-siyasi vəziyyət, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı iştirak etmişdir.