İQTİSADİYYAT
AZƏRBAYCAN-TÜRKİYƏ MÜŞTƏRƏK İQTİSADİ KOMİSSİYASININ İKİNCİ İCLASI
Yanvarın 31-də Nazirlər Kabinetində Azərbaycan-Türkiyə Müştərək İqtisadi Komissiyasının ikinci iclası olmuşdur. İclası komissiyanın həmsədri, baş nazirin müavini Abid Şərifov açaraq, Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrinin və iqtisadi əməkdaşlığın vəziyyətini təhlil etdi, qarşıya çıxan problemlərin həlli sahəsində görülmüş işlərdən danışdı.
A.Şərifov vurğuladı ki, Türkiyə ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Lakin ölkələrimiz arasında ticarət əlaqələrini, iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanlar hələ çoxdur. O, bildirdi ki, yaxın vaxtlarda 2010-cu ilədək olan dövrdə Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq barədə proqram hazırlanacaqdır. Həmin proqramda iki dost və qardaş ölkə arasında iqtisadi əlaqələrin hərtərəfli inkişaf etdirilməsi və genişləndirilməsi nəzərdə tutulacaqdır.
Türkiyənin dövlət naziri, Türkiyə-Azərbaycan Müştərək İqtisadi Komissiyasının həmsədri Rəşad Doğru ikitərəfli əməkdaşlığı yüksək dəyərləndirərək, dedi ki, qardaş ölkələrimiz arasında həlli mümkün olmayan heç bir məsələ yoxdur. O, Türkiyə ilə Azərbaycan arasında ticarət- iqtisadi əlaqələri daha da genişləndirməyin tərəfdarı olduğunu bildirərək dedi ki, bu iclası keçirməkdən məqsəd də məhz budur. Dövlət nazirinin fikirincə, ortaya çıxan bəzi maneələr, çətinliklər hər iki tərəfin səyi nəticəsində aradan qaldırılır.
Qarşıdakı on il ərzində Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunan cənab Rəşad Doğru onu da vurğuladı ki, hazırlanması nəzərdə tutulan proqram dövlətlərarası iqtisadi münasibətlərimizdə yeni mərhələ olacaqdır.
Dövlət naziri onu da xatırlatdı ki bu il iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 500 milyon dollara çatdırmaq imkanı vardır. Qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı hər iki tərəfin gördüyü tədbirlər buna şərait yaradacaqdır.
Iclasın sonunda yekun protokolu imzalandı. Protokolu Komissiyasının həmsədrləri, Azərbaycan baş nazirinin müavini Abid Şərifov və Türkiyənin dövlət naziri Rəşad Doğru imzaladılar.
Sonra mətbuat konfransı keçirildi, Abid Şərifov və Rəşad Doğru jurnalistlərin suallarına cavab verdilər.