AZƏRBAYCAN-UKRAYNA GÖMRÜKÇÜLƏRİNİN ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
Bu səfərin ölkələrimizin gömrük xidmətləri arasında səmərəli əməkdaşlığın daha da inkişafı üçün faydalı olacağını vurğulayan Kəmaləddin Heydərov Ukrayna-Azərbaycan əmkədaşlığının sürətlə inkişafının bütün sahələrdə özünü göstərdiyini, xalqlarımız arasında mövcud olan dostluq münasibətlərinin təməlinin ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirmişdir. O, Kiyev şəhərində ümummilli liderimiz Heydər Əliyevin və görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın abidələrinin ucaldılmasına görə Ukrayna dövlətinə təşəkkürünü bildirərək, ölkələrimizin gömrük orqanları arasında sıx əməkdaşlığın son illər daha da inkişaf edərək yeni mərhələyə qədəm qoyduğunu, bunun bariz nümunəsi kimi dövlətlərimiz arasında gömrük işi sahəsində imzalanmış bir sıra mühüm ikitərəfli sənədləri xatırlatmışdır.
DGK sədri Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya bu ilin iyun ayında dövlət səfəri zamanı gömrük sahəsində imzalanmış sazişin əhəmiyyətindən, GUÖAM çərçivəsində gömrük işinin inkişaf etdirilməsi, gömrük qaydalarının sadələşdirilməsi istiqamətindəki əməkdaşlıqdan, ölkələrimiz arasında xarici ticarət əlaqələrinin ildən–ilə artdığını konkret faktlarla diqqətə çatdırmışdır.
Nikolay Kalenski azərbaycanlı həmkarının fikirləri ilə razılaşdığını söyləyərək, Kiyevdə və Bakıda keçirilən görüşlərin mövcud əməkdaşlığı daha da inkişaf etdirməyə, dövlətlərimizin mənafeləri baxımından hər iki ölkənin gömrük strukturlarının sıx əlaqədə işləməsinə kömək göstərəcəyini vurğulamışdır. Qonaq demişdir ki, Azərbaycan və Ukrayna gömrük təşkilatlarının məqsədi mal dövriyyəsinin artmasına kömək göstərməkdən, yüklərin qısa vaxtda rəsmiləşdirilməsindən, qaçaqmalçılığa qarşı ciddi mübarizə aparılmasından, gömrük rəsmiləşdirmələri zamanı qanun pozuntuları cəhdlərinin qarşısının alınmasından ibarətdir. Biz hamımız səylərimizi birləşdirib qaçaqmalçılığa, qanunsuz silah, narkotik vasitələr və s. keçirmək istəyən qüvvələrə qarşı mübarizə aparmalıyıq.
Görüşdə bildirilmişdir ki, sentyabrın 7-də Bakıda “Ukrayna Dövlət Gömrük Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında” saziş imzalanacaqdır.
X X X
Ukrayna Dövlət Gömrük Xidmətinin sədri Nikolay Kalenski tanışlıq məqsədi ilə Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində, DGK Kinoloji Mərkəzdə, Bakı Baş Gömrük İdarəsində olmuşdur.