Azərbaycan Universitetində Nəsimi auditoriyası yaradılıb
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Universitetində Nəsimi auditoriyası fəaliyyətə başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, auditoriyada Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda ilk tədbir təşkil olunub. Rektor Səadət Əliyeva qeyd edib ki, Azərbaycan Universiteti auditoriyada il ərzində qüdrətli söz ustası Nəsiminin həyat və yaradıcılığını əks etdirən müxtəlif tədbirlərlə “Nəsimi ili”nə öz töhfəsini verəcək.
Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova bildirib ki, rəhbərlik etdiyi kafedra tərəfindən təşkil olunacaq mühazirə, dəyirmi masa və seminarlar vasitəsilə dahi şairin yaradıcılığının müxtəlif məqamları diqqət mərkəzində saxlanılacaq.
Kafedranın professoru Məhərrəm Qasımlı məruzəsində İmadəddin Nəsiminin milli kimliyi, yaşadığı dövr, dilinin leksik tərkibi, yaradıcılığının dil və üslüb xüsusiyyətləri, istifadə etdiyi obraz, motiv və rəmzlər, yaradıcılığını səciyyələndirən ictimai-siyasi zəmin, yaradıcılığında sufi və hürufi görüşləri, ardıcılları, Nəsimi ünvanı daşıyan şair və müridlər haqqında məlumat verib, şairin həyatı və yaradıcılığı ilə bağlı rəvayətlərə və mübahisəli məsələlərə aydınlıq gətirib.
Professor Qorxmaz Quliyev Nəsiminin və ədəbi irsinin dünya miqyasında tanıdılmasının istiqamətləri və əhəmiyyətindən danışıb. Qeyd edib ki, Nəsimi həm şəxsiyyət kimi, həm də yaradıcılığı, ədəbi irsi ilə vəhdətdə təqdim olunmalıdır.
Kafedranın dosenti Aytən Hacıyeva bildirib ki, sovet dövründə klassiklərimizin təhrif olunmuş şəkildə öyrənilməsi onların yenidən tədqiq olunması zərurətini yaradıb. Prezidentin müvafiq Sərəncamı Nəsimi irsinin tədqiqinə qayıdış olmalıdır.
Dəyirmi masa mövzu ətrafında müzakirələrlə başa çatıb.
Qeyd edək ki, “Nəsimi ili” tədbirlər planı çərçivəsində Azərbaycan Universitetində il ərzində bir sıra tədbirlər keçiriləcək, “İpək yolu” elmi jurnalı və korporativ informasiya jurnalı “Çağlayan”da Nəsiminin ədəbi irsi ilə bağlı publisistik yazılar və aparılan tədqiqatların nəticələri dərc olunacaq.