Azərbaycan Universitetinin “Kənd məktəblisinə dəstək” layihəsi davam edir
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Universitetinin “Kənd məktəblisinə dəstək” layihəsi çərçivəsində növbəti tədbir Şəmkir rayonunun Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbində reallaşıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, rektor Səadət Əliyeva başda olmaqla ali məktəbin bir qrup əməkdaşı və tələbələri orta məktəblə tanış olub, dərslərdə iştirak ediblər. Rəhbərlik tərəfindən məktəbə masaüstü kompüter dəsti, kitabxanaya bədii ədəbiyyat və dərslik daxil olmaqla 70 kitab hədiyyə edilib.
Gün ərzində IX-XI sinif şagirdlərinə Azərbaycan dili, ədəbiyyat, ingilis dili, tarix və informatika fənlərini tələbələr Fəranə Mikayılova, Sarvan Əliyev, Nigar Rəhimova, Hüriyyə Səlimova, Pənah Piralıyev, Ruslan Ağakişiyev, Xəyal İsmayılov, Səbinə Qəniyeva və Rövşən Saatov keçiblər. Dərslər proyektorlar vasitəsilə slaydlarla tədris olunub.
Ali təhsil müəssisəsinin nümayəndə heyəti məktəbin birinci sinif şagirdlərini də unutmayıb. 60-dan artıq birinci sinif şagirdinə Yeni il hədiyyələri təqdim olunub.
Məktəb rəhbərliyi və müəllimlər universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.